Bakı İnzibati Məhkəməsi məhkəmə deyil, bəs nədir?

Baxış sayı:
329

Nəsimi və Bakı Apellyasiya Məhkəməsi məhkəmənin məhkəmə olmadığını aktlaşdırıb (?)
 
Bakı İnzibati Məhkəməsi varisi olduğu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərarların icra olunmasını təmin etməyə tələbkar ərizə vermədikdə belə  borclu olsa da , xidməti vəzifəsini yerinə yetirməkdən imtina edir. Hətta  verdiyi ərizələri elektron kabinetdən qəbul etməkdən çəkindiyindən tələbkar Bakı İnzibati Məhkəməsindən 3-cü şəxs Maliyyə Nazirliyi vasitəsilə “məhkəmə qərarının icra olunmamasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbini Nəsimi məhkəməsinə təqdim edib.
İddia 15.11.2024-cü ildən hakim Əfsanə Heydərovanın icraatındadır. İşlərə baxılması müddətinin ən çoxu 4 ay olmasına baxmayaraq hakim 5 aydan sonra 02.04.2025-ci il tarixli 2 ayrı qərardadla ərizənin bir hissəsini baxılmamış saxlayıb, digər hissəsinə cavabdeh Bakı İnzibati Məhkəməsinin “inzibati orqan” olduğundan (?-M. B.) məhkəmədə baxıla bilməzliyi əsası ilə xitam verib. Məhkəmənin hər 2 qərardadından ayrı-ayrılıqda şikayət verilib. Tələbkar 1-ci dərəcəli Qarabağ əlili şikayətlərini Ali Məhkəmə Plenumunun ərizənin baxılmamış saxlanması haqqında vahid məhkəmə təcrübəsini formalaşdıran qərarına, MPM-ə uyğun əsaslandırıb: Bakı İnzibati Məhkəməsinin inzibati orqan yox, məhkəmə olduğunun sübuta ehtiyacı yoxdur; ərizənin, tələbin bir hissəsinin baxılmamış saxlanılması MPM-də yazılmayıb və işə məhkəmədə baxılmalı deyildirsə, ərizəçinin hansı orqana müraciət etməli olması göstərilməyib.
Şikayətləri təmin etməyən h. Əfsanə Heydərova onu ən geci 7 günə apellyasiya instansiyasına göndərməli olduğu halda 47 günə göndərib. Bakı Apellyasiya Məhkəməsi  2 ayrı şikayətə 3150/25 saylı  bir icraatla (?) baxıb  və təmin etməyib. Deyəsən, Bakı Apellyasiya Məhkəməsi qanunverici orqanın səlahiyyətini mənimsəyib, şikayətləri birləşdirib, topdan baxır. Bu harasıdır, Xumar Mərdanovanın sədri olduğu Vahid Sadıqov və Sabit Rüstəmzadədən ibarət heyət 2237/25 saylı işdə özünün 3 qərardadından (400 manat cərimə, vəkildən imtina, aşağı instansiyanın aktını qüvvədə saxlama) 3 ayrı şikayəti  topdan Ali Məhkəməyə göndərib və ali instansiya (Vüsalə Baxışova) da topdan baxıb mümkün saymayıb.
Ədalət adına deyək ki, Bakı Apellyasiya Məhkəməsi kassasiya şikayəti vermək üçün 1-ci dərəcəli Qarabağ əlili iddiaçıya dövlət hesabına vəkil ayırıb, amma 10 gün keçməsinə baxmayaraq şikayət hələ də tərtib olunmayıb.
Bakı İnzibati Məhkəməsini məhkəmə saymayan Bakı Apellyasiya Məhkəməsinin özünün məhkəmə hakimiyyətini həyata keçirməsi böyük şübhə doğurur. DTX məhkəmədə əməliyyat keçirə bilməz, amma Məhkəmə Hüquq Şurası  məhkəmənin qeyri-prosessual bazarlıq meydanına çevrilməsinin dövlət təhlükəsizliyinə təhlükə olduğundan bilgisiz deyil. Nə yazıq, Məhkəmə Hüquq Şurasının özü də məhkəmələrlə qeyri-prosessual ilişgidədir.
... Bakı Apellyasiya Məhkəməsinin sədri də Məhkəmə Hüquq Şurasının üzvüdür...
Məğrur BƏDƏLSOY
P. S. Bakı Apellyasiya Məhkəməsinin  özü 1-ci dərəcəli Qarabağ qazisini məhkəməyə müraciətinə görə 400 manat cərimə etməsindən məhkəməyə verilib. Yasamal məhkəməsi (h.Aytəkin Əsədzadə) də apellyasiya məhkəməsini məhkəmə saymayıb. Qərardaddan şikayət isə cərimə qərarını çıxaran heyətin özünə verilib.(??)