BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ ƏMƏLİYYAT... - Baş Prokurorluq həbs edilənlərin adlarını açıqladı / SİYAHI

Baxış sayı:
545

Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətləri birgə məlumat yayıb.Birgə məlumatda deyilir:

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılan əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunan malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Toplanan sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir".

 

 

Bakı Baş Gömrük İdarəsində həbslər davam edir.  Bakı Baş Gömrük İdarəsi rəisi Kənan Məmmədovun köməkçisi Elnur Quliyev də saxlanılıb.

Xatırladaq ki, həbsləri Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsi həyata keçirir.

***

15:01:

***

14.45:

Bakı Baş Gömrük İdarəsinin daha bir vəzifəli şəxsi həbs olunub. 

Belə ki, təqribən 1 saat öncə Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin Xüsusi prosedurlar şöbəsinin rəisi Aydın Eylazovu həbs ediblər.

Qeyd edək ki, dünən də Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. 

Əməliyyat zamanı içərisində İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.