Azərbaycanda qadına qarşı zorkılıq halları niyə artır?

Baxış sayı:
415

Unutmayaq ki, qadını azad olmayan cəmiyyət məhvə məhkumdur

Son dövrlər ölkədə qadına qarşı zorakılıq halları və qadın qətlləri adi hal alıb. Yəni elə bir gün yoxdur ki, mediada qadın zorakılığı və qətlləri ilə bağlı xəbərlərə rast gəlməyək. Bunun səbəbi qadının azad olmaması və kişidən asılı olmasıdır.
Yəni əsrlərdir nənə-babalarımızdan gələn "mental dəyərlər", "ailə dəyərləri" – “evin böyüyü kişidir, kişi nə deyirsə onun sözü qanundur”, “qadın ərə gedirsə onun ər evindən yalnız meyiti gəlməlidir”, “ər evində əzab, şiddət görsən də ailən üçün dözməlisən” kimi axmaq təfəkkürlər kişinin ailədə, cəmiyyətdə dominant mövqe tutmağına səbəb olmuş, qadını kişinin qulu halına gətirmiş və patriarxal cəmiyyət formalaşdırmışdır.
Yəni qadın dünyaya gözünü açan gündən qardaş, ata diqtəsi ilə oturub-durmalı, şəxsi həyatı ümümiyyətlə olmamalı, geyiminə, addımlarına qeyrət və namus simvolu hesab olunan ata evində ata, qardaş, ailə qurduqda isə ər nəzarət etməlidir. Məhz bu səbəbdən də qadınlar ailə üzvləri, həyat yoldaşları tərəfindən şiddətə məruz qalır, öldürülürlər.
Təkcə bu ay ərzində 6 qadın qətlə yetirilib, 3 qadın isə bıçaqlanıb. Bunlar hələ mediada ictimailəşən rəqəmlərdir. Təəssüf ki, qadın zorakılığı və qətlləri ilə bağlı dəqiq statistika aparan müstəqil mənbələr yoxdur. Halbuki, qadınlar anlamalıdırlar ki, o da kişi kimi azad doğulur və azad olmalıdır.
Kişi qadına diqtə edə, onun addımlarına nəzarət edə bilməz. Qadın qadın haqları aktivistlərinin vurğuladığı kimi qardaş qeyrəti, ata namusu, qaynana-qaynata, ər qulluqçusu deyil. Qadın atacağı addımlarla bağlı ailədə, cəmiyyətdə nəinki hər hansısa bir kişiyə, ümumiyyətlə heç kəsə hesabat verməli deyil. Qadın mühafizəkar cəmiyyətin normallaşdırdığı kimi, mütləq şəkildə ailə qurmaq, uşaq dünyaya gətirmək vasitəsi deyil.
Təəssüf ki, bizim ölkədə qadınlar öz hüquqlarını yetərincə bilmir. Ali təhsil almaq, öz karyerasını qurmaq, öz ayaqları üzərində dayanmaq, çalışmaq yerinə, gənc yaşda ailə qurub, bir ömür evdar qadın olmağı seçir. Əgər hansısa bir qadın ali təhsil aldıqdan sonra həm çalışıb, həm ailə qurmağı seçirsə, yanılır. Çünki heç bir kişi qadını özündən daha yüksək vəzifədə və pillədə görmək, daha yüksək maaş almasını istəməz. Kişinin ən qorxduğu şey dominant mövqeyini itirməkdir. Kişi istəyir ki, qadın hər zaman ona tabe olsun.
Evli bir qadının övladı olduqdan sonra həyat yoldaşı ona təzyiq göstərir ki, işdən çıx, evdar qadın ol. Ona görə də indiki dövrdə ən xoşbəxt qadın heç vaxt ailə qurmayan qadın hesab olunur.
Təəssüf ki, bölgələrdə orta məktəbi belə, bitirmədən 15-16 yaşlı qızların özlərindən 2 dəfə böyük - 30-35 yaşlı kişilərlə evləndirilməsi, yəni erkən nigahlar adi hal alıb. Təbii ki, orta məktəbi bitirməyən bir qadın cahil olur, nə ailədə, nə cəmiyyətdə öz hüquqlarını bilmir və bir ömür əzilməyə məhkum edilir.
Qanunla erkən nigah cinayət olsa da, təəssüf ki, bəzi hallarda cəzasızlıq mühiti olduğu üçün bundan çəkinmirlər. Nəinki çəkinmək, hətta bu cür neqativ hallar mediada ictimailəşdiyi halda belə, ailələr ümumiyyətlə narahat olmur. Hətta narahat olmaq bir yana, ilin əvvəlində televiziya verilişlərinin brirində erkən nigahla bağlı şikayətin ardınca rayona yollanan məşhur aparıcılardan biri və kanalın digər əməkdaşları oğlan evi və "bəy" tərəfindən hücuma məruz qalmış, kamerları sındırılmışdı. Bütün bunlar azmış kimi, ailə arxayınlıqla aparıcıya bildirmişdi ki, nə istəyirsiz edin, bu "toy" baş tutacaq.
Qanunlar o dərəcədə sərtləşdirilməlidir ki, heç kim erkən nigaha, o cümlədən nəinki qadına qarşı zorakılıq, heç qadına səsini belə yüksəltməyə cəsarət etməsin. Qanundan başqa, illərdir nənə-babalarmızın formalaşdırdığı "namus" və "qeyrət dağarcığı” "kişi” streotipi darmadağın olmadığı, yəni qadın azad olmadığı müddətdə ölkəmizdə qadına qarşı zorakılıq halları və cinayətlər sona çatmayacaq. Üstəlik, nəinki sona çatmayacaq, hər keçən gün artmağa davam edəcək.
Bu baxımdan, qadınlar öz hüquqlarını bilməli, heç kəsin onun həyatına müdaxilə etməsinə, azadlığını məhdudlaşdırmasına imkan verməməlidir. Unutmayaq ki, qadını azad olmayan cəmiyyət məhvə məhkumdur.
İlkin MƏMMƏDKƏRİMOV