“AZƏRBAYCANDA “5-Cİ KOLON” ZƏİFLƏMƏYİB, SADƏCƏ GERİ ÇƏKİLİB...” - Mürtəza Bünyadlı: ““Sputnik”in ölkəmizdə varlığı hər zaman təhlükə mənbəyi olub və olacaqdır”

Baxış sayı:
2560

““Sputnik Azərbaycan” Rusiyanın maraqlarına xidmət edir və lazım gəldikdə ölkədə gedən siyasi proseslərlə bağlı öz mövqeyini bəlli edəcək”

Son günlər soaial mediada Rusiyaya məxsus “Sputnik Azərbaycan” media platformasının anti-Azərbaycan fəaliyyəti qızğın müzakirə olunur. Millət vəkilləri, ziyalılar sözügedən media qurumunun bağlanmasını tələb edir.

Halbuki, illər öncədən “Hürriyyət” qəzeti “Sputnik”in Azərbaycan dövlətçiliyinə təhdid yaradan fəaliyyətini ifşa edəndə, əksər rəsmi qurumlar susurdu. Əksinə, istər 2013-2014-cü illərdə, istər də sonrakı dönəmdə prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov ya birbaşa, ya da müxtəlif şəxslər vasitəsilə redaksiya rəhbərliyinə təzyiq göstərərək, bu yazıların qarşısını almağa çalışırdı. Lakin biz həmin vaxt da redaksiyamıza zəng açan hər bir rəsmi, yaxud qeyri-rəsmi şəxsə Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən sözdə “media” şəbəkəsinin əməllərinə göz yummayacağımızı və bütün hallarda bu məsələdə geriyə addım atmayacağımızı bildirmişik.

Təbii ki, Əli Həsənovun bu məsələdə belə canfəşanlıq etməsi təəccüblü deyildi. Onun vəzifədə olduğu müddətdə hansı məzhəbə qulluq etdiyi hər kəsə məlumdur. Üstəlik, onu da unutmayaq ki, “Sputnik Azərbaycan” birbaşa Əli Həsənovun şəxsi obyektində fəaliyyət göstərirdi. Təbii ki, aylıq icarə haqqı da Əli Həsənova cibinə girirdi...

Yuxarıda qeyd etdiyimiz kimi, “Sputnik” media orqanı olmaqdan daha çox kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Heç də təsadüfi deyil ki, “Sputnik”in cəbhə xəttinə ezam olunan əməkdaşları hərbi sirlərimizi və digər məxfi məlumatlarımızı əldə etməyə çalışarkən, xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı. Bu haqda müxtəlif saytlarda materiallar dərc olunsa da, çox təəssüf ki, məhz Prezident Administrasiyasındakı bəlli şəxslərin müdaxiləsi ilə onlar qısa müddətdə sərbəst qalmışdılar.   

Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyik ki, Azərbaycanda Əli Həsənov və Ramiz Mehdiyev “cütlüyü”nün qılıncının dalı da, qabağı da kəsən dönəmlərdə “Hürriyyət” bu mövzuya müraciət edən azsaylı, bəlkə də yeganə media qurumu idi. Azərbaycan mətbuatında Ramiz Mehdiyevin, Əli Həsənovun adını çəkmək, onların havadarlıq etdiyi “Sputnik Azərbaycan”ın fəaliyyəti haqda tənqidi fikir söyləmək yasaqlandığı dönəmlərdə qəzetimizin səhifələrində sözügedən agentliyin destruktiv fəaliyyətinə dair onlarla məqalə dərc olunub. Amma nədənsə o zaman anası erməni olan Əziz Əliyevin “Sputnik Azərbaycan”a rəhbərlik etməsi nə Milli Məclisdə oturanları, nə də hansısa bir ziyalını narahat etmirdi.

Ən təəssüf doğuran məqam isə, qeyd etdiyimiz kimi, hər dəfə “Sputnik Azərbaycan” haqda yazanda Prezident Administrasiyasından bizə qarşı basqıların artması idi. “O yazıları çıxarın. Nə istəyirsiz axı?” - bu cür iradlarla tez-tez qarşılaşırdıq.

Bu gün isə proseslər tamamilə fərqli məcrada inkişaf edir. Prezident Administrasiyasında artıq nə Ramiz Mehdiyev, nə də Əli Həsənov var. O üzdən düşünmək olar ki, PA-dakı casus şəbəkəsi artıq zərərsizləşdirilib, yəni “5-ci kolon”un əsas simaları oradan uzaqlaşdırılıb, olsa da, xırda fiqurlar qalıb. Elə isə hazırkı vəziyyətdə “Sputnik”in Azərbaycandakı fəaliyyətinə nə kimi ehtiyac var? Niyə bu casus şəbəkəsinin fəaliyyətinə son qoyulmur?

Yeri gəlmişkən, hələ 10 il əvvəl bir sıra Avropa dövlətlərində, eləcə də ABŞ-da sırf casus fəaliyyətinə görə “Sputnik”in dövlət qurumlarına girişi yasaqlanmışdı. Amma bu gün, Azərbaycanda “5-ci kolon”un zəiflədiyi, sıradan çıxdığı iddia olunan ərəfədə “Sputnik”in ölkədə hələ də meydan sulaması, hətta bir çox rəsmi media qurumlarının belə  daxil ola bilmədiyi dövlət idarələrinə, informasiya mənbələrinə maneəsiz yol tapması nə ilə bağlıdır? Buna hansə qüvvələr şərait yaradır? Azərbaycan dövləti həqiqətənmi Rusiyadan ehtiyat edir, yoxsa hansısa başqa bir səbəb var?

Sözügedən suallara  tanınmış jurnalist,” "Sputnik Azərbaycan" agentliyinin sabiq əməkdaşı Mürtəza Bünyadlı ilə söhbətimiz aydınlıq gətirməyə çalışdıq. Qeyd edək ki, M.Bünyadlı 2017-ci ildə sözügedən qurumdakı fəaliyyətinə son qoyub. Səbəb isə qurumun yeritdiyi anti-Azərbaycan, anti-türk siyasəti olub. Elə həmin il “Hürriyyət”ə geniş müsahibə verən tanınmış qələm sahibi “Sputnik Azərbaycan”da baş verən pərdəarxası məqamları açıqlamışdı.

Mürtəza Bünyadlı ilə söhbətimizdə, müsahibimiz bir sıra yeni faktları da açıqlamaqla yanaşı, “Sputnik”in Azərbaycandakı fəaliyyətinə son qoymağın nə üçün mümkün olmadığına aydınlıq gətirdi: “Məsələ ondadır ki, 2013-cü il dekabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərmanı ilə “RİA Novosti” media qrupu rəsmi olaraq fəaliyyətini dayandırdı və onun  bazasında “RİA Novosti” brendindən istifadə edən “Russia Today” (“Rusiya bu gün”) Beynəlxalq Media Qrupu və “Sputnik” beynəlxalq informasiya agentliyi  yaradıldı. Hər iki qurum birbaşa Rusiya dövlətinin rəsmi orqanıdır və rəsmi müqavilə əsasında Azərbaycanda, eləcə də dünyanın 40-a yaxın ölkəsində fəaliyyət göstərir. Adıçəkilən qurumlar Rusiya Federasiyası tərəfindən maliyyələşdirilir və Rusiyanın xarici siyasətini həyata keçirir. Xatırlayırsınızsa, 2015-ci ildə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi dövrdə “Sputnik” açıq şəkildə Türkiyə dövlətçiliyinə qarşı çıxış edirdi. O dönəmdə “Sputnik”in fəaliyyəti Türkiyədə yazsaqlansa da, bir müddət sonra yenidən işini davam etdirmək icazəsi aldı. Qərb dövlətlərinin bir çoxunda “Sputnik”in dövlət qurumlarına girişi qadağan edilsə də, sözügedən qurum Amerika, Fransa, Böyük Britaniya, Almaniya kimi güc dövlətlərində keçirilən seçkilərə belə müdaxilə edərək, öz mövqeyini ortaya qoymağı bacardı.

Heç kəs üçün sirr deyil ki, “Sputnik Azərbaycan” Rusiyanın maraqlarına xidmət edir və lazım gəldikdə ölkədə gedən siyasi proseslərlə bağlı öz mövqeyini bəlli edəcək. Bu gün fikrini, mövqeyini sərt formada ifadə etməsə də, dolayısı yolla öz işini görür. Azərbaycan dövlətinin xarici siyasətində əsas prioritet məsələ Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ məsələsidir. “Sputnik” Azərbaycan həqiqətlərinin rusdilli auditoriya vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasında əngəllər yaradır”.

Murtuza Bünyadlı onu da  “Sputnik”in Azərbaycandakı fəaliyyətinə son qoyulması üçün Prezident Administrasiyasından kimin getməsi, kimin qalması elə də böyük əhəmiyyət kəsb etmir: “Çünki artıq qeyd etdiyim kimi, burada dövlətlərarası rəsmi razılaşma ilə fəaliyyət gösrtərən dövlət strukturundan söhbət gedir. Həmin strukturun ölkəmizdəki fəaliyyəti də məhz həmin qaydada dayandırıla bilər. “Sputnik”in ölkəmizdəki varlığı hər zaman təhlükə mənbəyi olub, var və olacaqdır. Ən təhlükəli məqam isə Ermənistanın Rusiyadakı Marqarita Simonyan kimi ermənilər, Dmitri Kiselyov kimi ermənipərəstlər sayəsində  Azərbaycanın informasiya məkanına müdaxiləsi və burada baş verən müəyyən proseslərə təsir etməsidir.  Təbii ki, Rusiya lazım gəldikdə öz maraqlarına uyğun siyasətini davam etdirəcək və heç kimsə bunun qarşısını ala bilməz. Mən bunu 2017-2018-ci illərdə də demişəm”.

Tanınmış jurnalist onu da dedi ki, Azərbaycanda “5-ci kolon”un zəifləməsi fikri ilə razı deyil: “Onlar zəifləməyiblər, sadəcə zaman-zaman geriyə çəkilirlər. Azərbaycan da Rusiyadan qorxmur, amma bəzi reallıqlar var ki, onlarla hesablaşmamaq mümkün deyil. Azərbaycan dövlətinin görən gözü də, eşidən qulağı da var və bütün proseslərə nəzarət edir”.

M.Bünyadlı onu da dedi ki, “Sputnik Azərbaycan” kimin rəhbərlik etməsi də böyük əhəmiyyət kəsb etmir: “Qurumun öz strategiyası, öz hədəfləri var və rəhbərliyə gələn şəxs də bu strategiyanı həyata keçirir, yəni Rusiyanin maraqlarına xidmət edir. ”Sputnik Azərbaycan”ın sabiq rəhbəri anası erməni olan Əziz Əliyev məhz erməni lobbisinin nəzarəti altında olduğu üçün ölkəmizə göndərilmişdi. Qurumun siyasəti Moskvadakı rəhbərlik tərəfindən tənzimlənib idarə olunur. “Sputnik”in hazırkı rəhbəri, Rusiya xüsusi xidmət orqanlarının polkovniki olduğu deyilən Vitali Denisov da təlimata uyğun fəaliyyət göstərir.

Bir daha deyirəm, rəhbərlikdə kimin olmasından asılı olmayaraq, “Sputnik” Rusiyanın dövlət qurumudur. Onun həyata keçirdiyi siyasət ekspansiya siyasətidir və dediyiniz “5-ci kolon”un öz mövqelərini, Rusiyanın mövqeyini xarici dövlətlərdə möhkəmləndirməsinə, həmin cəmiyyətlərdə oturuşmasına  xidmət edir. Ola bilsin, Rusiyanın əvvəlki təsir rıçaqları nisbətən zəifləyib, amma düşmən nə qədər zəif olsa belə, yenə də təhlükəlidir. Odur ki, hər an ayıq-sayıq olmalıyıq, sözügedən qurumun ölkəmizdəki fəaliyyətinə nəzarət etməliyik”.

RUNA