Azərbaycana koronavirusa görə xarici mütəxəssislər gətirildi - VİDEO

Baxış sayı:
2215

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup  xarici mütəxəssis Azərbaycana gəlib. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimatoloq və pulmonoloqlar  hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır. 

Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin  üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.