“AZƏRBAYCAN” NƏŞRİYYATINDA TALANAN MİLYONLAR... – Dövlətin külli miqdarda vəsaitini mənimsəyənlər məsuliyyətə cəlb olunacaq?

Baxış sayı:
3609

“Azərbaycan” nəşriyyatında baş verən neqativ olaylarla bağlı ölkə mətbuatında çox yazılıb. O cümlədən, Muxalifet.az saytı da dəfələrlə Azərbaycan jurnalistlərinin doğma evi olan bu məkanda mövcud olan problemləri medianın gündəminə gətirib.
Məsələn, keçmiş deputatlardan birinin oğlunun “Azərbaycan” nəşriyyatının binasında Disko Klub açması, eləcə də burada mediaya aidiyyəti olmayan şəxslərin stomatoloji kabinet, zərgərlik sexi, şirniyyat sexi və s. sahələrdə fəaliyyət göstərməsi haqda informasiyalar vermişdik. Həmçinin, “Azərbaycan” nəşriyyatının cəmiyyətdə böyük problemə çevrilən “reket” jurnalistlərin “yuvasına” döndüyü və bir çox problemlərin də məhz həmin binadan qaynaqlandığı haqda da çoxsaylı faktlar təqdim etmişik.
Şübhəsiz, hər dəfə də burada yaşanan biabırçılığın aradan qaldırılması ilə bağlı istər “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərova, istər də digər yetkili qurumların rəhbərlərinə müraciət etmişik. Lakin çox təəssüf ki, illərlə qaldırdığımız bu və digər problemlər hələ də öz həllini tapmayıb. Çünki “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərov Prezidentin keçmiş köməkçisi Əli Həsənovdan güc alaraq, nəinki göstərilən neqativ hadisələri aradan qaldırmağa cəhd etmiş, əksinə mövcud olan problemlərin üzərinə hər ötən gün yenilərini əlavə etmişdir.
Bu gün “Azərbaycan” nəşriyyatında baş verən problemləri yenidən gündəmə gətirməyimiz heç də təsadüf deyil. Birinicisi, nə qədər ki, “Azərbaycan” nəşriyyatında ənənəvi idarəetmə problemi qalacaq, oradakı neqativlərin, “reket” jurnalistlərlə bağlı biabırçı vəziyyətin və digər çatışmaqlıqların aradan qaldırılması mümkün olmaycaq. Nəticədə isə, Azərbaycan jurnalistikasında mövcud olan problemlər də davam edəcək.
Əlbəttə, bütün bunlarla yanaşı, “Azərbaycan” nəşriyyatının bərbad hala salınmasında, ərazisinin böyük hissəsinin qanunsuz olaraq satılmasında və müxtəlif yollarla dövlətdən külli miqdarda vəsaitin oğurlanmasında iştirak edən şəxslər, eləcə də neçə illərdir onların cinayətlərini ört-basdır edən yetkili qurumların rəhbərləri qanun qarşısında cavab verməlidir.
Yeri gəlmişkən, bu qanunsuzluqlarla bağlı təkcə “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərovu ittiham etmək doğru olmaz. Çünki onun himayəsində çalışan bir çox rəhbər şəxslərin və ayrı-ayrı əməkdaşların da adı zaman-zaman mətbuatda hallanıb. Məsələn, Azərbaycan prezidenti İlham Əliyevin ev hədiyyə etdiyi 255 nəfərin içərisində “Azərbaycan” Nəşriyyatının bir neçə mənzili olan rəhbər işçilərinin də adının olması etiraz doğurmuşdu. Bunlar Qasımova Yeganə Ağazəki qızı, Ləbibov Ləbib Rasim oğlu və Cəfərov Rauf Hüseynqulu oğlu idi.
Xatırladaq ki, dəyərli oxucularımız “Azərbaycan” Nəşriyyatı baş direktorunun 1-ci müavini Ləbib Ləbibovun fəaliyyəti ilə tanışdırlar. Belə ki, bir neçə həftə əvvəl “Azərbaycan” Nəşriyyatındakı obyektlərin icarəyə verilməsi və aylıq pullarının yığılması səlahiyyətinin Ağabəy Əsgərovun müavini Etibar Hümbətovdan alınıb, L.Ləbibovun oğluna həvalə edildiyi haqda yazmışdıq. Onu da qeyd etmişdik ki, bu pulların bir hissəsi nəşriyyat rəhbərliyindən gizlədilərək, mənimsənilir. Bu və digər səbəblərdən, kifayət qədər maddi imkanlara sahib olan Ləbib Ləbibovun “işdə olan nailiyyətləri” əsas gətirilərək mənzillə təmin edilməsi heç də ədalətli hesab olunmurdu...
O cümlədən, “Azərbaycan” Nəşriyyatının “uzaqvuran toplarından” olan Yeganə Qasımovanın da mənzilə ehtiyacı olmadığı çalışdığı kollektivdə çoxlarına bəlli idi. Görünür, məhz bu səbəbdən də onun adının təqdim olunması nəşriyyatda narazılıq yaratmışdı. Bu haqda bizə məlumat verən mənbə deyirdi ki, Y.Qasımova nəşriyyatda mənzilə ehtiyacı olan ən sonuncu işçilərdən olsa da, prezidentin ev hədiyyə etdiyi şəxslər sırasında onun adının olması yanlış bir seçim olub...
Həmin ərəfədə “Azərbaycan” Nəşriyyatının həqiqətən də mənzilə ehtiyacı olan əməkdaşlarını bir sual düşündürürdü: Yeganə Qasımova hansı xidmətlərinə görə, eləcə də Ləbib Ləbibov ona xidmət edərək hansı nailiyyətlərinə görə evlə təmin ediliblər?
Onu da qeyd etmişdik ki, “Azərbaycan” Nəşriyyatının rəhbər şəxsləri evlə təmin olunduğu bir ərəfədə, digər rəhbər şəxslər nəşriyyatın ərazisini satışa çıxarıb. Söhbət həmin ərəfədə Ağabəy Əsgərovun müavini vəzifəsində çalışan Etibar Hümbətovdan gedirdi...
Xatırladaq ki, E.Hümbətov “Azərbaycan” nəşriyyatının balansında olan 40 sot torpaq sahəsini (1 sotunun qiyməti 50 min manata) İran vətəndaşı olan iş adamına satılmasını təşkil edən şəxslərdən olub...
Bundan əlavə, “Azərbaycan” Nəşriyyatında qısa müddətə fəaliyyət göstərən “iN” Disko Klubunun, eləcə də digər çoxsaylı sexlərin fəaliyyəti haqda yazdıqdan sonra, rəhbərlik tərəfindən həmin yerlərin icarəyə verilməsi dayandırılmışdı. Bir müddət sonra isə, “Azərbaycan” Nəşriyyatının rəhbərliyi həmin “obyekti” icarəyə verməkdənsə, birdəfəlik satışa çıxarmaq qərarına gəlmişdi. “Nəşriyyat daxilindəki etibarlı mənbə bildirmişdi ki, hətta bu məqsədlə Əmlak Komitəsi, “Azərbaycan” Nəşriyyatının rəhbərliyi və  real müştərilərin iştirakı ilə həmin yerə bir neçə dəfə baxış keçirilib. “Buranın konkret olaraq neçəyə satıldığı haqda hər hansı bilgi əldə edə bilməsək də, yüksək məbləğdən söhbət getdiyi istisna olunmur” – deyə yazıda qeyd etmişdik.
Eynilə, “Azərbaycan” Nəşriyyatının balansındakı Abşeron rayon Xırdalan şəhərində yerləşən və böyük ərazisi olan kağız anbarı, həmçinin Xəzər rayonu Nardaran qəsəbəsində yerləşən 12 hektar topaq sahəsinin, həmçinin nəşriyyatın inzibati ərazisinin bir hissəsinin də satılması haqda məlumat vermişdik. Qeyd etmişdik ki, satış işləri ilə Ağabəy Əsgərovun ən yaxın adamları kimi tanınan “Azərbaycan” nəşriyyatının mətbuat katibi Yeganə Qasımova və baş mühəndis Ləbib Ləbibov məşğul olub...
Hansı ki, “Azərbaycan” nəşriyyatının arxasında yerləşən və qurumun balansında olan yataqxananın ərazisini də bu şəxslərin satdığı iddia olunurdu. Söhbət 5 sotdan çox torpaq sahəsindən gedirdi. Mənbə vurğulamışdı ki, sözügedən ərazi sotu 25 min manata İmişlidən olan müştəriyə satılıb.
Əlbəttə, bu faktlar “Azərbaycan” nəşriyyatı ilə bağlı neqativ olayların mətbuata sızan çox cüzi hissəsidir. Güman edirik ki, aidiyyəti qurumlar tərəfindən ciddi araşdırma aparılsa da, daha böyük yeyinti faktları ortaya çıxacaq...

Muxalifet.az
P.S. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.