Azərbaycan mədəniyyəti nədən çökdürülür?

Ölkədə teatr və mədəniyyət sahəsində demək olar ki, hər şey “ölüm sükunəti” bataqlığına gömülüb
XXI yüzildə mədəniyyət və incəsənətin dinamik şəkildə inkişafının düsturunu ancaq rejissor sənəti nizamlaya, onun inkişaf yollarını düzənləyə bilər. İndi rejissor sənətinin çoxçalarlı profilləri inkişaf eməkədir. Bu, həm də rejissorun önəmli olduğunu isbatlamaq deməkdir. Rejissorun yorumunda dinamizmi yüzilin ruhuna çevirmək dəyəri özünü təsdiq edir. Əslində, incəsənətdə rejissor yaradıcı və ideyaların müəllifi deyil, həyatın, dünyanın, çevrəmizdə nələr varsa onun təməlini incəliyinə kimi yorumlayan mütəxəssidir. Rejissorluq qrafik, boyakar, heykəltaraş, memar, texniki komplekslərin, ornamental dizaynın, sənaye incəsənətinin, şəhərsalma mədəniyyətinin, kinonun, teatr kölgəsinin, bədii publisistikanın, improvizə teatrının, teleincəsənətin, radioincəsənətin və digər sahələrin panoramasını yarada biləcək peşədir. Azərbaycanda isə bütün bunlar yox kimidir. Çünki, rejissor sənəti 20 ildən çoxdur ki, bəlirsiz bir məzarlığa gömülüb.
Statusu olmayan rejissor siyasəti və onun fəlakəti
Son 20 ildə rejissorun teatrda yarada biləcəyi ünlü sənət örnəklərinin yoxa çıxmasının tək səbəbi onun üç funksiyadan ibarət olan statusunun əlindən alınmasıdır. Ona görə də teatrlarda rejissorun iradəsi yoxa çıxıb. Rejissordan tələb olunan peşəkarlıq, mədəni baza və obrazın düşüncə tərzini düzənləmək arxa plana keçib. İstənilən rejossorun hazırladığı tamaşanın uğuru onun xarakteri və təcrübəyə əsaslanan düsturla ilgilidir. Bütün bunlar öz yerində olduğu zaman, tejissor hazırladığı tamaşada ümumiləşdirmə komponentlərini birləşdirməklə əsərin harmoniyasını çox asanlıqla qura bilir və bədii bütövlüyü aktyorların sayəsində sənətin zirvəsinə doğru yüksəltmək imkanlarını yaradır. Rejissorun bu uğuru həm də zaman və məkanın içindəki psixoloji şərtləri həll edir. Bu, klassik rejissorluq düsturunun bir parçasıdır.
Bəsit şəkildə olsa da, qeyd etməliyik ki, ən adi hüquqlarından məhrum edilən rejissor indi “əl dovşanı”nı xatırladır. İndiki çağdaş rejissor sənətinin təməlində duran üç başlıca şərti 20 ildir MTN (Mədəniyyət və Turizm Nazirliyi) yaxına buraxmaq fikrində deyil. Bu, cəmiyyətdə alternativ düşüncə ilə ictimai fikrin inkişaf etdirilməməsidir. Çünki, teatr cəmiyyətin bədii zövqünün və düşüncəsinin inkişafına təkan verə biləcək yeganə canlı sənət vasitəsi sayılır. Beləliklə yeni mədəni və bədii yaradıcılıq sahəsində yaranan baxışların ilkin laboratoriyası kimi qəbul olunur. Teatrda hansı estetik uyum baxışları öz təsdiqini tapırsa, sonradan həmin sahələr digər sənət məkanlarında özünü asanlıqla sübut edə bilir.
Teatrda yaradıcılıq işi baxımından repertuarı və aktyor truppasını da formalaşdıran rejissordur. Ancaq bu üç təməl prinsip 20 ildir Azərbaycanda rejissorların əlindən alınıb. Halbuki, hər bir rejissorun öz estetik düşüncə prinsipi vardır. Yalnız bu yolla teatrda sənəti yüksəkliyə qaldırmaq mümkündür. Bütün bunları MTN tərəfindən dolaşıq kələflərin çamuruna bulaşdırmaq gerçəkdən rejissor sənətini hər addımda aşağılayan bir siyasət olaraq görülür. Məkrlərlə dolu olan bu hədəf “direktor teatrı” və “bədii rəhbər” statusunun içində düyünlənib. Ona görə də teatrlarda baş rejissor və adi rejissorların statusları havada qalıb.
Mərhum, görkəmli teatr xadimi Hüseynağa Atakişiyev sonuncu baş rejissor idi ki, bütün haqsızlıqlara qarşı mümkün qədər dirənişlər göstərdi. Əgər teatrda rejissorun repertuar siyasətini qurmağa direktor və MTN rəhbərliyi, özəlliklə burada 23 ildir teatr siyasətinə sorumlu olan Ədalət Vəliyev imkan vermirsə, bunun özü teatr sənəti üçün böyük bir rəzalətdir. Teatrlarda repertuar məsələsi demək olar ki, MTN-nin səlahiyyətinə keçib. Beləliklə də mədəniyyət üzərində avtoritarizm siyasəti üstün səviyyəyə qaldırılıb.
Teatrı çökdürən digər səbəblər
Bu gün Azərbaycanda epik və dramatik teatr anlayışı tamamilə çökdürülüb. O zaman sual yaranır ki: “Azərbaycan teatrı haraya gedir?”. Bunun cavabı belədir: “Teatrda düşüncə inzibati amirlik metoduna pərçimlənib”. Sübut kimi onu qeyd edə bilərik ki, teatrlarımızda peşəkar rejisorlarımıza 5-6 ildə bir dəfə tamaşa qoymağa izin verilir. Həmin tamaşalara “yaşıl işıq” yandırılması üçün MTN tərəfindən yaradılan və idarə edilən hərbə-zorbalıq “dolayı şərtlər”lə irəli sürülür.
Azərbaycanda teatrların repertuarına diqqətlə baxdıqda görünən odur ki, təcrübəsi olmayanlara, istedadlı rejisor kimi parlamayanlara yetərincə tamaşalar hazırlamaq üçün münbit şərait yaradılıb. Ona görə ki, MTN-də teatr siyasətini yürüdən nazirin əbədi və müdrik müavini Ədalət Vəliyev bilmir ki, rejissor sənəti idarə olunan deyil, idarə edən deməkdir. Rejissorluq təklərin sənətidir. MNT-də isə tamamilə fərqli düşünülür: “Rejissorlar bizə tabe olmalıdırlar. Sənət baxımından ya sınmalıdırlar, ya da ömrü böyu ac qalmalıdırlar.”
Azərbaycanda rejissor sənətini özlərinə peşə seçənlərin demək olar ki, gözünü, qulağını, ağzını və hətta qafalarını bağlamışlar. Onlardan tələb olunan budur ki, sənətin işıqlı anlamlarını görə, danışa və düşünə bilməsinlər. Mədəniyyət və incənəsənət elə bir sahədir ki, sənətin daim liderləri olmalıdırlar. Çünki teatr və rejissor sənəti mədəniyyətin demokratik düşüncə sistemidir. Faktiki olaraq bu gün ölkədə kövrək şəkildə olsa da, alternativ düşüncə düzəni var. KİV-lər, QHT-lər və siyasi partiyaların mövcudluğu bunun təsdiqidir. Cəmiyyətin bütün çalarları bu harmonik düzənlə inkişaf edir. Təkcə teatr və mədəniyyət sahəsində demək olar ki, hər şey “ölüm sükunəti” bataqlığına gömülüb. Teatrlarda rejissorların bütün hüquqları əllərindən alınıb və bürokrat direktorlara həvalə edilib. Tamaşanın rollarını da dikretorlar bölüşürlər. Beləliklə teatrın zaman və məkan şəraitində mədəniyyət hadisəsi yaratması, cəmiyyətin düşüncə tərzinin inkişafına təsir imkanları yoxa çıxıb. “Repertuar teatrı” anlayışı primitiv şəkildə olsa da, senzuraya uğradılıb. Beləcə yaradıcı teatr mühiti rejissorlara qarşı münasibətdə özünü təsdiq edə bilmək imkanından məhrumdur. Dramaturgiyanı, rejissor sənətini və teatrı bayağı şou təfəkkürünə calamaq, onu vampircəsinə aşağılamaq olmaz. Cəmiyyət kübarcasına və intellektual səviyyədə o zaman inkişaf düsturlarını çözür ki, mədəniyyət düzəni həmin standartlara uyğun olur. Biz bunun qarşılığında nələri görürük? Rejissorun quruluş verdiyi və hətta üstüörtülü şəkildə demək istədiyi fikirləri ifadə etmək problemə çevrilib. Elə bil ki, rejissor sənəti “mədəniyyət feodalları”nın umurunda deyil. Halbuki, çağdaş rejissor sənətinin prinsipləri, səhnəqrafiyanın tələbələrini dinamizmini irəli aparmaq üçün ən yararlı peşə sayılır. Azərbaycanda bütün bunlar yox kimidir. Nadir hallarda rejissorun quruluş verdiyi tamaşa teatr mühitində yaxşı mənada müzakirə predmetinə çevrilir. Əksər tamaşaların ideya-bədii məzmunu ona görə zəif olur ki, rejissorun istədiyi yorumu səhnəyə gətirmək qeyri-mümkündür.
MTN-də 23 ildir nazir müavini görəvində çalışan Ədalət Vəliyev və onun komandanlığı altında teatrlardakı direktor bürokratlar rejissoru və bu sənəti heçə sayırlar. İnzibati amirlik metodu ilə idarəetmənin sonucunda itirən isə teatr sənətidir. Bütün bunlar azmış kimi, rejissorların və aktyorların aylıq məvacibi heç gündəlik tələbatlarına belə yetmir. Onların tək anladıqları bir şey varsa, o da teatrı uzun illərdir ac-yalavac yaşamağa məhkum etməkdir. Rejissor və aktyorların alın təri ilə qazanılan gəlirləri ədalətsizcəsinə yağmalamaqdır. Dünyanın heç bir ölkəsində bizdə olduğu kimi teatra ögey münasibət sərgilənmir. Rejissoru heç saymaq, teatrın məzarını qazmaq kimi başa düşülməlidir.
Akademik Milli Dram Teatrında rejissor qıtlığı
Altı ildir MTN və nazir müavini Ədalət Vəliyevin apardığı antiteatr düzənində ölkənin ana teatrı Akademik Milli Dram Teatrı rejissor ştatlarının ləğvi kimi böhranla üz-üzə qalıb. Bir yandan ölkə teatrlarında rejissorların hüquqları tamamilə əlindən alınır, o biri yandan tədricən eksperimentə çevrilmiş bir üsulla bütün rejissorların birbaşa MTN-ə, yəni nazir müavini Ədalət Vəliyevə tabe etdirilməsi anormal hal sayılsa da, indi belə bir standart tamamilə rəsmiləşdirməyə çalışılır. Beləliklə rejissorlar hansısa bürokratın süni şəkildə iradəsinə tabe etdirilir. Halbuki, ölkə prezidentinin “Azərbaycan Teatrının on illik inkişafı haqqında” (2009-2019-cu illər) məşhur sərəncamının bütün şərtləri sübut edir ki, inzibati amirlik metodu ilə teatr idarə olunmamalıdır. Teatrda rejissor olmalıdır və onun iradəsi əsas şərt sayılır.
Prezidentin sərəncamına qarşı sayğısızlığı sübut etmək çox asandır. İstənilən teatrda yeni tamaşa səhnəyə qoyulan kimi, dərhal televiziya kanallarında rejissorun deyil, direktorların “hesabatdolu” çıxışlarını görmək çətin deyil. Direktorların çıxışlarında isə sənətdən savayı hər şeyi dinləmək mümkündür. Onların çıxışlarının məzmunu isə “təsərrüfat” xarakterli məzmundan ibarət olur. Halbuki, rejissorun quruluş verdiyi tamaşa haqqında çıxışı yaradıcılıq atmosferi üzərində köklənir. Bizim fikrimizcə ölkəmizdə peşəkar və öz işini mükəmməl bilən yetərli sayda rejissorlar vardır. Onların istedadını nümayiş etdirmək imkanlarının məhdudluğu məsələsində isə suçlu teatrların direktorları, MTN və bu sektora cavabdeh olan bürokratlardır. Uzun müddət apardığımız araşdırmaların sonucu olaraq təklif edirik ki, hər bir teatrda ildə üç-dörd tamaşanı ayrı-ayrı rejissorlar hazırlasınlar. Bu növ yanaşma teatr mühitinə demokratizmi gətirə bilər. Rejissorlar MTN və onun əbədi və müdrik müavini ilə deyil, teatrların özü ilə müqavilə əsasında tamaşalar hazırlamaq statusu ilə çalışmalıdırlar.
2015-ci il 15 sentyabr tarixində Azərpaşa Nemətov Akademik Milli Dram Teatrına bədii rəhbər və direktor təyin olunan gündən mövcud neqativ halların çoxunu həll etməmişdir. Elə teatrda doqquz ayda başqa bir rejissor tərəfindən yeni tamaşanın hazırlanmaması bu faktı təsdiq edir. Teatrda rejissor sənətinin ierarxiziyasının çöküşünü müşahidələrimiz təsdiq edir. Məşhur alman teatrşünası Hans-Tis Leman haqlı olaraq qeyd edir ki: “Yaradıcılıq mühitinin inkişafı üçün rejissor öndə olmalıdır. Rejissor truppanı yaradaraq və mövcud problemə məhəl qoymadan öz işini davam etdirməlidir. Çağdaş dramaturgiya rejissorun interpretasiyası ilə səhnə təfəkkürünə uzlaşdırıldıqda yaradıcılıq uğurları qazanılır. Özəlliklə posdramaturji teatr anlayşı rejissorun daha üstün səviyyədə sərbəstliyinə köklənir”.
Teatrın transgress standartı günümüzün fenomenal yaradıcılıq uğurlarının vasitəsinə çevrilib. “Məbəd Teatr” anlamı “Konstruktiv Teatr” baxışları artıq rejissorların sayəsində iç-içə inkişaf etməkdədir. “Rejissor Teatrı” anlamını qəbul etməmək, onun statusunu bəlirsizliyin məngənəsində sıxıb əzmək siyasətini ancaq MTN adlı qurum icad edə bilər. Çox təəssüflər olsun ki, Azərbaycan teatrının gerçəkliyi budur. Həyat fəlsəfəsini rejissor sənətinə bağlayan, milli teatr siyasətimizi inkişaf etdirmək istəyən insanları teatrdan və sənətdən uzaq saxlamaq, ona minnətlə hansısa tamaşaya quruluş vermək imkanlarını yaratqmaqla daha ağır yaşamın içində əzmək Azərbaycan Teatrının acı həqiqətidir. MTN və Akademik Milli Dram Teatrında baş verənlər, xüsusən də rejissorlara ögey münasibət bütün bunların təsdiqidir.
Ənvər Börüsoy