Azərbaycan Kəlbəcərdəki erməni hərbi birləşməsinin komandirini və daha bir zabitini axtarışa verdi - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
1598

Azərbaycanın Baş prokurorluğu işğal altındakı Kəlbəcərdə yerləşən erməni hərbi birləşmələrindən birinin komandiri, polkovnik Vazgen Vartanyan və həmin hərbi hissənin tağım komandiri Armen Camalyan barəsində bir neçə maddə üzrə cinayət işi qaldırıb. Və onların barəsində qiyabi həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verib. Məhkəmə işğalçı qüvvələrin bu iki zabitinin barəsində həbs qətimkan tədbiri seçib və onların barəsində beynəlxalq axtarış elan edilib.

Muxalifet.az xəbər verir ki, Baş prokurorluğun mətbuat xidmətinin bu gün yaydığı bəyanatda belə deyilir.

Bəyanatda vurğulanır ki, Ermənistan  yeni təxribat planları hazırlayaraq ən yüksək siyasi səviyyələrdə əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. Son aylar Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə hər vəchlə vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir.

Baş prokurorluq bildirir ki, Ermənistan tərəfinin cəbhə xətti boyu təxribat xarakterli vaxtaşırı hücumları sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Bəyanatda avqustun 23-də cəbhənin Goranboy istiqamətində əsir götürülən erməni zabiti, baş leytenant Qurgen Alaverdiyanın Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə diversiya əməliyyatına cəhd etməsi, lakin Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilməsi xatırladılır.

Habelə bildirilir ki, 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə iriçaplı artilleriya qurğularından istifadə etməklə mövqelərimizi ələ keçirmək məqsədilə atəşə tutub. O cümlədən təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini hədəfə alıb, mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

İyulun 12-dən başlayaraq Qazax rayonunun Xanlıqlar, Tovuz rayonun Ağdam və Dondar Quşçu kəndlərində dinc mülki əhaliyə qarşı törədilmiş, həmçinin avqustun 23-də diversiya-kəşfiyyat qrupunun icra etdiyi cinayət əməllərinin davam edən hərbi qarşıdurma fonunda baş verməsi Ermənistan silahlı qüvvələri tərəfindən planlaşdırılaraq törədilməsi və eyni xarakterli olması nəzərə alınmaqla həmin faktlarla bağlı başlanmış cinayət işləri bir icraatda birləşdirilərək Cinayət Məcəlləsinin müvafiq maddələrinə tövsif edilməklə sülh və insanlıq əleyhinə olan cinayətlər kimi qiymətləndirilib.

Baş prokurorluq daha sonra bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz formalaşdırılmış silahlı birləşmənin kəşfiyyat bölüyündə tağım komandiri olan Qurgen Alaverdiyan avqustun 23-də xidmət etdiyi qanunsuz silahlı birləşmənin komandiri Vazgen Vartanyanın göstərişi ilə 2 nəfər erməni hərbçisi ilə - Armen Camalyan və istintaqın hazırki mərhələsində şəxsiyyəti məlum olmayan digər şəxslə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərinə basqın etməsi, habelə çoxsaylı mütəşəkkil dəstələrdən təşkil edilmiş cinayətkar birliyin (təşkilatın) digər üzvləri ilə birlikdə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlaması, gəzdirməsi və qanunsuz olaraq döyüş sursatını, partlayıcı maddələri daşıması, cinayətkar birliyin (təşkilatın) tərkibində odlu silahdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması təhlükəsi yaradan partlayışlar, yanğınlar törətməyə, yəni terrorçuluğa cəhd etməsinə, cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iki nəfərdən çox üzvlərini milli ədavət və düşmənçilik niyyəti ilə, eləcə də terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd etməsi, həmçinin çoxsaylı mütəşəkkil dəstələrdən təşkil edilmiş cinayətkar birliyin (təşkilatın) tərkibində partlayışlar törətməyə cəhd etməsi barədə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, Ermənistan vətəndaşları, Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunda yerləşən postlarında müdafiəni təşkil edən qanunsuz silahlı birləşmənin komandiri Vartanyan Vazgen Baxşikoviç və tağım komandiri Camalyan Armen Gneloviçin də eyni əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 276 (casusluq), 279.2 (silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə), 318.2-ci ( qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 29, 214.2.3 (terrorçuluğa cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Baş Prokurorluğun təqdimatı əsasında məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Baş Prokurorluq tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.