“AZƏRBAYCAN 44 GÜNLÜK SAVAŞDA TƏKCƏ ERMƏNİSTANI DEYİL, ONU MÜDAFİƏ EDƏN DÖVLƏTLƏRİ DƏ MƏĞLUB ETDİ” – ADP “Zəfər Günü” ilə bağlı bəyanat yaydı

Baxış sayı:
314

Azərbaycan Demokrat Partiyası qarşıdan gələn “8 Noyabr - Zəfər Günü” münasibətilə bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a daxil olan bəyanatda deyilir:
ADP hesab edir ki, ötən il 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsinin böyük qələbə ilə başa çatması torpaqlarımızın 30 ilik işğalına son qoymaqla yanaşı, 1 milyona yaxın qaçqınımızın öz dədə-baba yurdlarına qayıtmasına şərait yaratmış, eləcə də xalqımızın və millətimizin üzərində uzun illər mövcud olan məğlubiyyət kompleksini aradan qaldırmışdır. Bu qələbə İslam və Türk dünyasının son 100 ildə əldə etdiyi parlaq qələbədir, bu qələbənin təkcə regional deyil, həm də qlobal nəticələri vardır. Artıq ərazilərinin bir qismi işğal altında olan dövlətlər – Ukrayna və Gürcüstan Azərbaycanın nümunəsini əsas götürərək, işğal altında olan torpaqlarının azad olunması istiqamətində səylərini gücləndirmiş oldular.
Azərbaycan Ordusu bu müharibədə ən müasir yeni hərbi texnologiyalara əsaslanan 5-ci nəsil müharibə nümunəsini göstərərək, dünyanın ən nüfuzlu orduları üçün yeni bir müharibə təcrübəsini ortaya qoydu. Eyni zamanda, Azərbaycan bu müharibədə təkcə Ermənistana deyil, uzun illər ərzində Ermənistana hərbi, siyasi və mənəvi dəstək verən qüvvələrə də qalib gəlmiş oldu.
ADP bəyan edir ki, bu qələbənin təmin edilməsinin əsasında ölkədə müharibə dövründə yaranmış milli həmrəylik, müxalifət-iqtidar, xalq-dövlət birliyi, o cümlədən Azərbaycan zabitlərinin peşəkarlığı, rəşadəti və Azərbaycan əsgərlərinin fədakarlığı dayanır.
ADP 44 günlük İkinci Qarabağ savaşında qardaş dövlətlər – Türkiyə və Pakistanın Azərbaycana hər cür dəstək verməsini yüksək dəyərləndirdiyi bildirir, eləcə də haqq işimizdə yanımızda olan Əfqanıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Bosniya və Hersoqovina, Gürcüstan, Ukrayna, İsrail, Macarıstan və Moldova kimi dövlətlərə də minnətdarlığını ifadə edir.
ADP 44 günlük İkinci Qarabağ savaşının qələbə ilə başa çatmasına əsasən bildirir ki, milli həmrəyliyin yarandığı və bütün qüvvələrin bir nöqtəyə vurduğu yerdə milli problemləri çox asanlıqla həll etmək mümkündür.
ADP İkinci Qarabağ savaşının qələbə ilə başa çatması nəticəsində Turanın yaradılması istiqamətində yeni şansların və Türk-İslam birliyinin yaranması istiqamətində yeni imkanların yarandığını və bu şanslardan və imkanlardan yararlanmağın vacibliyini bildirir.
ADP Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən Şəhidlərə Allahdan rəhmət, qazilərimizə can sağlığı, eyni zamanda bu gün Azərbaycana xidmət edən əsgər və zabit heyətinə millətimizin və xalqımızın azadlığı naminə bundan sonra da əzmkarlıq arzulayır.
ADP 44 günlük İkinci Qarabağ müharibəsinin böyük qələbə ilə başa çatmasının 1 ilinin tamam olması və “8 noyabr – Zəfər Günü” münasibəti ilə Azərbaycan xalqını, millətimizi, Türk və İslam dünyasını təbrik edir.
ADP Azərbaycan xalqının bundan sonra da qarşısında duran bütün problemlərini milli həmrəyliklə və bütün qüvvələrin bir araya gəlməsi ilə həll etmək iqtidarında olduğunu bəyan edir.
 
Muxalifet.az