AZAL Bakı-Naxçıvan reyslərinin sayını azaltdı

Baxış sayı:
286

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Naxçıvana və əks-istiqamətdə həyata keçirilən reyslərin sayını 4-dən 3-ə endirib.

Bu barədə AZAL-dan məlumat verilib.

Məlumata görə, aviareyslərin sayının azaldılması tələbatın az olması ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. Belə ki, bu ayın sonuna qədər saat 16:20-də yerinə yetirilən uçuş olmayacaq. Aviarayeslər gündə 3 dəfə - saat 8:00, 13:40 və 19:20-də həyata keçiriləcək. Mayın 1-dən isə uçuşların gündə 4 dəfə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılır. Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı aviaşirkətin çağrı mərkəzinə "WhatsApp" mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət edilməlidir:

- Bakı-Naxçıvan reysləri üçün:

WhatsApp: +994 55 204 65 54;

- Naxçıvan-Bakı reysləri üçün:

WhatsApp: +994 60 487 30 11.

Aviabiletləri həmçinin fevralın 1-dən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrindən əldə etmək mümkündür.

Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 sm ölçüdə portativ kompüter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kq-dır, ölçüləri üç ölçünün cəmində 158 sm-dən artıq olmamalıdır.