AVROPA HAVA MƏKANINI BELARUSUN ÜZÜNƏ BAĞLADI - Rəsmi qərar açıqlandı

Baxış sayı:
330

Avropa İttifaqı bu gündən etibarən öz hava məkanını Belarusun aviaşirkətlərinə rəsmən bağlayıb. Avropa İttifaqı Şurasının qəbul etdiyi qərara əsasən istənilən Belarus aviaşirkəti üçün ittifaqa üzv ölkələrin hava məkanına daxil olmaq qadağan edilir.

“Şənbə günü gecə yarısından etibarən Belarus aviadaşıyıcılarının istənilən təyyarəsinə Avropa İttifaqı üzərindən uçmaq və ya eniş etmək, tranzit uçub keçmək qadağan edilir”,-Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bəyan edib.

Rəsmi qərarda deyilir ki, qadağa humanitar reyslərə, habelə qəza enişlərinə və fövqəladə vəziyyətlərlə bağlı uçuşlara aid deyil. Bu qərar Avropa İttifaqının “Ryanair” şirkətinin təyyarəsinin qırıcıları havaya qaldrmaqla Minskdə məcburi endirilməsinə cavab olaraq Avropa İttifaqının Belarusa qarşı tətbiq edəcəyi məhdudiyyətlərin bir hissəsidir. Gözlənilir ki, yaxın günlərdə Belarus hakimiyyəti nümayəndələrinə qarşı sanksiyalar da tətbiq ediləcək.

Şarl Mişel deyib ki, bir sonrakı mərhələdə Belarus iqtisadiyyatının ayrı-ayrı sektorlarına qarşı sanksiyalar da planlaşdırılır. Bundan əvvəl ABŞ Belarusun neft-kimya kompleksinə qarşı sanksiyalar tətbiq etmişdi və öz hava məkanını bu ölkənin üzünə bağlamışdı.

“Ryanair” şirkətinin Afinadan Vilnüsə uçan təyyarəsi mayın 23-də Minksə məcburi endirilib, təyyarənin sərnişinləri arasında olan müxalif bloqer, NEXTA telegram-kanalının baş redaktoru olmuş Roman Protaseviç və onun rəfiqəsi həbs edilib. Bu hadisə geniş beynəlxalq qalmaqala səbəb olub.