AĞ EVİ 2024-DƏ NƏ GÖZLƏYİR? - Tramp addım-addım prezident postuna qayıdır...

ABŞ tarixinin ən mübahisəli prezidentlərindən biri olan Donald Tramp itirdiyi kreslosunu Co Baydendən geri almaq üçün qollarını çırmalayıb. Noyabrda Konqresə keçiriləcək aralıq seçkilərə hazırlaşan Trampın dəstəklədiyi namizədlər ilkin mərhələdə bir-bir qalib gəlir. Namizədlər Trampın dəstəyi ilə seçilərsə, Nümayəndələr Palatası, Senat və vilayət qubernatorlarının dəstəyini alan keçmiş prezidentin qarşısında yeganə maneə Demokrat Partiyasını seçki qutusunda məğlub etmək olacaq. Bəs, bu ehtimal nə dərəcədə yüksəkdir? Tramp geri qayıda bilər?
Noyabr ayında ABŞ-da keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasının 435 üzvü, 100 nəfərlik Senat və əyalət qubernatorlarının hamısı müəyyənləşəcək. Ohayo və İndiana ştatlarında keçirilən ilkin seçkilərdə Trampın dəstəklədiyi 22 namizədin hamısının rəqibləri üzərində üstünlük təşkil etməsi eks-prezidentin Respublikaçılar üzərindəki çəkisinin davam etdiyini ortaya qoyur.
Beləliklə, Trampın dəstəyini almaq senator namizədlər üçün seçkidə qalib gəlməyə bərabər hesab oluna bilər.
“BİR BİRLİKDƏ QAYIDACAĞIQ”
Prezident kreslosunu Co Baydenə uduzan Trampın ilk günlər öz küncünə çəkilib-çəkilməyəcəyi maraq doğururdu. 2021-ci ilin yanvarında az qala Ağ Evin arxa qapısından qovulan Tramp, varisi Baydenin andiçmə mərasimindən bir neçə saat əvvəl Vaşinqtonu tərk edərkən vida nitqində “Biz qayıdacağıq! Tezliklə yenidən görüşəcəyik”, - deyə mesaj vermişdi.
Seçki dönəmində uduzsa nə edəcəyi ilə bağlı zarafat edən Tramp açıq şəkildə demişdi: “Bundan sonra heç vaxt pəncərə sifariş etməyə geri dönə bilmərəm, bu, çox darıxdırıcı olardı”, - deyə, istənilən şəraitdə prezidentlik uğrunda mübarizə aparacağına işarə etmişdi.
Bəs, Tramp Respublikaçılar Partiyasının əvəzsiz namizədinə necə çevrildi? ABŞ tarixinin ən radikal prezidenti özünü partiya sıralarında necə təsdiqlədi?
Qeyd edək ki, prezidentliyi dövründə qəribə açıqlamaları, bitib-tükənməyən qalmaqalları və irqçi bəyanatları ilə ABŞ-ın ən ziddiyyətli prezidenti kimi tarixə düşən Tramp sol və liberal dairələrin sıx tənqidinə məruz qaldı. Lakin ictimai təzyiqə və pandemiya zamanı “ölümcül” səhvlərinə baxmayaraq, Tramp 2016-cı il prezident seçkilərindən daha çox səs toplaya bildi. Uduzduğu seçkidə afroamerikalı (12 faiz) və ispan (32 faiz) seçicilərdən aldığı səsləri artırması Trampın əlini gücləndirən amillərdən biri oldu.
Seçki dönəmində hər fürsətdə Silikon Vadisinin böyük texnologiya çevrələrinin ona qarşı olduğunu dilə gətirən və media qurumlarının ona qarşı olduğunu iddia edən Tramp “Fox News”-a alternativ olaraq öz televiziya kanalını qurmaq istədiyini bildirdi. Və seçki məğlubiyyətindən sonra Tramp ona qarşı liberal ictimai rəyi neytrallaşdırmaq üçün planlarını həyata keçirməyə başladı. Öz sosial media şəbəkəsinin - TRUTH Social-ın yaradılmasını sürətləndirən Tramp cəbhəsi bu sahədə məyus olsa da, İlon Maskın “Twitter”-i satın almasından da son dərəcə məmnun idi.
“TRAMPA TWİTTER QADAĞASI AXMAQLIQDIR, QALDIRACAM!”
Xatırladaq ki, Trampın “Twitter” hesabı 2021-ci il yanvarın 6-da Konqresə basqından sonra, yəni "basqını təşviq etdiyi" səbəbi ilə bağlanıb. “Twitter”-in verdiyi qərarı dəyərləndirən Tramp, ““Twitter” işçiləri məni seçən 75 milyon vətənpərvəri susdurmaq üçün platformadakı hesabımı bağlamaq üçün Demokratlar və radikal solçularla əməkdaşlıq etdilər”, - dedi.
“Twitter”-i satın alan və özünü “azad sözün dəstəkçisi” kimi qələmə verən Maskın qadağa ilə bağlı “Bu, əxlaqi baxımdan pis və axmaq bir qərar idi. Donald Trampa qadağa qoymaq düzgün deyildi, səhv idi” çıxışı, heç şübhəsiz, 2024-cü il seçkilərinə hazırlaşan Trampa mühüm dəstək deməkdir.
Qeyd edək ki, hazırda Respublikaçılar Partiyasında Trampın rəqiblərinin sayı 47 faiz civarındadır. Bununla belə, son sorğularda ictimaiyyətin 54 faizi ABŞ prezidenti Co Baydenin siyasətini bəyənmir və Konqresə aralıq seçkilər kimi kritik bir məqamda Respublikaçılar Partiyasında Trampdan başqa güclü namizədin olmaması bütün qüvvələrin onun ətrafında birləşməsinə səbəb ola bilər.
2018-ci ildə Konqres aralıq seçkilərində demokratlara üstünlüyünü itirən respublikaçılar artıq həm Nümayəndələr Palatasında, həm də Senatda Demokratlara qarşı üstünlük əldə edə bilsələr, bu, Baydenin kabinetini xeyli çətin vəziyyətə sala bilər.
ŞTATLARDA NƏ BAŞ VERİR?
Əlbəttə, aralıq seçkilər Trampın 2024-cü il seçkilərində qalib gəlməsi üçün çox kritik olacaq.
Ötən həftə ABŞ-ın orta-qərb ştatlarından biri olan Ohayoda Trampın dəstəklədiyi respublikaçı senator namizədi J. D. Vance-nin ilkin seçkilərdə qalib gəlməsi mümkün olmadı. Tramp səsvermədə üçüncü yerdə olan Vance-ə “Midas toxunuşu”nu xatırladan dəstək verdi. Vens Tramp tərəfdarı olduğuna görə mükafatlandırıldı və yarış boyu milyarder Peter Thiel-in dəstəyini qazandı.
Bu, Respublikaçılar Partiyasının namizədlərinə seçkidə qalib gəlməyin açarının Trampda olduğunu göstərdi.
Ancaq keçmiş prezidentin bu prosesdə davamlı olaraq möcüzələr arxasınca getdiyini söyləmək düzgün olmazdı. Tramp xüsusilə rəqibsiz namizədləri dəstəkləməklə və uğur statistikasını yüksəltməklə gücünü göstərmək istəyir. Buna misal olaraq Trampın İndiana seçkilərində qələbəsi müəyyən hesab edilən senator Todd Yanqı dəstəkləməsidir.
Bununla belə, bu yüksələn qrafik Nebraska ştatında keçirilən ilkin seçkilərdə pozulub. Nebraska qubernatoru seçkilərində Trampın dəstəklədiyi Çarlz Herbster praymerizdə Cim Pillenə uduzub. Bu nəticənin respublikaçı namizədlərin perspektivini necə dəyişəcəyini zaman göstərəcək.
Respublikaçılar Partiyasının liderləri Trampdan çəkinsələr də, hər kəs onun yaratdığı obrazın Amerika ictimaiyyətinin əhəmiyyətli bir hissəsi tərəfindən dəstəkləndiyini qəbul edib. Xüsusilə, Trampın il yarım əvvəl seçkilərdə uduzmasına baxmayaraq mübarizəni davam etdirməsi mühafizəkar çevrələrdə yüksək qiymətləndirilmiş kimi görünür.
Ölkə üzrə Respublikaçı namizədlər ilkin seçkilərdə Trampın dəstəyini gördükləri və hər fürsətdə onun uğurun açarı olduğunu ifadə etdikləri üçün keçmiş prezidentin populyarlığı günü-gündən artır.
Xüsusilə, görünən odur ki, 2020-ci ilin noyabr seçkilərində baş verən hadisələrdən sonra Trampın təkidlə “seçki oğurlanıb” deməsi bir çox respublikaçı namizədlər üçün əsas motivasiya mənbəyidir.
Hətta partiya sıralarında Trampı təqdir etməyənlər də bu məsələyə görə onu dəstəkləməkdən çəkinmirlər. Respublikaçı namizədləri dəstəkləyən Tramp 2024-cü il seçkilərinə respublikaçı qubernatorlar, eləcə də respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası və Senatdakı tərəfdarları ilə həmişəkindən daha güclü şəkildə daxil ola bilər.
“ONU QƏHRƏMAN KİMİ GÖRÜRLƏR!”
Siyasi şərhçi Maykl D'Antonio 2024-cü il seçkilərində Trampın şansını dəyərləndirərkən bunları deyib:
“Onu qəhrəman kimi görürlər. Yıxılmış, məğlub gördükləri bu adamın yüksəlişi üçün çalışacaqlar. Evangelistlər yıxılaraq qalxan bu adama səcdə edəcəklər; onların fanatizminin həddi-hüdudu yoxdur”.
Odur ki, Trampın impiçmentinə səs verən Respublikaçı məmurlar onun partiyadakı qarşısıalınmaz yüksəlişini hazırda ancaq qorxu ilə izləyə bilərlər. Bütün bu səbəblərə görə, dünya siyasətindəki tıxac və müharibə səbəbindən kifayət qədər yorulmuş Baydenin başçılıq etdiyi demokratlar üçün bu seçkinin çox çətin keçəcəyi görünür. Son seçkilər fonunda Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı geosiyasi narahatlıqlar və yüksək inflyasiya Bayden administrasiyasına qarşı narazılığı daha da artırır.
Bu uçurumu fürsətə çevirmək üçün qətiyyətli addımlar atan Trampın seçki dövrünə doğru oynadığı oyunun kifayət qədər qarışıq olması və fərqli ehtimalların olması tamamilə mümkündür. Respublikaçılar 2018-ci il Konqres seçkilərində itirdikləri yerləri geri qaytarsalar, Tramp partiyada ciddi mövqelərə sahib olacaq.
Digər tərəfdən, 6 yanvar 2021-ci ildə Tramp tərəfdarlarının Konqresə hücumundan bir ildən çox keçməsinə baxmayaraq, məhkəmə prosesi bütün sürətlə davam edir.
5 nəfərin ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olan basqınla bağlı hüquqi proses davam edərkən, demokratlar basqının səbəbkarının Tramp olduğunu və prezidentliyi təhvil versə belə, günahkar bilinərək vəzifəsindən azad edilməsini tələb ediblər.
İlk baxışdan bu tələb bir cəza növü kimi görünsə də, demokratların əsas məqsədi Trampın 2024-cü il seçkilərinə qatılmamasını təmin etmək olub. İş o yerə çatıb ki, Tramp Konqresdə təqsirli bilinsə və impiçment elan edilsəydi, onun növbəti seçkilərdə namizəd olmasının qarşısı alınacaqdı.
Ancaq Senatda keçirilən səsvermədə 100 senatordan 57-si onun istefasına razılıq versə də, 67 senator qərarı təsdiqləmədiyi üçün səs çoxluğu əldə edilməyib və Tramp təqsirli bilinməyib. Ona görə də Tramp hazırda heç bir məhkəmə maneəsi yoxdur.
ABŞ-da yerləşən bazar araşdırması şirkəti “Harris Poll” tərəfindən mart ayında keçirilən sorğuda “2024-cü il seçkiləri indi keçirilsəydi, kimə səs verərdiniz” sualına Amerika xalqı “Tramp”a cavabını verib. Yəni respondentlərin 47 faizi Donald Trampa, 41 faizi hazırkı prezident Co Baydenə səs verəcəklərini, 12 faizi isə qərarsız olduğunu bildirib. Bu cədvəl göstərir ki, Tramp Respublikaçılar Partiyasının 2024-cü il prezident seçkiləri üçün ən güclü namizədidir.
ABŞ-ın Viskonsin ştatındakı Marquette Universitetinin Hüquq fakültəsində çalışan professor. Edvard Fallone deyib: “Trampın yenidən seçilmək ehtimalı daha yüksəkdir. Çünki o, qayıdışını monumental hadisə kimi təqdim edir. Çıxışlarında tərəddüd etməyə yer qoymadan, cəsarətlə danışır. O, yıxıldıqdan sonra təkbaşına ayağa qalxıb, bütün uğurları tək başına daşıyacağı ssenarisi üzərində işləyir”.
Qafqaz.media