ABŞ strateji nüvə bombardmançıları dalbadal Rusiyaya yaxınlaşır - UKRAYNA ÜZƏRİNDƏN DƏ... / VİDEO

Baxış sayı:
1609

Ötən gün sentyabrın 4-də ABŞ Hərbi Hava Qüvvələrinin 3 B-52H “Stratofortress” bombardmançısı Qara dəniz üzərindən Rusiya sərhədlərinə yaxınlaşıb. Virtualaz.org xəbər verir ki, bombardmançıları “tutmaq” üçün Cənub hərbi dairəsinin 8 qırıcısı havaya qaldırılıb.

Rusiya Müdafiə Nazirliyinin Milli idarəetmə mərkəzinin bildirdiyinə görə, hava məkanına nəzarət vasitələri Qara dənizin neytral suları üzərində 3 ABŞ bombardmançısını qeydə alıb. Onların Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısını almaq üçün havaya 4 Su-27 və 4 Su-30 qırıcıları qaldırılıb. Qeyd olunur ki, Amerika bombardmançıları tərəfindən Rusiya sərhədlərinin pozulmasına yol verilməyib.

Bundan bir neçə saat əvvəl isə 2 B-52H bombardmançısı Ukrayna üzərindən ilhaq olunmuş Krım hüdudlarına yaxınlaşıb. Ukrayna Müdafiə Nazirliyi bildirir ki, bu, Amerika strateji nüvə bombardmançılarının ölkə ərazisi üzərindən ilk uçuşudur. Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Yuri İqnat deyib ki, bombardmançılar Böyük Britaniyadakı Ferford aviabazasından havaya qalxıb, Avropa ərazisi üzərindən uçub və Ukraynaya daxil olub. Ukraynada onlar Polşa sərhədindən Azov dənizi sahillərinə qədər və geriyə uçuş həyata keçiriblər. Bu uçuş zamanı bombardmançıları Ukrayna qırıcıları müşaiyət edib.

Rusiya mənbələri isə bildirir ki, bombardmançılar Ukrayna hava məkanına daxil olandan sonra radioelektron mübarizə vasitələrinin işə salınması nəticəsində radarlardan itiblər. Daha sonra nüvə bombardmançıları Krımın bir neçə kilometrliyində görünüblər. Orada Krımdakıı strateji obyektlərə nüvə zərbələri məşq edilib. Rusiyanın hava hücumundan müdafiə vasitələri təyyarələri gec gördüyünə görə onları “tutmaq” üçün qırıcıları havaya qaldırmağa imkan tapmayıb./ Virtualaz.org