ABŞ Rusiyadan uran tədarükünü qadağan etməyəcək – “Reuters”

“ABŞ-ın Rusiya yanacağına embarqosu uranın idxalına qadağa qoymur. Çünki onun tədarükü ABŞ atom elektrik stansiyaları üçün vacibdir”.
Bu barədə “Reuters” məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, ABŞ-a daxil olan uranın təxminən yarısı Rusiya, Qazaxıstan və Özbəkistandan gəlir.
Hələlik ABŞ uran emal etmir, baxmayaraq ki, bir neçə şirkət uzunmüddətli tədarük müqavilələri bağlanacağı təqdirdə yerli istehsalı bərpa etmək istədiklərini bildirib.
“Ağ Evin Rusiya yanacağına embarqoya dair dərc etdiyi sənəddə əslində urandan bəhs edilmir”, - agentlik diqqət çəkir.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq bu ölkədən neft və qazının idxalına tam qadağa qoyulduğunu açıqlamışdı.
Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2021-ci ildə ABŞ Rusiyadan ayda orta hesabla 20,4 milyon barel neft və neft məhsulları idxal edib ki, bu da ABŞ-ın maye yanacaq idxalının təxminən 8%-ni təşkil edir.