ABŞ İRANI PARÇALAMAĞA ÇALIŞIR? – Qonşu ölkədə baş verən hadisələrin pərdəarxası...

Baxış sayı:
16492

Güneyli soydaşlarımız bu proseslərdə hansı mövqedə dayanmalıdır?

Məhsa Amininin ölümü ilə İranda başlayan etiraz aksiyaları 10 gündür davam edir. Ölkədəki molla rejiminə qarşı etirazlar SEPAH və polis qüvvələrinin müdaxiləsi və bəzi hərbçilərin öldürülməsi ilə müşayiət olunur. Hökumət etirazların arxasında İran əleyhinə olan xarici qüvvələrinin durduğunu bəyan edib. Baş verənlərdə İsrailin və xüsusilə də Türkiyənin rolunun olduğu iddia edilir.
Qeyd edək ki, Tehran başda olmaqla, ölkənin böyük şəhərlərində aksiyalar hər gün gecə saatlarınadək davam edir. Əhali öz evlərindən etirazçılara dəstək verir. Sosial mediada yayılan videolarda nümayişçilərin Tehranın Rey şəhərində yerləşən “SEPAH komandanlığının qərargahına” yürüş etdiyi müşahidə olunur. Jurnalistlərə nümayişləri izləməyə icazə verilmir. Həbs edilən jurnalistlər “casusluq”da ittiham olunurlar. Tutulanların sayı hər an artır və sayları dəqiq bilinsə də, Tehran Jurnalistləri Birliyi 10 jurnalistin adını açıqlayıb. İRNA təkcə Mazandaran əyalətində 450 nəfərin həbs olunduğunu bildirir. Gilan əyalətinin polis rəisi burada 739 nəfərin tutulduğunu və onlardan 60-nın qadın olduğunu deyib. Dövlət televiziyası isə mitinqlərdə 35 polis işçisinin həyatını itirdiyini bildirib.
Molla rejiminin interneti tamamilə kəsdiyi bildirilsə də, son məlumatlara görə, İlon Maskın qurduğu “Starlink” vasitəsilə İranda fasiləsiz interneti bərpa etmək mümkün olub. Maraqlıdır ki, “Starlink” üzərindən interneti vermək üçün yerüstü terminalların quraşdırılması mütləq olduğu halda İranda bu proses ləngiməyib və terminallar qurularaq internet verilməsi təmin olunub. Sanki sehrli bir əl baş verə biləcək ehtimalları hesablayıb və onların qarşısını əvvəlcədən almağa çalışıb.
Məlumdur ki, hazırda "poqquldayan İran qazanı" illərdir bəzən asta, bəzən isə iti templə qaynamaqdadır. Ölkədə ara-sıra vulkan kimi partlamaq dərəcəsinə çatan aksiyalar da baş verib ki, bunu əslində qiyam da adlandırmaq olar. Zillətdən, miskinlikdən, insana hörmətsizlikdən bezən cəmiyyətin qiyamı...
Amma indiyə qədər bu qiyamların ana qaynağı, lokomotivi Güney Azərbaycan, türk əhali olmuşdur. Dəfələrlə rejimin əzdiyi, işgəncə altında min cür əzab-əziyyətə məruz qalan türklər - azərbaycanlılar vəhşicəsinə yatırılan üsyanlardan bir növ təcrübə sahibi olublar. Bu səbəbdən, indi soydaşlarımız ehtiyatlı davranır və kimlərinsə onları yem kimi istifadə etməsinə imkan vermək istəmir.
Sentyabrın 26-na olan xəbərlərə görə, növbəti günlər üçün Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib. Siyasi, milli və sosial media fəalları aksiyaları davam etdirəcəkləri barədə bildiriş və çağırışlar yayıblar. Sentyabrın 26-da Güney azərbaycanlı fəallar, başda Təbriz olmaqla, Urmu, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin, Xoy, Marağa və başqa şəhərlərdə etiraz aksiyalarını davam etdirəcəyi barədə bildiriş və çağırışlar yayıblar. Axşam saat 18:00-da başlayaraq şəhərlərin mərkəzi meydanlarında keçirilən dinc etiraz aksiyalarında, həm də bu günədək öldürüldüyü təsdiqini tapan 5 azərbaycanlının xatirəsi yad edilib.
"Hər gün uşaqlarımız qəddar İslam Respublikası rejiminin güllələri ilə öldürülür. Kərəcdə Hədis Nəcəfinin və Qəzvində Cavad Heydərinin anaları övladları üçün ağlayırlar. Zalımların tufağını birdəfəlik dağıdaq", - deyə öncədən bildirişlər də yazılıb. Amma çox təəssüf ki, milliyətcə kürd qızı Məhsanın ölümünün oyandırdığı, qaynatdığı etiraz dalğasını azərbaycanlı-türk gənclərinin ölümü oyandırmır. Daha sadə dillə desək, bu məsələdə də kürdlə türkün qətlinə reaksiyada dünya tərəfindən qoyulan ikili münasibət, ikili standart özünü "gözə soxur".    
Əhalinin reaksiyası tez və geniş yayılmışdır. Bir çoxları saçlarını kəsdirir və ya məcburi baş örtüyü çıxarır, bəzi hallarda onları yandırır. Etirazçılar dərhal rejimi devirməyə və İslam Respublikasına son qoymağa çağırırlar. Bəs indi alovlanan qiyam dalğası uğurla nəticələnəcəkmi və əsas sual-Məhsanın qətlinin qığılcım, yaxud çaxmaq rolu oynadığı indiki üsyanın hədəfi nədir? Yəni üsyanın iştirakçıları nə istəyirlər?
Bildiyimiz kimi, uzun müddətdir ki, İranla ABŞ arasında Vyanada nüvə anlaşması üzrə danışıqlar gedir, hərçənd, hələ ortada yekun razılaşma yoxdur. Və İran prezidenti İbrahim Rəisi 2021-ci ildə seçilməsindən sonra ilk böyük beynəlxalq nitqini çərşənbə günü Nyu Yorkda BMT-nin 77-ci Baş Assambleyasında edərək, İrana qarşı “ikili standartları” tənqid edib və Birləşmiş Ştatların 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) birtərəfli qaydada çıxmasını pisləyib.
Etirazların vaxtı İran üçün mühüm bir dövrə təsadüf edir. Belə ki, ali lider Ayətullah Əli Xameneinin xəstə olması ilə bağlı xəbərlər yayılır. Baxmayaraq ki, ali liderə yaxın mənbələr bu xəbərləri təkzib edir. Üstəlik, bəyan edirlər ki, o, bu yaxınlarda iki dəfə ictimaiyyətə çıxış edib. Amma bunun da Xomeneinin rolunu oynayan dublyor vasitəsilə təşkil edildiyi haqda iddialar var. Xüsusilə texnologiyanın belə inkişaf etdiyi bir zamanda...
İranın Xameneinin varisliyi ilə bağlı planı, eləcə də ABŞ-la nüvə anlaşmasını canlandırmaq üçün razılığa gələ bilmə ehtimalı dəqiq deyil ki, bu da ölkənin siyasi trayektoriyasına böyük təsir göstərəcək. Amma onu da deyək ki, iranlı etirazçılar Xameneinin yerinə gətiriləcək oğluna qarşı, “Müctəba öləsən, rəhbərliyi görməyəsən!” şüarını səsləndirirlər. Belə ki, ötən gecə Tehranın mərkəzi küçələrindən birində Xameneiyə etiraz edən insanlar oğlu Müctəbanın atasının yerinə İranın növbəti dini rəhbəri postuna gətiriləcəyinə qarşı narazılıqlarını bildirib, bununla bağlı şüarlar səsləndiriblər.
Digər tərəfdən isə Rəisinin Xomeneinin yerinə onun postunu tutmaq üçün hazırlandığı da sızdırılırdı. Rəisinin Xomeneinin davamçısı olmasından və sonradan prezident kürsüsünə sahiblənməsindən sonra, onun oğlu 53 yaşlı Müctəbanın ali dini lider postuna gəlməsinə etiraz etməyəcəyi məntiqli versiyadır. Buradan belə bir nəticə hasil olur ki, Rəisi xəttinin bu varianta yanaşması loyaldır.
Digər tərəfdən, İran parlamentinin spikeri Əli Laricaninin qardaşı Sadıq Laricaninin də Xomeneinin yerinə ali dini rəhbər postuna "göz dikdiyi" ehtimalı var. Həlledici məqam - molla rejiminin önəmli güc strukturu SEPAH-ın hansı qanadın tərəfində olmasıdır ki, tərəflərin bir-birini üstələməsində bu faktor önəmlidir. 
İrandakı rejimin xalqın iğtişaşlarını yatırması birinici dəfə deyil. Əlbəttə ki, son bir neçə il ərzində artan inflyasiya və ya suyun keyfiyyəti kimi sosial və iqtisadi ədalətsizliklərin əsas mövzu olduğu etirazlar baş verib. Məsələn, beynəlxalq tədqiqatlar üzrə dosent Məhəmməd Əli Kadivar bu etirazları fərqləndirən dörd amili sadalayır: qadınların öndə getməsi, ölkənin hər yerində tanınmış iranlıların etirazlara dəstək verməsi, adətən etirazlarda iştirak etməyən bir çox iranlının qadınlar və universitet tələbələri ilə həmrəylik nümayiş etdirməsi və etirazların etnik nüansı üstələməsi. Əlbəttə, hazırkı gərgin reaksiya iranlıların illərdir etiraz etdikləri bir çox amillərin və ədalətsizliyin, o cümlədən mübahisəli seçkilər və müxaliflərə qarşı şiddətli repressiyaların nəticəsidir.
Rəisinin keçən ilin avqustunda seçilməsi onun bütün potensial islahatçı rəqiblərinin sıradan çıxarılması və İranda aşağı seçici fəallığı fonunda baş verib. Prezident seçkiləri İran siyasətindəki mötədil elementlərin daha sistemli şəkildə kənarlaşdırılmasının bir hissəsi idi. 2020-ci ilin parlament seçkilərində SEPAH 2016-cı ildəkindən üç dəfə çox namizədi iştirakdan kənarlaşdırdı. Hazırkı prezident Rəisinin isə bir zamanlar etirazçı insanlara divan tutuan cəllad rolunu oynadığı sirr deyil.
ABŞ-ın Rusiya və Çinlə gözəl münasibətləri olan İranı ram etməsi, enerji istehsal bazarının şaxələndirilməsi üçün İranın da prosesə daxil olması məqsədilə hazırkı rejimlə anlaşması indiki məqamda Vaşqintona gərəkdir. Amma görünür, Tehran ABŞ-la bu anlaşmanın qaşrısında daha çox şey istəyir ki, Ağ Ev də Tehranı "sındırmaq", nə Çinə, nə Rusiyaya, nə Avropaya bağlanmamaq, onun məhz Vaşinqtona "sədaqət andı içməsi" üçün etiraz aksiyalarına "start verdi".
Burada bir haşiyə çıxıb, qəribə də olsa Nensi Pelosinin İrəvan səfərinin İranda etirazların başlaması ilə eyni tarixə düşməsini, həmçinin Pelosinin ermənilərlə farsların döyüş səhnəsini əks etdirən rəsm tablosuna diqqəti cəlb etməsini və bu nüansı vurğulamasını da təsadüf saymayaq. Əgər güman etsək ki, İranda indi cövlan edən qiyamı alovlandırmaqda ABŞ-ın hansısa şəkildə əli ola bilər, Pelosinin erməni-fars döyüş səhnəsinin əks olunduğu tabloya diqqət çəkməsini gözardı etmək olmaz. Bu, İrana verilən mesaj idi.
Bundan başqa, Məhsa Amininin öldürülməsini də qiyama "start" işarəsinin verilməsi kimi başa düşmək olar. “Ərəb baharı”na bir nəfərin özünü yandırması ilə "start" siqnalının verilməsi kimi. Belə çıxır ki, ABŞ-ın kənardan etiraz aksiyalarına dəstəyi hazırkı İran rejiminə "göz dağı" verməkdir. Bundan əvvəlki etiraz aksiyalarının da miqyası kiçik olmadı, əksinə kifayət qədər böyük oldu və həmin qiyamın gedişində xaricdə yaşayan iranlıların (böyük ehtimalla milliyyətcə farsların) etirazlara münasibətində milli şüarlar önəmli yer almadı, hətta Güney azərbaycanlılardan başqa, heç kimin ifadələrində sezilmədi. Əksinə devrilmiş Pəhləvi şahının ABŞ-dakı ailəsinə ehtiram, məhəbbət ifadə olundu. Bunu o zamankı tvitter paylaşımlarında xarici ölkələrdə şah ailəsinin sağ qalan mənsublarına qarşı izhar olunmuş hörmətqarışıq məhəbbət ifadələrində görmək olar. Əslində İran dövlətinin əvvəlki sahiblərinə-türk kökənli hakim elitaya-Qacarlara, yaxud Pişəvərinin vaxtında qurulmuş milli tərkibli Azərbaycan dövlətinə qaytarılmasına, ABŞ başda olmaqla, kollektiv Qərbin yanaşması mənfidir, onların belə bir fikri də yoxdur. ABŞ-ın da, Qərbin də məqsədi onların iqtisadi maraqlarını daha çox təmin edən "üzüyola", "sözəbaxan" rejimin hakimiyyətə gətirilməsidir. Əlbəttə, əgər molla rejimi yola gəlməsə.
Hazırkı qiyamın da əsas şüarı-hicaba qarşıdır. Sözsüz ki, öndə insan hüquqları, sosial narazılıq, dini qaydaların sosial-siyasi sferaya sırınmasına etiraz gəlir. Şübhəsiz ki, əhalinin türk seqmentini çıxmaqla (ola bilsin ki, ərəb seqmenti də milli yönümlü ola bilər) indiki İran cəmiyyətinin qiyam səbəbi sosial-ictimai narazılıqdır. Onları İranın parçalanmasından daha çox, hazırkı molla rejiminin getməsi qane edər. Amma türklərə lazım olan bu deyil. 1925-ci ildən bəri İranın Türk-Qacar dövlətindən fars-şuubi-rafizi dövlətinə çevrilməsindən bu yana soydaşlarımızın assimilyasiyası aparılır. Bizim və onların istəyi ilk öncə milli kimliyimizin azadlığıdır.
Bəs, ABŞ-ın İranın-molla rejiminin ram olmaması versiyasında bu coğrafiya üçün planlaşdırdığı növbəti versiya nə ola bilər?
Məlumdur ki, İran-İraq müharibəsindən sonra zəifləyən İraq son bölünmə mərhələsinə qədəm qoymuşdur və orada varlığını ABŞ-ın dəstəyinə borclu olan Kürd Muxtariyyatı mövcuddur. Tarixi oçerk kimi məlumat verə bilərik ki, düz 76 il əvvəl Güney Azərbaycanla Türkiyənin arasındakı ərazidə Mahabad kürd dövləti mövcud olub və indiki İran Kürdüstanı o zamankı Mahabad Kürdüstanından daha çox ərazini əhatə edir. İndiki İran Kürdüstanına Sənəndəc, Banə, Bicar, Divandərə, Gorvə, Merivan, Kamyaran, Saqqız şəhərləri aiddir və təxmini Ermənistan ərazisi qədərdir. Məhsa Amini də Sənəndəc şəhərindədir. İndisə İranın Kürdüstan ostanının Sənəndəc şəhərində etirazçılar bəyan ediblər ki, küçədə çadırlar quracaqlar və meydandan evlərinə qayıtmayacaqlar. Kürdüstan ostanlığının bir çox şəhər və şəhristanlığında vəziyyətin İran rejiminin nəzarətindən çıxdığı barədə məlumatlar gəlməkdədir. Əhalisi 1,6 milyon olan İran Kürdüstanı şimaldan Qərbi Azərbaycan, şərqdən Həmədan, Zəncan, cənubdan Kirmanşah ostanlıqları, qərbdən isə Şimali İraqla həmsərhəddir. Kirmanşahın Sunqur şəhristanlığı da əsasən Azərbaycan türklərinin məskunlaşdığı yer kimi tanınır. Həmədan, Zəncan və Qərbi Azərbaycan isə zatən Azərbaycan türklərinin məskunlaşdıqları ostanlıqlardır. Belə demək olarsa, İran Kürdüstanının qurulması planı baş tutarsa ki, fikrimizcə, bu ABŞ-ın bölgəni yenidən şəkilləndirmək və Türkiyə ilə Azərbaycanı Zəngəzur dəhlizini açaraq birləşmək planınının qarşısını almaq planına daxildir, Vaşqintonun Ermənistandan başqa Kürdüstanı da böyüdərək Azərbaycanla Türkiyənin arasında "Kürdüstan səddi" çəkmək fikrindən xəbər verir.
İran Kürdüstanının hazırkı qiyamda bu qədər fəal olmasının ilham mənbəyi ABŞ-ın himayəsində olan Şimali İraq Kürd Muxtariyyatından qaynaqlanır. Məlumatlara görə, İran Kürdüstanı ostanlığına məqsədlərinə çatmaqdan ötrü həm ideoloji-müstəqillik, həm lazımi silah-sursatın göndərilməsini İraq Kürdüstanı təmin edir ki, ostanlığın özünü müdafiə etməsi üçün kifayət qədər silaha sahib olduğu bildirilir və artıq kürdlərlə SEPAH qüvvələri arasında artıq əməlli-başlı savaşın getdiyi bildirilir. Bunun sayəsində İran Kürdüstanı silah-sursat, hərbi baxımdan Güney Azərbaycanından güclü və hazırlıqlıdır ki, bu da molla rejimindən sonrakı dövr üçün soydaşlarımızın-Güney Azərbaycanın bir çox əyalətlərinin təhdid altında qalması anlamına gəlir. Çünki İran kürdləri yalnızca sahibləndikləri ərazilərlə kifayətlənmək niyyətində deyillər. Onlar Qərbi Azərbaycan, Həmədan və Zəncan kimi güneyli soydaşlarımızın bölgələrinə də iddialıdırlar və zaman-zaman bir çox soydaşlarımızın həyat şərtlərinin ağırlaşdırılaraq sıxışdırılması nəticəsində insanlarımızın evlərindən çıxarılaraq kürdlərin orada məskunlaşması xəbərlərinə rast gəkmişik.
Uzun sözün qısası, 2022-ci il senytabrın 16-dan bu yana İranın Kürdüstan bölgəsindən qığılcımlanaraq alovlanan qiyam elə də məsum deyil. Hadisələrin pərdəarxasında ABŞ dayanır. İndilik molla rejimini ram etməyə, tam itaətə zorlayan Vaşqintonun rejimlə razılaşa bilməmək variantında ehtiyat variantı var - İran Kürdüstanı, İraq Kürdüstanı, növbədə olan Suriya Kürdüstanı pazllarını birləşdirmək, Böyük Türk siyasi-iqtisadi məkanının baş tutmasını əngəlləmək üçün "Tırtıstan" qurmaq. Azərbaycandan keçərək Mərkəzi Asiyaya, perspektivdə isə Rusiyadkı türk məkanına yayılacaq Türkiyənin qarşısını "Tırtıstan" ilə kəsmək. Azərbaycanla Türkiyənin qarşısına Ermənistandan başqa yeni bir sədd, "Tırtıstan" səddi çəkmək...
Böyük ehtimalla Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin qarşısına İrandan Ermənistana, eləcə də ikinci variant kimi Suriyaya-Aralıq dənizinə, Avropaya uzanan dəhlizin dikilməsində həm Çin, həm də ABŞ maraqlıdır. Belə ki, əgər ikinci variant işə düşərsə, ABŞ Kürdüstan kartını dövriyyəyə soxmağa nail olarsa İrandan keçməsini planlaşdırdıqları İpək Yolunun bu güzərgahı "Yeni Tırtıstan"nın iqtisadi qalxınmasını zəmanət altına almağa imkan verəcək. Anti-Türk məsələsində bütün qara qüvvələr əlbir olurlar.
Odur ki, bu "bədnam qanqrena" ikinci mərhələdə Güney Azərbaycandan başlayaraq Zəngəzurda dizayn edilməyə çalışılır. Azərbaycanın son günlərdə ən çox müzakirə olunan mövzusu olan, içində məşhur sabiq kürd Hizbullahçı Mehmet Ali Arslanın ilk sıralarda olduğu “Göyçə-Zəngəzur Respublikası”nın elan olunması da sıradan və məsum hadisə deyil. Güman ki, özünü Qərbi Azərbaycanlıların hədəfi kimi qələmə vermiş, amma hədəf çaşdıran “Göyçə-Zəngəzur Respublikası” da ABŞ-ın dizayn etdiyi qondarma "Tırtıstan"anın hələ ki, özünü çox biruzə verməyən, "palazaltı" fitnələrindən biridir.
Bu səbəbdən, nə molla rejimi, nə İran əhalisinin əksəriyyətinin indiki qiyamdan gözlədiyi sekulyar fars dövləti güneyli soydaşlarımızın hədəfi ola bilməz. Bizim hədəfimiz 5 parçaya bölünmüş Azərbaycanın parçalarının birləşdirilməsidir, yenidən Böyük Azərbaycandır!

Ülviyyə ŞÜKÜROVA