ABŞ-da 750 milyon mutant ağcaqanad təbiətə buraxılır

Baxış sayı:
3501

ABŞ-ın Florida ştatı bölgədəki ağcaqanad problemini təbiətə milyonlarla genetikası ilə oynanmış ağcaqanadlar buraxaraq həll etməyi planlaşdırır.

“Euronews” xəbər verir ki, bu həftə Florida-Kis Ağcaqanadlara Nəzarət Mərkəzi genetikası dəyişikliyə məruz qalmış 750 milyon ağcaqanadı xəstəlik yayan sarı qızdırmalı ağcaqanadla (“Aedes aegypti”) mübarizə aparmaq üçün təbiətə buraxmaq qərarı verib.

Genetikası ilə oynanmış ağcaqanadların 2021-2022-ci illər arasında Floridaya yayılacağı açıqlanıb. Bildirilib ki, təbiətə buraxılacaq ağcaqanadların genetikası “Aedes aegypti”lərin sayını azaltmaq məqsədilə dəyişdirilib.

Qeyd edək ki, “Aedes aegypti” adlı ağcaqanad növü sarı qızdırma, zika, denge qızdırması, çikuqunya kimi ölümcül xəstəlikləri insanlara yoluxdururlar. Floridadakı ağcaqanadların 1%-ni təşkil edən “Aedes aegypti” ilə mübarizə üçün ştat hər il 1 milyon dollardan çox büdcə ayırır.