ABRAMOVİÇ GİZLİ ŞƏKİLDƏ KİYEVƏ GƏLİB – Mustafa Cəmilovdan açıqlama

“Martın 3-də rusiyalı oliqarx Roman Abramoviç Kiyevə uçub. Görünür, müharibəni dayandırmaq və sanksiyaları ləğv etmək variantlarını tapmağa çalışıb. O vaxta qədər onda həqiqətən zəhərlənmə əlamətləri var idi”.
Qafqaz.media xəbər verir ki, bu barədə Krım tatarlarının lideri Mustafa Cəmilov mediaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Abramoviç və xalq deputatı Rüstəm Umərovda zəhərlənmə əlamətləri olub. Cəmilov əmindir ki, hədəf Umərov olub, çünki Abramoviçin səfəri ciddi məxfilik şəraitində saxlanılıb. Eyni zamanda, Krım tatarlarının lideri digər variantları da istisna etmir: “Çünki Abramoviç Moskvadakı xüsusi xidmət orqanlarını bəyənmir”.
Abramoviçlə danışıqlardan sonra Cəmilovda belə bir təəssürat yaranıb ki, o, öz maraqlarından çıxış edir, lakin ölkəsinin gələcəyi üçün qorxur. Düşünür ki, Putin müharibəni dayandırmasa, Rusiya dağılacaq.
Cəmilov deyib ki, o, Abramoviçə Rusiyanın sanksiyalardan qurtula biləcəyi yeganə ssenarini açıqlayıb. Deyib ki, bu, işğalın tamamilə dayandırılması, Krım da daxil olmaqla, Ukrayna ərazisinin son santimetrə qədər işğaldan azad edilməsi və Rusiyanın beynəlxalq hüquq normalarına riayət etməklə mümkündür.
“Bunsuz sizdən heç bir sanksiya götürülməyəcək”, - Cəmilov bildirib.
Abramoviçin bu mövqe ilə razılaşdığı iddia edilsə də, lakin qeyd edib ki, buna “Kremldə olanın” (Putini nəzərdə tutur – re.) iradəsi xaricində nail olmaq mümkün deyil.