3 ƏSRDƏ YAŞAYAN TAMAM NƏNƏ DANIŞDI - Lənkəranın 130 yaşlı ağbirçəyi uzunömürlülüyün sirlərini açıqladı / VİDEO

Baxış sayı:
3706

Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu Azərbaycanda ən yaşlı pensiyaçının 130 yaşında olduğu barədə məlumat yayıb.

“Report”un Cənub Mərkəzinin əməkdaşları Lənkəran rayonun Şilavar kəndində yaşayan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızını ziyarət edib.

Tamam Əzizova Lerik rayonunun Ruvarud kəndində doğulub. Uşaqlıq və gənclik illərini orada keçirib. Dediyinə görə, ata-babasının əkin-biçin yerləri, mal-heyvan örüşləri olub. Sonradan repressiya illərində ailənin vəziyyəti çox çətin olub. Müharibə dövründə özləri aclıq keçirsələr də təsərrüfatda çalışıb cəbhəni ərzaqla təmin etməyə kömək göstərib.

Tamam nənə ailə qurduqdan sonra Cəlilabad rayonuna köçüb. Həyat yoldaşı dünyasını tez dəyişdiyindən yundan corab toxuyub satmaqla 4 övladını böyüdüb, təhsil verib. O qədər qənaət etməyi öyrənib ki, indi də gün ərzində iki dəfədən artıq yemək yemir. Uzun və sağlam ömür yaşamasının səbəbini zəhmətdə, az yeməkdə, əsasən meyvə-tərəvəzdən istifadə etməkdə görür.

Tamam nənə ömrünün keşməkeşli keçdiyini söyləyir. Qaçhaqaç dövründə ermənilərin onun bir neçə yaxın qohumunu vəhşiliklə qətlə yetirdiyini unuda bilmir. İndi də ermənilərdən danışanda bəddua etməsə rahat olmur. Onun bir oğlu ötən əsrin 80-ci illərində Xankəndində prokuror işləyib. Təzyiq və təhdidlər nəticəsində iş yerini dəyişmək məcburiyyətində qalıb.

Torpaqlarımızın işğaldan azad edilməsi xəbərinə sevinən Tamam nənə təqaüdündən pul verib qurban kəsdirib, muştuluq verib.

Tamam nənə Lənkərana köçənə qədər övladları ilə ötən əsrin 60-90-cı illərində Bakıda yaşayıb. Övladlarının vasitəsilə Osman Sarıvəlli, Məmməd Araz kimi yazarlarımızla dostluq münasibətlərində olublar. Məmməd Araz hər dəfə Lənkərana gələndə bu evə baş çəkmədən geri dönməyib.

İndi isə evlərinə gedən-gələn azalıb. Deyir, bu virus xəstəliyini Allah tezliklə aradan götürsün: "İnsanlar bir-birinin evinə getməyə ehtiyat edirlər. Mən özüm də həyətə düşəndə yaşmağımı tuturam".