YAP-ın böyük qüsuru - TƏHLİL

Heydər Əliyevə olan sevgi Azərbaycan Cumhuriyyətinin qurucusuna qarşı nifrətə çevrilə bilməz
...İki türk bir araya gələrsə, dövlət qurmaq haqda düşünərlər. Ona görə biz türklərdə dövlət müqəddəsdir və baba anlamına gəlir. Rəsulzadə də yoxdan dövlət quracaq o iki kişidən biridir. Ona görə də hər kəs həddini biləcək!
Aşağıda təqdim olunacaq dialoq “Yeni Müsavat” qəzetinin müxbiri ilə Gəncənin Nizami rayonunun 2-ci seçki dairəsindən Milli Məclisə seçilən Naqif Həmzəyev arasında keçib. Gəncədə keçirilən tədbirdən sonra gənc deputat jurnalistlərlə görüş keçirib və sual-cavab əsnasında bu dialoq baş tutub. Sonradan anlaşılmazlıq olmasın deyə “Yeni Müsavat” qəzetində dərc olunan bu dialoqu fikir və üslubuna xələl gətirmədən eynən təqdim edirik ki, bu olayın cəmiyyətdə səbəb olduğu ajiotaj haqda bildirəcəyimiz münasibət də daha anlaşıqlı olsun.
-Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?
- Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar.
- Şərqdə ilk demokratik...
-Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı.
*Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı...
*O, bizim nə qədər sərvətimizi talayıb...
* Bunlar (mən nəzərdə tutuluram) Rəsulzadə fanatıdırlar.
*Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cümhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?! Hazırda Gəncədə Nizami Gəncəvinin və digər tarixi şəxsiyyətlərimizin həyat və yaradıcılığı ilə bağlı işlər görülür, onlara aid abidələr qoyulur. Cümhuriyyətin ildönümü ilə əlaqədar şəhərimizin Gülüstan qəsəbəsində “İstiqlal” parkı açılıb.
- Gələn qonaqlara, xarici turistlərə parkı necə təqdim edirsiz- satqın Rəzulzadənin qurduğu istiqlaliyyətə aid “İstiqlal” parkı?
- Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə respublikanı Gəncədə deyil, Tiflisdə qurub... Qoy bu barədə Müsavat Partiyasının üzvləri məşğul olub, onunla bağlı məsələləri həll etsinlər. Bir dəfə də olsun müsavatçılardan kimsə onun büstünün qoyulduğu quruma zəng edib başına torba keçirilməsinin səbəbini soruşub?...
Siz 28 May günü Gəncəyə gəlsəniz görərsiz ki, biz necə bayram keçiririk. Hətta on yerə əklil qoyuruq.
- Məsələn, hara?
-Gəlib öz gözlərinizlə görə bilərsiz hara.
Dialoqun bu yerində jurnalist həkarlarımdan biri dözməyərək atmaca atır:
-Gəlin birlikdə Rəsulzadəni vətən xaini elan edək və beləcə də məsələyə son qoyulsun...
***
Bu dialoqu sonadək oxumaq bir Azərbaycan vətəndaşı olaraq çox ağır və çətindir. Amma nə qədər çətin olsa da bir reallıqdır və bundan qaçmağa, gizlətməyə, danmağa da ehtiyac yoxdur. Hansı ki, bunu Naqif Həmzəyəv də daxil, olaydan sonra YAP funksionerləri ciddi-cəhdlə etməyə çalışırlar. Amma buna gərək varmı, yaxud “Naqif bu fikirləri deməyib”, deməklə, deməmiş olurmu? Bir kərə söz ağızdan çıxdısa, sən onun deyil, o sənin sahibin olur. Çıxardığı fitnə-fəsadın məsuliyyətindən qaçmaq deyil, ona qatlanmaq, müsibəti imkana, fürsətə çevirmək gərəkir. Bu cür yönətilirsə, müsibət fürsətə dönüşür, hikmət olur, nemət olur.
Amma YAP funksioneri Aydın Mirzəzadənin açıqlaması da göstərdi ki, bu olayı imkana, hikmətə çevirə bilməyi nəinki bacarmadılar, hətta cəmiyyətə “ağzınızı yumun” deyə hökm etdilər. Baxmayaraq ki, artıq informasiya işləmişdi və öz işini görmüşdü. Ona görə də bundan sonrakı iş Naqifi parlamentdə otuzduran YAP rəhbərliyinə düşər. Çünki Naqif YAP hakimiyyətinin böyük qüsurudur. Dövlət belə qüsuru qaldırmaz. Ona görə də bu yanlışı düzəltmək ilk növbədə YAP iqtidarına düşər. Düzəltməzsə əgər, onda bu görəv cəmiyyətə düşər və bu yanlış ictimai qınaq obyektinə çevrilər.
Çünki bu fikirlərin sahibi parlamentdə, özü də Məhəmməd Əminin qaldırdığı bayrağın altında oturmağı özünə rəva bilib, üstəlik onun haqqında bu cür həqarətlərə yol verə bilirsə, bu, normal sayıla bilməz.
YAP-ın təbirincə, əgər müasir Azərbaycan mərhum Heydər Əliyevin əsəri sayılırsa, unutmaq lazım deyil ki, bu əsər Rəsulzadənin əsərinin motivləri əsasında qurulub. Və Heydər Əliyevə olan sevgi Azərbaycan Cumhuriyyətinin qurucusuna qarşı nifrətə çevrilə bilməz. Bu, həyat fəlsəfəsinə tərs düşər.
Ən azından ortada Heydər Əliyevin Rəsulzadəyə müsbət münasibəti kimi bir nümunə varkən, karyera üçün YAP qatarının son vaqonuna yüyürüb çatan Naqif kimilərinə bu böyük şəxsiyyət haqda söz demək düşməz. Bunu deyə bilmək və tarixi qiymət vermək üçün Heydər Əliyev çapında siyasətçi, dövlət adamı olmaq gərəkdir.
Bütün dedikləri həqarət azmış kimi, bu adam bir də jurnalistə “tarix dərsi” keçməyə qalxır. Bizlər Cumhuriyyətin tarixini, onun liderlərini ömrünü Rəsulzadə irsinin öyrənilməsinə sərf etmiş Şirməmməd Hüseynovdan öyrəndik. O isə sən dediklərini demir, Naqif Həmzəyev. Bəs onda Cumhuriyyətin öndərinə bu qədər nifrət qusmaq hansı “qidalanmanın” nəticəsidir? Nə yedin ki, bu günə düşdün, cənab deputat?
Rəsulzadə kimi şəxsiyyəti aşağılamaq səni qaldırmaz, olsa-olsa, “karlik”lər arasında boyunu göstərir. Unutma ki, məxsus olduğumuz haqq din olan İslamda başlara basa-basa qalxmaq, yüksəlmək yoxdur, piramida üsulu biz müsəlmanlara görə deyil. İslamda insan haqqı çox ciddi olaraq qorunur Bizim İslam əxlaqında hər kəs yan-yana, eyni səfdə, bərabər imkanlarla səf tutarlar. Öndə bir yer boşaldıysa da, ən layiqlisi onun yerinə keçər.
Yoxsa ki, bir büstün başına torba keçirməklə aid olduğu insanın adı, namı, əməlləri yox olmaz. Siz torba keçirdərsəniz, o isə qəlblərə köçür, qurduğu dövlətin varislərinin qəlblərində məkan tutur. Qəlbə də torba keçirdəcək deyilsiniz ki, Naqif Həmzəyev?!
Əgər Heydər Əliyevi yaşatmaq istəyirsən, öncə Rəsulzadəni yaşadacaqsan. Çünki Əbülfəz Elçibəy, Heydər Əliyevi doğuran Rəsulzadənin miras olaraq buraxdığı irsdir, əksinə deyil.
Rəsulzadəyə Müsavatın qurucusu və ideoloji rəhbəri olaraq baxarsanız, bu da doğru olmaz, yanlış olar. Və baxılan bu pəncərəyə, həm də baxışa yazıq olur. Rəsulzadəni bir Müsavata sığdırmaq, yaxud təkcə müsavatçıların ona sahib çıxması onu böyütməz, kiçildər və bir siyasi partiya səviyyəsinə endirər. Halbiki Müsavat bir siyasi partiya olaraq Rəsulzadə üçün gələcək müstəqil bir dövləti yoxdan var etmək məqsədilə sadəcə vasitəydi.
Belə şəxsiyyətlər həmişə partiyaların, istənilən dövlət vəzifələrinin üstündə, fövqündə durarlar. Bu cür dahi və tarixi şəxsiyyətləri analiz etmək, ona tarixin süzgəcindən keçən baxışla baxmaq təsadüf adamlara düşməz. Bu təsadüf adamların onu aşağılamaq istəyi Məhəmməd Əmin bəyi kiçiltmədiyi kimi, dəyərini də düşürməz. Çünki o, özü bir dəyərdir, Azərbaycanın dəyəridir və təbii ki, vəzifəyə görə qiyməti olanlar onu sevməz. Çünki dəyərlər alınmaz, satılmaz və pulla, maddiyatla ifadəsi olmaz.
Kimsə Naqifin bu yanlışını siyasi naşılıqla dəyərləndirə bilər. Amma düşündüklərini gizlədə bilmək, daha uyğun bir formada təqdim edə bilmək kimi siyasi ustalıq da insanı haqlı çıxarmaz. Çünki siyasət əxlaqsızlıq vasitəsi deyil və heç zaman da olmadı. Siyasəti əxlaqsız edən biz insanlarıq. Hər bir şeyin əxlaqı olduğu kimi, siyasətin də əxlaqı var və buna uyğun davranmaq gərəkir. Yox, əgər ortada bir yanlış varsa, bu siyasətin nəticəsi deyil, bizim əməllərimizin qarşılığıdır.
İndi Naqif Həmzəyev, bu gün sənin parlamentdə oturmağın qədərinin gözəl yazılması, yaxud sənin şücaətin sayəsində deyil. Bu bir imtahandır və bu imtahan dünyasında hər şey batmanla gəlir, nemətlər də, dərd də. Unutma ki, yaxşılıq və pislik insanlıqla bərabərdir. Eyni zamanda pislik qədərimiz də deyildir. Yaxşı olmağı da seçə bilərik. Və yaxşı olmağı seçərsək Allah da onu qədərimiz olaraq yazar.
İndiki sosial-siyasi mövqeyin səni qətiyyən çaşdırmasın və bunu hakimiyyətin verdiyi güclə qazandığın bir zəfər sanma. Zəfər sanarsan belə, unutma ki, bu cür zəfərləri zorba, güclü də əldə edə bilər. Əsil olan zəhərlənməmiş, qatqısı olmayan bir zəfərdir ki, bu da güclə deyil, güc əxlaqı ilə olur. Əks təqdirdə zəfərin verdiyi sərxoşluq səni meyxoş edər, bu isə həqiqətin deyil, sərxoşların zəfəri olur. Belə zəfər isə qəlbin örtülməsinə izin verir ki, bu da yasaqdır.
Əslində yasaq pis deyil. Hər şey yasaqlar, məhdudiyyətlərlə gözəldir. Hədsiz olan şey əhəmiyyət daşımaz, gözəl olmaz. Ona görə də dilimizə, sözümüzə, gözümüzə, qəlbimizə girib, çıxanlara hədd qoymağı bacaracağıq.
Sonda bir deyimi xatırlatmaq istəyirəm ki, Iki türk bir araya gələrsə, dövlət qurmaq haqda düşünərlər. Ona görə biz türklərdə dövlət müqəddəsdir və baba anlamına gəlir. Rəsulzadə də yoxdan dövlət quracaq o iki kişidən biridir. Ona görə də hər kəs həddini biləcək.
Natiq Miri, "Hürriyyət"