VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaya çatmadan həyatını itirənlərin STATİSTİKASI

Baxış sayı:
334

Məlum olduğu kimi, Azərbaycanda 1 iyul 2026-cı il tarixindən etibarən qadınların pensiya yaşı da 65 yaşa çatdırılıb. Bununla da ölkədə həm kişilər, həm də qadınlar üçün yaşa görə əmək pensiyasına çıxmaq hüququ 65 yaşda yaranır.

Məlumat üçün bildirək ki, qadınların pensiya yaşı son 12 ildə mərhələli şəkildə 5 il artırılıb. Belə ki, 2014-cü ildə qadınlar 59 il 6 ay yaşında pensiyaya çıxırdılarsa, 1 iyul 2026-cı ildən etibarən bu hədd 65 yaş olub. Ümumən isə Azərbaycanda pensiya yaşının artırılması prosesinə ilk dəfə 2005-ci ildə başlanılıb. Həmin vaxt kişilər üçün pensiya yaşı 60-dan 61 yaşa, qadınlar üçün isə 55-dən 56 yaşa qaldırılıb. Bir neçə illik fasilədən sonra proses 2010-cu ildən yenidən davam etdirilib. Həmin ildə qanunda dəyişiklik edilərək 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajına malik olduqları halda yaşa görə əmək pensiyası almaq hüququnun yaranacağı təsbit edildi.

Qanunvericiliyə əsasən, kişilərin pensiya yaşı 2010-cu il yanvarın 1-dən 2012-ci il yanvarın 1-dək, qadınların pensiya yaşı isə 2010-cu il yanvarın 1-dən 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılıb. Daha sonra pensiya yaşının artırılması ikinci mərhələdə davam etdirilib. Kişilər üçün yaş həddi 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınlar üçün isə 2017-ci il iyulun 1-dən 2026-cı il iyulun 1-dək hər il daha 6 ay artırılıb və 65 yaş həddinə çatdırılıb.

Beləliklə, son 16 ildə kişilərin pensiya yaşı 62-dən 65 yaşa, qadınların pensiya yaşı isə 57-dən 65 yaşa yüksəldilib.

Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, pensiya yaşının mərhələli şəkildə artırıldığı dövrdə hər il on minlərlə insan pensiya yaşına çatmadan vəfat edib.

DSK-nin məlumat bazası əsasında bu istiqamətdə apardığımız kiçik bir araşdırmaya görə,( 2024-cü ilə qədər hesablama aparılmasının səbəbi DSK-nin 2025 və 2026-ci illərə dair ölkədəki ölüm statistikasını təqdim etməməsi ilə bağlıdır-red.) 2014-cü ildə Azərbaycanda 55 648 nəfər vəfat edib. Onlardan 29 655 nəfəri kişi, 25 993 nəfəri qadın olub. Həmin il ölənlərin 21 844 nəfəri pensiya yaşına çatmadan dünyasını dəyişib.

2015-ci ildə ümumilikdə 54 697 nəfər vəfat edib. Ölənlərdən 29 130 nəfəri kişi, 25 567 nəfəri qadın olub. Onlardan 22 655 nəfəri pensiya yaşına çatmadan vəfat edib.

2016-cı ildə ölkədə 56 648 ölüm qeydə alınıb. Vəfat edənlərin 29 924 nəfəri kişi, 26 724 nəfəri qadın olub. Ölənlərdən 22 409 nəfəri pensiya yaşına çatmayıb.

2017-ci ildə ümumi ölüm sayı 57 109 nəfər təşkil edib. Onlardan 30 429 nəfəri kişi, 26 680 nəfəri qadın olub. 23 332 nəfər isə pensiya yaşına çatmadan həyatını itirib.

2018-ci ildə ölkədə 57 250 nəfər vəfat edib. Ölənlərdən 30 643 nəfəri kişi, 26 607 nəfəri qadın olub. Həmin il 22 698 nəfər pensiya almadan vəfat edib.

2019-cu ildə ümumi ölüm sayı 55 916 nəfər olub. Onlardan 29 926 nəfəri kişi, 25 990 nəfəri qadın təşkil edib. Ölənlərin 22 911 nəfəri pensiya yaşına çatmayıb.

2020-ci ildə COVID-19 pandemiyasının təsiri və Vətən Müharibəsi ilə əlaqədər ölüm göstəricisi xeyli artaraq 75 647 nəfərə yüksəlib. Vəfat edənlərin 42 081 nəfəri kişi, 33 566 nəfəri qadın olub. Həmin il 32 169 nəfər pensiya yaşına çatmadan dünyasını dəyişib.

2021-ci ildə son illərin ən yüksək ölüm göstəricisi qeydə alınıb. İl ərzində 76 878 nəfər vəfat edib. Onlardan 40 261 nəfəri kişi, 36 617 nəfəri qadın olub. Ölənlərin 30 544 nəfəri pensiya yaşına çatmadan həyatını itirib.

2022-ci ildə ölkədə 60 810 nəfər vəfat edib. Ölənlərdən 33 157 nəfəri kişi, 27 653 nəfəri qadın olub. Həmin il 24 127 nəfər pensiya yaşına çatmadan vəfat edib.

2023-cü ildə ümumi ölüm sayı 60 150 nəfər olub. Onlardan 33 120 nəfəri kişi, 27 030 nəfəri qadın təşkil edib. Ölənlərin 25 153 nəfəri pensiya yaşına çatmayıb.

2024-cü ildə isə Azərbaycanda 58 909 nəfər vəfat edib. Onlardan 32 436 nəfəri kişi, 26 473 nəfəri qadın olub. Həmin il 23 092 nəfər pensiya yaşına çatmadan dünyasını dəyişib.

Ümumilikdə, 2014–2024-cü illərdə Azərbaycanda 669 min 662 nəfər vəfat edib. Onlardan 357 min 762 nəfəri kişi, 311 min 900 nəfəri qadın olub. Eyni dövrdə 271 min 934 nəfər pensiya yaşına çatmadan vəfat edib. Bu isə o deməkdir ki, 2014-2024-cü illər ərzində hər 10 nəfərdən təxminən 4-ü pensiya yaşına çatmadan həyatını itirib.

E. Bəyməmmədli