Uşaqlıq dostunu öldürən Babək 17 il cəza alıb: “Salam verəndə dedi ki, sən gözlə” - TƏFƏRRÜAT

Baxış sayı:
772

Narkotik satmaq istəyən Şəkiyə gəlsin: Rayon əhalisi də şokda, polis-prokurorluq da...
Sinif yoldaşını ona salam vermədiyi üçün öldürən Babək 17 illik cəzadan narazı qalıb. Babək indi cəzasının azaldılmasını istəyib.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Babək Həsənov 18 fevral 2019-cu il tarixdə sərxoş vəziyyətdə Sumqayıt şəhəri, Heydər Əliyev prospektindəki Tibb Kollecinin yanındakı çayxanada tanışı Seyidov Aydın Əliabbas oğlu ilə salamlaşmaq məqsədi ilə ona əl uzadıb. Amma Aydın ona əvvəlcə əlini uzadıb, sonradan əlini geri çəkərək onunla salamlaşmayıb. Bu zaman orada hər iki tərəfin ortaq tanışları da olub.
Babək bu hərəkəti özünə təhqir hesab edib və bunun qisasını almağı planlaşdırıb. İttihamda yazılır ki, Babək bu hərəkətinə görə Aydını xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib.
Bu məqsədlə də Sumqayıt şəhəri, Kottec qəsəbəsində yerləşən dəmirçi sexinə gedərək oradan özünə məxsus ucu kəsici-deşici aləti götürüb bel kəmərinə bərkidib. Yenidən həmin çayxanaya qayıdıb və Aydını söhbət etmək bəhanəsi ilə bayıra çıxarıb.
İttihamda göstərilir ki, Babək Aydından etdiyi hərəkətin səbəbini soruşub. Aydın isə həmin məsələni unutmağı məsləhət görüb. Bundan qəzəblənən Babək belindən çıxardığı bıçaqla Aydının qarın boşluğuna bir zərbə endirib.
Bıçaq zərbəsi alan Aydın qaçmağa başlayıb. Babək Aydın Seyidovun ölməsini qətiləşdirmək üçün bir neçə metr qovub və əlindəki aləti onun arxasınca atıb. Aydın avtomobil yolunun qarşı tərəfinə keçərək canını növbəti zərbələrdən qurtara bilib.
Sonra Aydın Seyidov çayxanaya gəlib və oradakı şəxslər tərəfindən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Lakin ona tibbi yardım göstərilməsinə baxmayaraq, aldığı xəsarətdən baş verən daxili qanaxma nəticəsində bir neçə saat sonra vəfat edib.
29 yaşlı Babək törətdiyi əmələ görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib.
Babək bu cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb.
Məhkum Babəkin müdafiəçisi apellyasiya şikayətində Babək Həsənov barəsində çıxarılmış ittiham hökmünün dəyişdirilməsini, onun əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərrə vurma, ölümlə nəticələndikdə) maddəsinə tövsif edilməsini istəyib. Vəkil Babəkə həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş edib.
Müdafiəçi çıxışında qeyd edib ki, Babək Həsənovun ittiham olunduğu əməli törətməsi barədə cinayət işinin materiallarında hər hansı mötəbər sübut müəyyən edilməyib. Belə ki, hadisə Babəklə Aydın arasındakı anlaşılmazlıqdan baş verib. Aydın Babəkin salamını almadığı üçün sonuncu onu kafedən çölə çağırıb və hərəkətinin səbəbini soruşub. Həmin vaxt Aydın Babəkə kobud cavab verib, onu yerə yıxıb yumruqla başına vurub və Babəki nalayiq söyüşlərlə təhqir edib.
“O, da fiziki cəhətdən ondan üstün olan Aydın Seyidovu qorxutmaq məqsədi ilə cibində olan iş aləti “napilnik”i çıxarıb və Aydına qorxutmaq üçün ona göstərib. Lakin həmin alətin Aydına necə dəydiyini görməyib. Babək Aydının yaralandığını gördükdən sonra “napilnik”ə baxdıqda cinayət alətinin təmiz olduğunu görüb və onu yol kənarına tullayıb. Hadisənin baş verməsini kənar bir şəxs görməyib. Babək Həsənov cəmi bir bıçaq zərbəsi endirib və bundan sonra zərərçəkmiş şəxsin ölümünə səbəb olan hər hansı bir aktiv hərəkət etməyib. Babək Həsənovun, ümumiyyətlə səbəbsiz yerə qəsdən adam öldürməsi barədə ittihamda göstərilən fikirlər təmamilə əsassız olmaqla, ehtimal və mülazilərə əsaslanır. Babəkin Aydını vurmaqda niyyəti zərərçəkmişi öldürmək yox, sonuncuya ağır xəsarət yetirmək olub. Zərərçəkmiş şəxs ona vaxtında tibbi yardım göstərilməməsi səbəbindən, yəni çoxlu qan itirmək səbəbindən ölüb. Bu halın baş verməsi ehtiyatsızlıq nəticəsində olub. Təqsirləndirilən şəxsə cəza təyin edərkən Babək Həsənovun əməlini etiraf edərək səmimi peşmançılığını, könüllü polisə təslim olmasını nəzərə alınmayıb. Ona həddindən artıq sərt cəza təyin edilib”.
Babək isə ifadəsində deyib ki, Aydınla Qubadlı-Mahrızlı tam orta məktəbində eyni sinifdə oxuyublar. Aydın onun toyunda da iştirak edib.
Babək bildirib ki, hadisə günü çayxanadan çıxanda Aydınla üz-üzə gəlib. Həmin vaxt o, Aydına əlini uzadıb. Aydın əvvəlcə əlini ona tərəf uzadıb sonra geri çəkib və ondan arxada olan şəxslərlə əllə salamlaşıb ona “sən gözlə” deyib. Aydının bu hərəkəti onun şəxsiyyətinə toxunub.
O, Aydını həmin hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və özünün iş yerinə gedib iti uclu və kəsici aləti götürüb şalvarının kəmərinə bərkidib yenidən çayxanaya qayıdıb. Aydına yaxınlaşıb onu söhbət etmək adı ilə bayıra çağırıb:
“Aydın dedi ki, nə sözün varsa, hamının yanında de. Mən təkid etdikdən sonra Aydın bayıra çıxmağa razılaşdı. Aydından digər şəxslərin yanında məni saymayaraq salam verməməsinin səbəbini soruşdum. Aydın “unut getsin” dedi. Aydının qarnına bir dəfə vurdum. Aydın əli ilə qarnını tutub yerə yıxıldı. Sonra taksiyə minib Qurd dərəsinə getdim. Orada iki bakal pivə içdim. Polis bölməsindən mənə zəng gəldi və məni polisə çağırdılar. Aydını ödürmək məqsədi ilə vurmamışam”.
Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.
Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edib ki, apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə belə qənaətə gəlib ki, Babək daha əvvəl aralarında heç bir mübahisə, münaqişə olmayan Aydını əsassız səbəbdən, xuliqanlıq niyyəti ilə qətlə yetirib.