UKRAYNADAKI İŞĞALA DƏSTƏK MİTİNQİ... – Putinin 12 minlik gödəkcəsi və 7 dollara aksiyaya qatılanlar... / VİDEO

Baxış sayı:
1567

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Moskvadakı “Lujniki” stadionunda keçirilən “23 fevral-Vətənin müdafiəçiləri” gününə həsr olunan konsert mitinqində iştirak edib.

“AzPolitika.info” xəbər verir ki, Putin mitinqdə çıxış edərək, bütün Rusiya xalqının vətənin müdafiəçilərini dəstəklədiyini bəyan edib.

Ukraynadakı işğalın ildönümü üçün stadiona toplaşan on minlərlə rusiyalı, bu qədər insanın həlak olduğu müharibədə öz liderlərinə sadiqlik nümayiş etdiriblər. Onlar əli minlərlə günahsız ukraynalının qanına bulaşan Putinin çağırışlarına səs verərək, “Rusiya” şüarları səsləndiriblər.

Mavi ekrandan hamının tədbirdə həvəslə iştirak etdiyi görünsə də, əslində reallıq fərqlidir. Belə ki, bir sıra nüfuzlu KİV-lərin araşdırmaları nəticəsində məlum olub ki, tədbirdə iştirak edənlər içərisində bu mitinqə könüllü qatılmayan kifayət qədər Rusiya vətəndaşı olub. Dövlət işində çalışanlar mitinqə məcburən gəldiklərini, tələbələr isə müxtəlif vədlər əsasında orada olduqlarını bildiriblər.

“The Moscow Times” nəşrinə müsahibə verən mitinq iştirakçılarından biri təsdiqləyib ki, orada olanların əksəriyyəti buna məcbur ediliblər:“Düzünü desəm, mən bu aksiyanı absurd hesab edirəm. Biz orada iştirak etməyə məcbur idik, heç nə edə bilməzdik. Hakimiyyət bu mitinqdən təbliğat vasitəsi kimi istifadə edərək, bu yolla televizyaya baxan rus xalqını aldatmağa çalışır. Mən heç vaxt öz istəyimlə bu tədbirə getməzdim”.

50 yaşlarında bir kişi isə stadionu görmək üçün mitinqə qatıldığını deyib: “Mən həqiqətən konsertə getmək istəmirdim, amma stadionu çox görmək istəyirdim. Heç vaxt orada olmamışdım”.

“Telegram”-da dərc olunan xəbərlərə görə, ruslara Putinin mitinqinə qatılacaqları təqdirdə 500 rubl (7 dollar-red.) vəd edilib. Bir iş adamı tələbələrə mitinqdə iştirak edəcəkləri təqdirdə, onların təhsil haqqlarını ödəyəcəyini, pulsuz yemək və hədiyyələr verəcəyini vəd edib.

 
Başqa bir iddiaya görə ki, mitinqə 300 min insan səfərbər edilsə də, onların 200 mini tədbirə qatılıb.

Daha bir maraqlı məqam odur ki, Ukraynanın hava zərbəsindən qorxan Putin, stadionun ərazisinə hava hücumundan müdafiə sistemləri quraşdırmağı əmr edib. Onun təlimatı əsasında “Pantsir S-1” Zenit-Raket Kompleksi “Lujniki” stadiondakı “Vorobyovy Hills” müşahidə məntəqəsində yerləşdirilib.

Putinə gəlincə, o , həmişəki kimi “Loro Piana”dan dəyəri 12 min dollar olan gödəkçəsini geyinərək, öz xalqını işğala dəstək olmağa, Ukraynada döyüşən rus hərbçilərinin arxasında durmağa çağırıb.

O, təkidlə bildirib ki, bütün ölkə müharibədə iştirak edən rus hərbçilərinə güvənir və onların arxasındadır.

Putin bütün çıxışı boyu, “Ukraynada Vətəni müdafiə etmək üçün döyüşənlərlə fəxr edirik”, “Ura!”, “Rusiya” kimi, şüarlar səsləndirərək izdihamlı kütlədən alqış toplmağa çalışıb...

E. Bəyməmmədli