UKRAYNADA PUTİNİN ƏN ƏSAS ADAMI “VURULDU” – “ABŞ Ukraynaya təhlükəsizlik təminatı verib”

Baxış sayı:
424

Kiyev məhkəməsi mayın 13-də Kremlə yaxın maqnat və siyasətçi Viktor Medvedçukun dövlətə xəyanətdə ittiham edilən başqa bir rusiyayönlü millət vəkili ilə birlikdə ev dustağı edilməsinə dair hökm verib.

Məhkəmə prokurorların Medvedçukun saxlanmasına dair dinləmədən əvvəl verdiyi vəsatəti rədd edib. Prokurorlar habelə saxlanacağı təqdirdə Medvedçukun zaminə buraxılması üçün 300 milyon qrivna (10.8 milyon dollar) zamin pulu müəyyən edilməsini istəmişdilər.

Medvedçuk hökm oxunduqdan sonra mübarizəsini davam etdirəcəyini bildirib. O deyib ki, ittihamın siyasi motivli olub-olmadığı araşdırılmalıdır.

Rusiya prezidenti Vladimir Putinlə şəxsi münasibətləri olan Ukrayna millət vəkili Medvedçuka bundan əvvəl xəyanət ittihamı ilə bağlı cinayət işi barədə məlumat verilmişdi.

Bundan əvvəl Ukraynanın Milli Təhlükəsizlik Xidməti (SBU) onun Kiyevdəki evində və ofisində axtarış aparmışdı.

Medvedçuk və onun rusiyayönlü “Həyat uğrunda” müxalifət platforması bu ittihamların siyasi motivli olduğunu elan edib.

Fevral ayında Ukrayna Milli Təhlükəsizlik Şurası Medvedçuka, onun arvadı Oksana Marçenkoya və bir neçə başqa fərdə və vahidə sanksiyalar elan etmişdi.

Sanksiyalarda Medvedçukun və arvadının aktivlərinin üç ilədək dondurulması və onların ölkədə bizneslə məşğul olmalarının qadağanı nəzərdə tutulur.

Prezident Vladimir Zelenskinin hökuməti Medvedçuka aid olduğu düşünülən üç telekanala da sanksiyalar qoyub.

Bu sanksiyalar ABŞ dövlət katibi Entoni Blinkenlə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında danışıqlardan az sonra elan edilmişdi.

Medvedçukun başçılıq etdiyi platforma Ukrayna parlamentində ən böyük müxalifət fraksiyasıdır. O, 450 mandatlıq parlamentdə partiyasının 44 deputatından biridir. Putinin Medvedçukla münasibətləri o qədər yaxındır ki, Rusiya prezidenti Ukrayna deputatının qızının xaç atalığını edib.

 

 

Siyasi təhliçi Şahin Cəfərli bildirir ki, Medvedçuka qarşı atılan hər hansı addım təxminən elə Putinin özünə qarşı yönəlmiş addımdır. “Bu səbəbdən Medvedçukun kollaborant şəbəkəsinə qarşı fevralın sonlarında başlanan əməliyyatdan sonra ehtimal etmişdim ki, Putin bunu cavabsız qoymaz. Elə də oldu. Ukrayna sərhədlərinə böyük qoşun qruplaşması cəm edilməsinin səbəblərindən biri məhz bu idi”, - deyə o vurğulayıb. Ş.Cəfərli xatırladır ki, Kreml mediası o zaman artıq Ukraynaya müdaxilə üçün ictimai rəyi hazırlamağa başlamış, 2014-cü ildəki “çarmıxa çəkilmiş oğlan uşağı” hekayəsi azacıq redaktə ilə “Bayraktar dronu tərəfindən vurulmuş oğlan uşağı” deyə dövriyyəyə buraxılmışdı.

Ekspert bundan sonra baş verənlərin xronikasına diqqət etməyi tövsiyə edir: “Prezident Putinin aprelin 21-də Federal Məclis qarşısındakı nitqində Ukrayna və ya Belarus - yaxud hər ikisi ilə əlaqəli önəmli qərarların elan olunacağı gözlənilirdi. O ərəfədə qeyri-rəsmi məlumat da yayıldı ki, aprelin 23-də Federasiya Şurasının növbədənkənar toplantısı çağırılıb. Bilirsiniz ki, ordudan xaricdə istifadə edilməsi üçün Federasiya Şurasının icazəsi lazımdır. Lakin “milli lider”in nitqi gözlənilmədən çox sönük oldu. Çıxış bitdikdən sonra başlayan canlı bağlantılarda hiss olunurdu ki, propaqandistlər çaşqınlıq yaşayır, çünki 78 dəqiqəlik nitqin böyük hissəsi ailə-məişət (бытовуха) məsələlərinə həsr olunmuşdu. Xarici siyasətə dair nəinki hər hansı qərar yox idi, hətta vurucu cümlə tapmaq da təbliğat maşını üçün problemə çevrilmişdi.

Rəhbərin müraciətinin ertəsi günü – aprelin 22-də müdafiə naziri Şoyqu Cənub və Qərb hərbi dairələrində “yoxlama tədbirləri”nin bitdiyini elan edib, qoşunların geri çəkilməsi əmrini verdi.

Həmin gün Lukaşenkonun Rusiyaya səfəri və Putinlə görüşü də nəzərdə tutulmuşdu. Gözlənilirdi ki, Lukaşenko Rusiya-Belarus inteqrasiyasına dair yol xəritəsini imzalayacaq. Lakin Putinlə görüşdən sonra Belarus rəhbəri açıqlama vermədən geri qayıtdı, bir az sonra məlum oldu ki, o, növbəti dəfə inteqrasiya sənədini imzalamaqdan yayınaraq bu məsələni payıza saxlamağı xahiş edib.

Putinin çıxışının “dağın siçan doğması” effekti verməsi və ondan sonrakı gəlişmələrə şübhəsiz ki, Moskva-Vaşinqton xəttindəki kommunikasiyanın ciddi təsiri var”.

Şahin Cəfərlinin sözlərinə görə, Putin milyardlarla rubl xərcləyib, Ukrayna sərhədinə qoşun yığmaq və sonra geri çəkməklə görünən 2 nəticə əldə etdi: “Birincisi, Bayden qatil dediyi Rusiya prezidentini bərabərhüquqlu tərəf-müqabil qismində görüşə dəvət etdi; ikincisi, ABŞ prezidenti masasındakı Rusiyaya qarşı sanksiya variantlarının ən yüngülünü seçdi.

Putin-Bayden görüşünə hazırlıq necə gedir, hansısa alverlər, razılaşmalar olacaqmı, bunu indidən söyləmək mümkün deyil. Amma Blinkenin Kiyevə səfərindən sonra “5-ci kolon”un çökdürülməsinə yönəlmiş əməliyyatın qaldığı yerdən davam etməsi söyləməyə əsas yaradır ki, ABŞ Ukraynaya təhlükəsizlik təminatı verib. Çünki belə bir təminat olmadan Rusiya şəbəkəsinin başı Medvedçuka ən ağır ittihamın irəli sürülməsi, onun evində və partiyasının mərkəzi ofisində axtarış aparılması Zelenski və ümumilikdə Ukrayna dövəti üçün çox riskli olardı”.