UCAR MƏHKƏMƏSİNİN SƏDRİNƏ QARŞI RÜŞVƏT İTTİHAMI.. - Rayon sakinindən İnam Kərimova müraciət / FOTO
Ucar rayonu, Bərgüşad kənd sakini Abdullayev Ələddin Yasin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli cənab sədr!
Mən mətbuat vasitəsi ilə yazıb Sizə bildirirəm ki, Ucar Rayon Məhkəməsinin sədri Hilal Xəlilov oturduğu məhkəmə binasını “qara bazar”a çevirib.
Belə ki, mən Ucar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ucar rayon Bərgüşad kəndində yerləşən və mənə məxsus 1200,05 kvadratmetr həyətyanı və 799 kavadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə hasar çəkilməsinə mane olmasının cavabdehlər Rəsulova Xanım Alı qızına, Rəsulova Şəfəq Faxrəddin qızına, Abdullayeva Nəzakət Yasin qızına və Əhədova (Abdullayeva) Tahirə Yasin qızına qadağan olunması və cavabdehlərin həmin hasarı çəkmək üçün yaratdıqları manelərin aradan qaldırılması barədə qətnamə qəbul etməsini xahiş etmişəm. Məhkəməyə ərizəni 23 may 2023-cü il tarixdə göndərmişəm. Bu iddia ərizəsi Ucar Məhkəməsi tərəfindən icraata götürülərək hakim Hilal Xəlilovun sədrliyi ilə bir neçə məhkəmə iclası keçirilib. Lakin iki ildən artıq vaxt keçsə də bu iddia ərizəsi əsasında icraata götürülən işə baxılmadan saxlanılıb.
Fevral ayının 23-də Azərbaycan Respublikasının Ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən Azər Cəfərovun Ucar şəhərində keçirilən qəbuluna yazıldıqdan sonra nazirliyin əməkdaşı mənimlə əlaqə saxlayaraq problemimlə maraqlandı. Mən bu məhkəmə işi ilə bağlı ətraflı məlumat verdikdən sonra nairliyin əməkdaşı məndən işin məhkəmə ekspertizasının təyin olunması ilə bağlı məktubun nömrəsini istədi. Mən məktubun nömrəsini Ucar Rayon Məhkəməsindən tələb etdikdə məlum oldu ki, ekspertizanın təyin olunması yalandır. Hakim Hilal Xəlilov törətdiyi qanunsuz əməlinə görə cəzalanacağını başa düşüb özü mənimlə əlaqə saxlayaraq xahiş etdi ki, mən Azər Cəfərovun qəbuluna girməyim, qısa müddət ərzində həm ekspertiza keçiriləcək, həm də məhkəmənin növbəti iclasının keçiriləcəyi ilə bağlı mənə bildiriş göndəriləcək. Lakin qəbulun vaxtı keçdikdən sonra hakim Hilal Xəlilov əvvəlki qaydada olduğu kimi, yenə də məni get-gələ salır.
Hakim Hilal Xəlilovun bu hərəkətindən sonra mənə tam məlum olur ki, o öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məhkəmənin yekun qərarını vermək istəmir. Bunun üçün o, hər gün bir bəhanə uydurur. Gah deyir ki, cavabdehlər ekspertləri mübahisəli torpaq sahəsinə buraxmırlar, gah da deyir ki, ekspertlər işi yubadırlar. Amma mənə tam məlum olan odur ki, cavabdehlərlə hakim arasında bir əlaqə var. Bu əlaqənin də olması maddiyyat üzərindədir. Belə olmasaydı, hakim bu məhkəmə çəkişməsini bu qədər uzatmazdı.
Qeyd edim ki, həmin torpaq sahəsi ilə bağlı 2017-ci il tarixdə eyni iddia tələbi ilə iddia ərizəsi yazaraq cavabdehlər Rəsulova Xanım Alı qızının həyat yoldaşı, Rəsulova Şəfəq Faxrəddin qızının atası, Abdullayeva Nəzakət Yasin qızının və Əhədova (Abdullayeva) Tahirə Yasin qızının qardaşı olan Abdullayev Faxrəddin Yasin oğlunu cavabdeh qismində qoyaraq Ucar Rayon Məhkəməsinə müraciət etmişdim. Həmin müraciətim Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov tərəfindən araşdırılmış, məhkəmə ekspertizası keçirilmiş və məhkəmənin 2(063) -60/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə mənim iddi tələbim təmin edilmişdir. Ucar Rayon Məhkəməsinin bu qərarı qanuni qüvvəsini alaraq icra olunması üçün Ucar rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin cavabdeh Abdullayev Faxrəddin Yasin oğlu öldüyü üçün qətnamənin icrası dayandırılmışdır. Həmçinin ekspertizanın verdiyi rəy belə olmuşdur ki, sözügedən torpaq sahəsi mənim xususi mülkiyyətimdədir. Mən həmin torpaq sahəsinə hasar çəkmək istəyəndə bu dəfə hal-hazırda cavabdeh qismində qoyulmuş şəxslər maneə yaratmışlar.
Hörmətli İnam müəllim!
Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən cənab Azər Cəfərova və şəxsən Sizə poçt vasitəsi ilə rəsmi qaydada ərizədə göndərmişəm. Həm cənab Prezidentə, həm də cənab Azər Cəfərova göndərdiyim ərizələr araşdırılması üçün Sizə göndərilib. Sizə göndərdiyim ərizə 01.04.2024-cü il tarixdə Sizə çatıb. Ərizənin Sizə çatması ilə bağlı xəbərnamənin cavabı da mənə poçt vasitəsi ilə verilib. Həmin xəbərnaməni də bu müraciətimə əlavə edirəm.
Ərizəmin Sizə çatmasından artıq dörd ay vaxt keçib. Bu dörd ay ərzində Məhkəmə Hüquq Şurasından, yəni Sizdən mən cavab almamışam. Niyəsini mən bilmirəm. Onu öyrənmək istəyirəm ki, niyə mənim dörd ay bundan əvvəl yazdığım ərizəyə cavab verilmir. Dəqiq olmasa da, onu bilirəm ki, cavabdehlərlə hakim Hilal Xəlilov arasında yaxşı münasibətlər yaranıb. Bu münasibətlər də maddiyyata görədir. Əvəzində Hilal Xəlilovda cavabdehlərə deyib ki, 2018-ci ildə verdiyi qətnaməyə zidd qərar verə bilməz. Çünki mübhisədə torpaq sahəsidir. Bu torpaq sahəsi əşya deyil ki, yerini dəyişsinlər, rezin deyil ki, enini və ya uzununu dartıb uzatsınlar. Ona görə də o cavabdehlərə söz verib ki, mən ölənə kimi məni süründürəcək və beləcə məhkəmənin yekun qərarı olmayacaq. Belə olmasaydı, “ekspertlər gəlmir”, “ekspertlər torpaq sahəsinə buraxılmır” - belə boş bəhanələrlə Hilal Xəlilov bu işi bu qədər uzatmazdı, çoxdan yekun qərarını verərdi.
Biz hüquqi dövlətdə yaşayırıq. Bu dövlətin polisi var, prokurorluğu var. Əgər hakim Hilal Xəlilov ədalətli qərar qəbul etmək istəsəydi, dediyi yalan və boş bəhanələri çoxdan həll etmişdi.
Hörmətli cənab sədr!
Sizdən xahiş edirəm ki, mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov barəsində ciddi tədbir görəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.