Türkiyəyə getmək istəyən 500 min rusiyalıya stop qoyulub - "Moskva Ankara ilə hesablaşmalı olacaq"

Baxış sayı:
479

Ötən həftə Ukryan prezidenti Vladmir Zelenskinin Türkiyəyə rəsmi səfəri, Ankarda onun yüksək səviyyədə qarşılanması və prezident Ərdoğanın Krım və Donbass problemi ilə bağlı Kiyevə birmənalı dəstək ifadə etməsi Kremldə qəzəb doğurub.

Moskva dərhal təzyiqlərə əl atıb. Əvvəlcə Rusiyadan bu ölkəyə aviareyslər 45 günlük dayandırılıb, ardınca may ayında Türkiyəyə dincəlməyə gedəcək 500 min rusiyalının çıxışına stop qoyulub. Yerli medianın yazdığına görə, ümumi dəyəri 423 mln. dollar olan turist paketləri ləğv olunub.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvanın narazılığını açıq-aşkar bəyan edib: “Kiyevdəki rejim ağılsız addımlar ata bilər ki, bunun da axırı pis qurtaracaq. Dərhal deyim ki, əlaqə qurduğumuz bütün məsul ölkələrə - Türkiyə də bunlardan biridir - Kiyevin döyüş ruhlu bəyanatlarını təhlil etməyi qətiyyətlə tövsiyə edirik və onları bu militarist duyğuları bəsləməmək üçün xəbərdar edirik”.

 

 

Nazirin bəyanatının ardınca Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, iki ölkə arasındakı münasibətlər bir sıra sahələrdə inkişaf edir: "Bunlar təkcə turizm deyil, həm də siyasi, strateji və energetikada əməkdaşlıq məsələləridir. Bu ikitərəfli münasibətlərin dinamik inkişafını görürük. Hava əlaqələrinin dayandırılmasına siyasi səbəb axtarmaq cəhdləri əsassızdır”.

Rusiya və Türkiyə arasında gərginliyi "AzPolitika.info"-ya şərh edən poltoloq Elxan Şahinoğlu bildirib ki, Moskva Ukrayna və Türkiyə əməkdaşlığından narahatdır. Onun sözlərinə görə, prezident Zelenskinin Ankaraya səfəri Rusiya siyasi dairələrində narazılıq doğurub.

"Halbuki, anlamalıdırlar ki, bütün normal ölkələr kimi, Türkiyə də Ukraynın ərazi bütövlüyünü tanıyır, Krımı bu ölkənin ərazisi sayır" - deyə, politoloq vurğulayıb.

 

 

E. Şahinoğlu qeyd edir ki, Ərdoğan Zelenski ilə görüşdə Rusiya əlehinə bir ifadə işlətmədi: "Əksinə, dedi ki, Donbass probleminin danışıqlar yolu ilə həllinə tərəfdarıdır. Amma bu Rusiyanı qane etmir, Moskvada düşünürlər ki, böyük ölkələr Ukraynaya dəstək verməməli, onunla hərbi əlaqələr qurmamalıdırlar. Amma reallıqda vəziyyət tam fərqlidir. Bütün ölkələr Ukraynaya tam dəstəyini ifadə edir, Krımı bu ölkənin ərazisi hesab edirlər. Ruslar indi guya bu mövqeyə görə Türkiyəni cəzalandırılar. Rəsmi şəxslər əhaliyə çağırış edirlər ki, Türkiyəyə səfərlərə getməyin".

Şahinoğlu bu cür qasdağaların gülüş doğurduğunu vurğulayıb: "Gülməlidir, Krımı işğal edəndə deyirdilər ki, rusların daha Türkiyəyə ehtiyacı olmayacaq, gedib elə Krımda dincələcəklər. Bəs nə oldu? Krım dəniz sahillərində cənnət kimi bir yerdir. Bəs niyə ruslar getmir Krıma? Çünki sərf eləmir, servis yoxdur. Rus və yerli şirkətləri aşağı səviyyəli xidmətlər təklif edirlər. Ona görə də ruslar ucuz və keyfiyyətli olan Türkiyə istirahət məkanlarına getməyi üstün tuturlar. Məncə bu müvəqqəti haldır ki, insanları Türkiyəyə getməməyə məcbur etsinlər. Ruslar Türkiyəyə getməyi, dincələmyi xoşlayırlar və buna davam edəcəklər".

O ki qaldı, Krım və Donbass məsələsinə, poltoloq Türkiyənin Ukraynanın ərazi bütövlüyünü və onun NATO üzvü olmasını dəstəklədiyini xatırladıb: "Ərdoğan bəyan edib ki, avqusutun 23-də Krımla bağlı keçiriləcək beynəlxalq konfransa qatılacaq. Türkiyə böyük ölkədir, bütün daşları bir zəmbilə yığmır. Rusiya ilə tərfdaş olması o anlama gəmir ki, Ukrayna ilə əlaqələrdən çəkinəcək, qorxacaq. Əslində Rusiya Türkiyənin bu addımları ilə hesablaşmaq məcburiyyətindədir".