Türkiyəmiz təhlükədə... - MƏMMƏDXAN ƏZİZXANLI YAZIR

Milli olmayan, bəşəri deyil!

Əsrlərdir türkün ayıq gözünə asılmış, bizə yad olan, ərəb və fars zehniyyətindən ibarət cəhalət pərdəsi, bizi çağlayan dünyadan azı yüz il geri salmaqdadır... Aydınlarımız, xüsusən də yenilikçi, qurucu M.K.Atatürk bu geriliklərdən yaxa qurtarılmasına çox çalışıb müəyyən uğurlar əldə etsələr də, lakin toplumu cəhalətdən tam qurtara bilməmişlər. Əlbəttə, bunun bir sıra obyektiv və subyektiv səbəbləri olmuşdur. Sanki, kimsə, bütün islam aləminin bu geriliklərinin özətinin fərqində deyilmiş kimi, hər şeyi göstərsələr də geriliyin özətini göstərməkdən yan keçmişlər. Halbuki, əsas məsələ, yəni çatışmazlıqların düyünü, özəti - qüsurlu düşüncə tərzindədir. Odur ki, yaşamda düşüncə, hədəf düzgün müəyyən olunmadıqca... kütləvi gerilikdən yaxa qurtarmaq mümkün deyil.
Əziz,  Türkiyə türkləri!
Bu gerilikdən özətcə yaxa qurtarmaq ümidilə hamınıza səslənirəm. Axı siz, həm də yenilikçi Qazi Mustafa Kamal Atatürkü yetirən, onu qələbələrə çatdıran  və onun çox üstün tərbiyəsini almış şanlı bir millətsiniz, digər soydaşlarımız bəd ayaqda sizə güvənir...
Sahibi olduğunuz qədər də bizim saydığımız Türkiyənin dağıdılmaqda olduğunu hamıdan yaxşı siz görürsünüz, yəqin. Bəs özünüzü, yurdunuzu qorumaqda əl, qolunuzu bağlayan nədir, axı siz dünyada imperiyalar yaradan xalqsız? Nədən, M.K.Atatürk kimi misilsiz bir öndərin çağdaş yurd əmanətini əldən verməkdəsiz? Nədən?
2015-ci ildə sizin televizyaların yaydığı reklamlardan gördüm ki, M.K.Atatürkün əsərlərinin tam toplusunu ilk dəfə olaraq çap edirsiz... şaşırdım. Düzü, çox çöçündüm (heyrət etdim) ona ki, bu iş nə üçün hələ görülməyib, axı, bu Kişinin əsərlərinin tam toplusu  indiyədək azı 2-3 dəfə basılmalıydı və millət də oxuyub öz əzablı və şanlı keçmişindən lazımi dərs almalıydı. Durum belədirsə, demək, əslində, Atatürkdən sonrakı bütün dövlət adamları, hökumət, aydınlar onu xalqa ətraflı tanıtmadıqlarına görə, Türkiyə Cümhuriyyəti dəyərlərinə sayğısızlıq, türk millətinə xəyanət etmişlər, deyilmi? Demək, bütün dövlət məsulları, Atatürk adından şüarlar deməklə görəvə gəldikdən sonra həm də baş girələmiş, onu necə var eləcə millətə tanıtmamış, öz şəxsi faydalarını güdmüş, sonucda isə Atadan tam məlumatlı olmayan xalq, onun millətə xidmətləri haqda yetərincə bilgi ala bilməmişlər. Özlərinə əlverişli durumdan faydalanan cəhalət sürüsü, illərcə yarımçıq insanların beynini sarmaqla zəhərləmiş və hətta,  türk millətinin qurtarıcısı,  qüruru, Türkiyə Cümhuriyyətinin qurucusu və simgəsi (simvolu)  olan bir Şəxsə həqarət etmək cəsarətində bulunmuşlar... Bu halda, türk kişisi gərək başındakı qeyrət rəmzi olmalı olan papağı daşımaya, deyilmi?
Əzizlərim, hər millətin özəl  mənəviyyatı - öz dili, mədəniyyəti, yaşam tərzi, ədəbiyyatı, dövləti,  sərhədi, hətta özəl düşüncə tərzi olur, deyilmi? Bəs nədən, bəzən sizin danışığınızı anlamaqçün Türkiyə (oxu,Osmanlı) ləhcəsi sözlüyünə yox, ərəb və fars dillərinin türk çevrimlərinə (lüğətlərinə) baxmalı oluram?... Məgər, siz həm də ərəb və farssız, deyin, biz də işimizi bilək və bir daha sizdən türklük adına nəsə ummayaq... Yoxsa, bu nədir, Türkiyədə, eynən Osmanlıdakı hakimiyyət rəsmiləri və aydınlar qatı, dil və kültürcə yarısı ərəb, yarısı fars, cüzisi də türk olduğu kimi, indi də əlavə yarısı Avropa əlamətli bir dil oluşdurmusuz? (Qarşılığı olmayan yabançı sözlərin özəlləşdirilərək işlədilməsi zərurəti istisna olmaqla). Siz, çoxmillətli, rəngarəng mədəniyyətli Avropada, belə, ala-bula əlamətli dil, millət görmüsüzmü? Görə bilməzsiniz, çünki, Avropalı millətlər nə öz dilinə, nə öz soyuna, nə də öz milli dövlətlərinə  digərlərini  qarışdırmamağa, öz saflıqlarını qorumağa çalışırlar. Olsun ki, yaşadıqları demoqrafik sıxıntılar, işçi çatışmazlığı üzündən içlərilərinə almağa məcbur olduqları yadları isə, öz içində tərbiyələndirib əritməklə özəlləşdirməmiş, nə ailə, nə də dövlət birliyinə (içinə) buraxmırlar və düz də edirlər. Çünki, milli olmayan, bəşəri deyil. Lakin, bu, heç də onların tək millət, monotoplum halında yaşamasını şərtləndirməz, əksinə, onlar saf tərkibli, fərqli millətlərin qanun və hüquq bərabərliyinə, azadlıqlarına  əsaslanan rəngarəng kültürlü (sivilizasiyalı) çiçək dəstəsini xatırladar ki, bu da həm qarşılıqlı mənəvi zənginləşməyə, həm də sonsuz maraqlılığa səbəb olmaqla gözəl həyat tərzini formalaşdırar. Elə bir yaşam tərzini ki, dünyanın, zülmdən usanan, ağlı başında olan və ayağı yer tutan başqaları... axınla orada yaşamağa can atır, hətta yarısı Ağ dənizdə batsa belə...
Bildiyiniz kimi, 36 Osmanlı sultanının 32-nin anası xristian olmuşdur (Qızılbaş Tv.23.09.2016). Ona görəmi, bu soyu qarışıq sultanlar türk olmayanları dövlətin yuxarı başına çıxarıb, ingilis siyasətilə (bax,”Mister Hemferin xatirələri”,Hüquq ədəbiyyatı nəşriyyatı,Bakı,2008), türkün qanı və malı hesabına salınan yurdunda, onun özünü ikinci dərəcəli millət halına salıb, ölkənin idarəçiliyini, toplumu  din cəhalətinə gömməklə dünyəvilikdən uzaqlaşdırıb, çağa uyğun inkişafdan saxlamaqla Osmanlı dövlətini çökdürüb, ölkəni yeddi  işğal qüvvətlərinə təslim etdilər. Anası ingilis Henriet olan Mehmet Vahdettin isə, Mustafa Kamal Paşanın başçılığı ilə başladılan Qurtuluş Savaşına dəstək verməkdənsə, ona qarşı çıxıb, həbsinə qərar verdi, Türk millətini və yurdunu taleyin ümüdinə, düşmən tapdağlnda buraxıb, türk düşməni ingilis  hərb gəmisinə sığınmaqla ölkədən qaçdı.
Qayıdaq dilə, hələ, yüz il qabaq, türkün dərdini çağlayan böyük şairimiz Mirzə Ələkbər Sabir yazırdı:       
               “Osmanlıcadan tərcümə türkə” – bunu bilməm,
               Gerçək  yazıyor gəncəli, yainki hənəkdir;
               Mümkün iki dil bir-birinə tərcümə, amma,
               “Osmanlıcadan tərcümə türkə” nə deməkdir?”
Böyük şairin sözündən  açıqca görünür ki, bu iki  ləhcə - eyni dildir. Həm də o anlaşılır ki, O, öz danışdığı dili türk dili, sizin danışığınızı isə Osmanlıca, yəni Osmanlı türkcəsi  sayırmış...o çağın toplu baxışı beləymiş. Başqa sözlə,  bizim  bu günkü “Azərbaycan dili”miz, qoşmasız, filansız cılxa (tərtəmiz) türk dili imiş...digər ləhcələri isə öz uyğun qoşmaları ilə, qısaca - Osmanlıca, yəni Osmanlı türkcəsi,  Özbəkcə, yəni Özbək türkcəsi, Qazaxca, yəni Qazax türkcəsi və sairə adlanırmış... Türk dili və mənəviyyatı - Türk millətinin ilk ayrılmazıdır (tərkibidir).  
Axı, ulu Atatürk, türk dilini ərəb və fars tərkibli, bizə yad sözlərdən təmizləyib özünə qaytarmaq  üçün   ayrıca Dil Kurulu adlı dövlət qurumu yaratdı və bununla da böyük işlər görüldü. Hərçəndi ki, bu qurumun başına səhvən qoyduğu erməni, öz milli xislətinə sadiq qalaraq, yeri gəldikcə öz ziyankarlığından da qalmamış, çağdaş Türkiyə türkcəsinə gərəkmədiyi halda, Avropa millətlərinin sözlərini sırımışdır. Halbuki, bu yad sözlərin öz dilimizdə, yəni digər türk toplumlarındakı doğma ləhcələrdə  gözəl qarşılıqları var. Məsələn, işlətdiyiniz çoxlu ərəb, fars və Avropadan alınan sözlər - “Tren”  əvəzunə “Qatar”,  “Spor” əvəzinə “İdman”, “Peşində” əvəzinə “Dalında”, “Arxasında”, “Rehine” əvəzinə “Girov”, “Cadde” əvəzinə “Küçə”, “Müjde” əvəzinə “Şad xəbər”, “Bəyaz” əvəzinə “Ağ”, “Rəğmən” əvəzinə “Acığına olaraq”, “Əksinə”, “Baxmayaraq”    və sairə bu kimi, çoxlu yad   sözlərin hamısının türkcə qarşılıqları var. Bu məsələdə sorumluların yubanmadan  dilimizin təmizlənməsinə başlaması gərəkdir.
Bu nədir, ərəb, fars, Avropa xalqlarının türkə yad ifadələrini işlətməklə özünü “çoxbilmiş xoca” göstərənlər bürüyüb Türkiyəni?! Min illərdir özgür yaşayan türk soyu,  türk milləti nədən öz dilini, özəlliyini, milli mənliyini, mənəviyyatının yaşatmasın? Siz də, farslaşmış, fars kültürünü dövlət ərkanıtək yaşadan, öz doğma türk dili və mədəniyyətini, içində əridiyi farslığa gömən, İranın türk soylu şahları Qacarların taleyinimi yaşayırsız?  Bütün digər millətlər kimi Türkün də öz evində, öz elində, öz dövlətində, öz dilində danışmaq haqqı yoxmu, görən?  Əgər varsa, onda  Türkiyədə nə üçün həftənin günləri, türkcə qarşılığı yoxmuş kimi, farsca “Şənbə”dən o yana hesablanır? Türkcə Bazar gününə - bəzən farsca  “Yekşənbə”,  türkcə Birinci günə - bəzən  farsca “Doşənbə” (daha çox Doğuda),  türkcə İkinci günə - farsca “Seşənbə”,  türkcə Üçüncü günə -  farca “Çərşənbə” (əslində, farsca Çaharşənbə),  türkcə Dördüncü günə - farsca “Perşənbə” (əslində, farsca Pəncşənbə),  türkcə Beşinci günə - farsca “Cümə”,  türkcə Altıncı günə isə - farsca-türkcə  “Cüme ertesi” və ya əsas istinad nöqtəsi kimi - farca “Şənbə” deyilir? Halbuki, həftə günlərinin sayı məntiqə uyğun olaraq, ədədi sıra qaydası ilə türkcə sıralanmalı idi, elə Avropa xalqlarında da belədir. Həftə günlərinin farsca adlandırılması mənaca açıqlananda – sağ əllə, sol qulağı tutmaq kimi görünür ki, bu da məntiqə uyğun deyil.
Kimsə göstərə bilərmi ki, ərəb və fars millətləri öz dillərində, sizdə, lap elə bizdə də, işlənən ərəb və fars sözləri qədər... türk sözü işlətsin? Göstərə bilməz, çünki, onlarda - nə ərəb, nə də fars dilində  türk sözləri işlədilmir, yoxdur (dillərin təbii söz alveri istisna olmaqla). Çünki, bizdən fərqli olaraq, onlar öz dillərinin saflığını toxunulmaz  sayır, qoruyurlar. Bu da həmin millətlərin öz milli dəyərlərinə daha sayğılı yanaşmasının göstəricisidir.
Görünür, o böyük Kişidən sonra Türkiyə Cümhuriyyəti yönəticiləri öz bacarıqsızlıqları üzündən mənəviyyatda milli saflaşma kimi ciddi quruculuq sahələrini illərcə böş buraxmış, sonucda, düşüncələrdən hələ tam təmizlənməmiş, türk düşmanları olan - cahillik, mövhumat və din ünsürləri yenidən baş qaldırmış, bir örgüt kimi təşkilatlanaraq, dövlət qurumlarına o dərəcədə sızmış ki, artıq, Türkiyə Cümhuriyyəti Dövlətini  dünyəvilik, yəni layiqlilik yolundan sapdırmaqdadır, əzizlərim  bu isə,  fəlakət olardı...
Çağdaş Cümhuriyyət dəyərlərinin, 1396 il qabaqkı  ərəb zehniyyatlıları  tərəfindən tapdanması,  millətin immunitet (qoruma) daşıyıcıları olan türk millətçilərinin – yalandan irqçi, şovinist adıyla damğalanaraq, öz ocağı başındaca, yad düşüncəlilər tərəfindən  hörmətdən salınmaqla öz qınına qısıdılması (halbuki, çağdaş Avropa dövlətləri, məhz öz milli demokratik hüquqi dəyərləri əsasında yaradılıb və geriçi dünyanın həsəd apardığı böyük uğur qazanıb), Qurtuluş savaşının qəhrəmanı,  Türkiyə Cümhuriyyəti Dövlətinin onurğa sütunu olan Türk əsgərinin həbsə salınmaqla aşağılanması, çox çətinlik çəkilmədən aradan qaldırılması mümkün olan bölücü-terrorçu-cinayətkarların qarşısında dövlət orqanlarının girinc,  aciz  qalması, nəhayət, uğursuz 15 iyul (temmuz) 2016-cı il  dövlət çevrilişi cəhdi, yəni darbesi  yuxarıda göstərilənlərə sübutdur.
Ey, İstiqlal Marşını doğuran, çılğın ağıllı türk aydınları, siz hardasınız, uyqudamısınız, ya tamam tükənmisiniz... bilmirsinizmi dövlətin, toplumun gücü  onun geriçi sayından çox, daha keyfiyyətli - savadlı, tərbiyəli, texnalogiyalı və yaşam tərzinin üstün olmasındadır?! Öz vətəndaşlarını kasıb, cahil, müti, təbəə kimi saxlamağın bədəli – onların adından istifadə edəcək dələduzların başa çıxmasına yol açmaqdır ki, bu da artıq sizdə, və bütün türk toplumlarında baş vermişdir...
Türkiyədə hakimiyyət uğrunda əsas siyasi qüvvələrin başı on illərlə, ölkənin mərkəzi şəhərlərində səs yığmağa, görəv əldə etməyə, hakimiyyəti əldə saxlamağa, var  dövlət əldə etməyə qarışanda... ucqarlarda, xüsusən də Anadolunun Güney Doğusunda,  sözdə, şüarlarınızda uca adlandırdığınız, əslində isə, baxımsızlıqdan rəzil günə qoyulmuş  türk xalqı – təhsilsizlikdən (egitimsizlikdən), işsizlikdən, yolsuzluqdan, rüşvətxorluqdan, qanunsuzluqdan, özbaşınalıqdan, pis yaşayış üzündən ömrü boyu əziyyət çəkmişdir. Bu zaman zəhmətkeş türk vətəndaşı  tədricən  ortaya çıxan ayrı-ayrı yekəbaş məmurların,  qoçuların, kənardan qurulan terror örgütlərinin, etkisi (təsiri) altına düşürdulər. Çünki, bu cinayətkarlar, əlacsız, möhtac insanlara pis, yaxşı  məşğuliyyət, yəni, kiməsə nökərçilik, qaçaqmalçılıq, oğurluq, çapqınçılıq,  narkotik, silah alveri hesabına da olsa “iş yeri” verir, qarşılığında onlara dolanışıq, çörək pulu qazanmaq imkanı yaradır,  beləliklə ölkəni kriminallaşdırırdılar. Başqa sözlə, dövlətin məsuliyyətsiz məmurlarının yaratdığı boşluq alanını... cinayətkarlar  doldurmuşlar. Bu bölgələrdə yerli hakimiyyət yetkililəri, polis ələ alınmaqla etkisiz (təsirsiz) hala gətirilmiş, insana ağıl, təlim, tərbiyə verən okullar (məktəblər) dağıdılmış, bölgədə cinayətkarlar əsas söz sahiblərinə çevrilmiş və qanunsevərləri, yurdsevərləri, sadə zəhmət adamlarını ac, yalavac, ehtiyac içində saxlamaqla, öldürməklə cəzalandırmışlar. Ən pisi odur ki, dövlət, hökumət, üstün yaşayışına, təhsilinə (egitiminə)   təminat verməli olduğu vətəndaşlarını - bu yaramazlıqlardan vaxtında qorumamış, bölgəyə uyğun, yetərli iş, məşğuliyyət, mədəniyyət yerləri açmamış, türk olmayan xalqların mədəni özəl haqlarının təminatını görməzlikdən gəlmiş,  inzibati idarəçiliyi boş buraxmışdır. Bütün bunlar, qəsdən-iç (daxili) və dış (xarici) dağıdıcı qüvvələrin məqsədyönlü siyasəti, əlbirliyilə edilmişdir.
Sonucda, yetərincə təşkilatlanmış həmin cinayətkar örgütlər – PKK, PYD, YPG, Fetoçular - cinayət yolu ilə əldə etdikləri pul, para hesabına paralel olaraq, onları maliyyələşdirəcək işgüzar qurumlar, silahlı terror dəstələrini, onların sözünü deyəcək, öz siyasi partiyalarını – XDP-ni yaratmış, bəzi dövlət məmurlarını ələ almış, türkə düşmən xarici qüvvələrlə iş birliyi, mətbuat, yayım şəbəkələri qurmuş  və  hakimiyyətlə bir güc mərkəzi kimi, ayrımçı, siyasi nüfuz alverinə başlamışlar.   Bütün bunlara nail olmaq üçün əlbəttə ki, gərəkən hakimiyyət yetkililəri ilə anlaşmışlar, çünki, bunsuz iş qurulamazdı.  Yoxsa, Atatürk düşmanları olan Fərullah Gülənçilər, dinçi güruh, digər cinayətkarlar uzun illər yetkililər tərəfindən  sosial baza kimi bəslənməsəydi,  onlar tonlarla  partlayıcını (64 ton,əslində yəqin daha çox), silah sursatı mərkəzi yerlərə daşıyamaz, hakimiyyət yetkililərinin də etiraf etdikləri Paralel Dövlət (?!), sivil türk toplumundan tam fərqli, qanuna zidd,  ərəb şəriətçi güruhu olan Mütəşəkkil Cəmaət (?!) həddinə yüksələ bilməzdilər ki?...  İş o yerə çatmış ki, onlar hakimiyyət iddiasında olan başçılarının barmağıyla -  kütləvi ixtişaş, itaətsizlik, terror törətməklə, bölgədə hakimiyyəti ələ almaqla, döyüş xəndəkləri qazmaqla... öz cinayətkar şərtlərini Türkiyə hakimiyyətinə diqtə etdirməyə başlamışlar. Başqa, daha nələr baş verməliydi ki, qanuni hakimiyyət,  bu cinayətkar ünsürlərə qarşı gərəkənləri etsin – öz vətəndaşını onların cinayətkar qəsdlərindən qorusun?
Keçən il, Feyzbukda bir vidio paylaşıldı. Vidiodan görünürdü ki, sizin hörmətlə xoca dediyiniz başı araxçınlı bir mollanın təhriki ilə, 4-5 yeniyetmə oğlan uşağı,  yapon millətindən olan qadınlı, kişili bir neçə turisti, küçədə, qabaqlarına qatıb qovur, onları söyür, yamanlayır, ölkədən çıxıb getmələrini tələb edirlər... Açıqca görünürdü ki, bu müsəlman ağçaqqalı, ölkəyə xoş niyyətlə gəzməyə gəlmiş, başqa dindən, millətdən  olan qonaqları, arzuolunmaz şəxslər kimi, müsəlman Türkiyəsində görmək istəmir, ona görə də təcrübəsiz, hələ heç nəyi avarmayan gəncləri də onların üstünə cumdurmaqla  ölkədən qovalayır...Mən şaşırdım, əllərim üzümdə qaldı...bu nə vəhşilik, tərbiyəsizlikdir ki, sən qonağı öz evindən, ölkəndən qovursan, həm də heç bir ciddi səbəb olmadan?! Bu cahillər, gözəl Türkiyəni  İŞİD-mi (DAEŞ-mi) çevirirlər?! Ay, ağlı başında olanlar, bu cəhalət sürüsü yurdunuzu hansı günə qoyur, nə qədər gec deyil bunların qarşısını alın, yoxsa,  yazıq olarsız? Bu da cahilliyin özünəxas terror üsuludur. Bunların məqsədi odur ki, yaradılan güvənsizlik üzündən... turistlər ölkəyə gəlməsin və nəticədə, Türkiyə Dövlət Büdcəsi, 40 milyona yaxın turistin Türkiyəyə gətirdiyi 30 milyard dollardan, yəni, cəmi 174 mlrd dollar (645.1 TL) olan büdcənin 5.8-də birindən  məhrum olsun.  Bu nadanların məqsədi, ölkəyə vuracaqları ləkədən, bərpaolunmaz mənəvi ziyandan başqa,  həm də Türkiyə Dövlət Büdcəsini baltalamaqla dövlətin iqtisadi siyasətini əngəlləməkdir...
7 ekim (oktyabr) 2016-cı ildə, Feyzbukda, NOKT-nın yayımladığı “Tehlikenin farkındamısınız?” adlı bir vidioda bir türk mollasının, əmmaməli dindarlar qarşısındakı çıxışından: “Biz bir haqqı ala bilmek için ortaya çıkmışık. İslam topraklarının bir bölümünden ibaret olan Anadolu toprakları layikler ve Kemalistler tarafından işğal edilmiştir. Xeberiniz olsun, biz o toprakları yeniden ele keçırmek için Kemalistlere diyoruz ki, idareden çekilin, “Hakimiyyet Allahındır” qayidasının ən üst noktalara ulaşması için o idareye talibiz. Biz onlardan bir şey istiyoruz, o idareyi müsülmanlara teslim etsinler, topraklar müsülmanlarındır. Sizin sonunuz geldi, Allah taburu gelyor, hazır olunuz!” Dövlet çevrilişinə olan bu açıq, kütləvi çağrış - hüquqi qiymətləndirilməli, deyilmi?
Vaxtını, sayını dəqiq xatırlamıram, amma o yadımdadır ki, bir neçə il qabaq, Türk Hava Qüvvətləri, terrorçuluqla mübarizə apararkən, Şırnak bölgəsində, Uludərədə, 38 (ya 48) nəfər qaçaqmalçıları,  qanuna uyğun olaraq güllələyib öldürmüşdü. Başda, cinayərkarların qanuni don geyindirilmiş, üzdəki qismi   XDP olmaqla bütün mütəşəkkil cinayətkarlar, özlərinin hakimiyyətdə olan adamları, yanlıları vasitəsilə, bu cinayətkar leşləri üzərində, sanki, günahsızlara ağlayırlarmış kimi böyük tamaşalar qurdular. Terrorçulara qarşı uğurla mübarizə aparmış, rəsmən öyülməli, mükafatlandırılmalı olan həmən əsgərlərimizə qarşı  isə, (yəqin ki,  yüksək görəvlilərin xeyir-duası ilə),  guya bu qədər adam öldürdükləri suçuyla... təhqiqat  başlatdılar. Ki, bu da əslində yumşaq siyasət (?!), güzəşt (?!), siyasi açılım (?!) adıyla...  hüququn çamura gömülməsi, terrorçulara şərait yaradılması idi... Beləliklə, faktiki olaraq, bundan sonra düşmənlə savaşanların gələcək hərəkətləri sual altına salınırdı ki, gərəkəni etsinmi, ya etməsinmi? Çünki, vuruşanlar növbəti hərəkətinin siyasət dəllalları tərəfindən təqdirləmi, yoxsa, necə yozulacağına əmin olmadığından çıxmaza soxuldular, deyə, arxayın vuruşa bilməzdilər...
Beləliklə, ilk dəfə olaraq, qaçaq-quldurlar, siyasətə uğraşan din bəzirganları tərəfindən  millətin bağımsızlıq əlaməti olan Türk əsgəri üzərinə ayaqlandırıldı. Bu sıradan türk millətinin qorumasına-əsgərinə atılan, lakin, sonucda ləyaqətini itirməyən ədalət mühakiməsi görəvliləri olan hakimlər tərəfindən bəraət alan- “Ergenokon”, “Balyoz” və  “Əsgəri casusluq” adları altında qondarılan saxta, qurama ittihamlar çox güman hakimiyyətin  üst qatında düzənlənmişdi (çünki, başqa cürə, yəqin ki, belə aşkar saxtakarlığa getməyə kimsə  cürət etməzdi), dörd yüzdən artıq zabit həbsə atılmaqla şərəfli əsgərlərimiz aşağılandı, əsgər adı toplumun gözündə zədələndi...Və bütün bu yaramazlıqlar ölkədə terrorun tüğyan etdiyi bir vaxtda milli müqaviməti xeyli zəiflətdi. (Eynən, bizdəki,  türk düşmənlərinin, öz manqurtlarımızın əliylə törətdiyi 4 iyun,1993-cü ildə olan Gəncə qiyamı kimi.) Bu, mütəşəkkil cinayətkarlığın,Türkiyə hakimiyyəti üzərində ictimai rəydəki qələbəsi də sayıla bilər...Əslində isə, bu, mədəni dünyada görünməmiş bir  biabırçılıq idi-oğru elə bağırırdı ki, doğrunun bağrı yarılırdı... Mən, bu olaylardan çox üzüldüm... həm də ona görə ki, bəzi millətçilər və cümhuriyyətçilər istisna olmaqla, cəmiyyət olaraq, tam qanuni hərəkət etmiş əsgərlərimizin haqqını savunacaq (müdafiə edəcək) nə bir dövlət adamı, nə hərbçi, nə də bir aydın tapılmadı. İndi hökumət, bu bölgələrə qayıtmaq, digər ucqarları dağıdıcı ünsürlərdən  geri almaq üçün – öncə, terrorçuları bitirməli, sonra isə normal yaşamağa  gərəkən infrastrukturu bərpa etməli, yenisini yaratmalı,  məişətdə  şəhərlə, kəndin yaşam fərqini tam azaldanadək... bölgəni xüsusi nəzarətdə saxlamalıdır.
Unutmayaq ki, öz haqq işini qoruya bilməyən – məhvə məhkumdur!
Birinci Dünya savaşında, yüz illərlə himayəsi altında rahat yaşadığı müsəlman  Osmanlını, düşmən, xristian İngilisə satan,  Qarabağı erməni torpağı sayan (Fələstin) ərəblərin 3 milyon qaçqını, hansı qanunla,    hansı haqla, hansı məntiqlə, bu gün də ehtiyac içində, az qala orta əsrlər səviyyəsində yaşayan türk vətəndaşına boğqz ortağı edilir, bunun hesabını soracaq kimsə yoxmu?... Beynəlxalq təcrübədə (Ümumdünya İnsan Hüquqları Bəyənnaməsi,Maddə 14,Türkiyə Anayasasında oxşar norma görmədim.) sığınacaq hüququ fərdə nəzərdə tutulub,  minlərə, milyonlara, kütləvi yox. Yoxsa, bu üsulla Çin, Hindistan və sairə əhalidi çox ölkələr öz ac, yalavaclarını başqa ölkələrə yönəltmələri hesabına bir neçə ölkəni ustufca işğal edə bilər. Əlbəttə, bu axmaqlığa yol verilməz, çünki, milli dövlətlər süni demoqrafik şişirtmələr üzündən əldən gedər və əslində çəyirtgə üsuluyla işğal olunardı. Bəlkə,  türkün, ərəbin dədəsinə, onun törəmələrini havayı saxlamaq borcu var, bilmirik? Məncə, Türkiyəyə sığınmış qaçqınları təcili BMT-nin himayəsinə, təminatına keçirmək lazımdır ki, bu qaçqınlar ordusu Türkiyəni çökdürməsin.
Digər tərəfdən, Avropanı, sosial bataqlığa göməcək bir yükün-qaçqınlar ordusunun altına vermək...bu gün öz üstün dəyərlərilə bəşərin inkişaf bələdçisi sayılan bir ünvanı... batırmaqdan başqa bir şey olmazdı.
Qaldı, Avropa ölkələri, özlərinə lazım olan qədər qaçqın qəbul etdikdən sonra, qalanını öz ölkələrinə qaytarmaq, döyüş gedən ölkələrdə BMT-nin təşkilatçılığı ilə yansız (tərəfsiz,neytral) bölgələr, qorumasını, təchizatını təmin etməklə yerləşdirmək düzgün və mümkün olardı. Beləliklə, biz, həm məsələni (humanitar fəlakəti) özətcə (mahiyyətcə) həll edər, həm də digər xoşniyyət ölkələri “humanizm bataqlığına” sürükləməkdən yan keçə bilərdik.
Öz şəxsi, partiyasının siyasi qazancı olaraq, nəyin bahasına olursa, olsun hakimiyyətdə qalmaq məqsədilə, millətçilik düşməni olan, ucuz, elmi əsassız müsəlman ümmətçiliyinin səsini qazanmaq üçünmü dövlətin (oxu,millətin) xəzinəsindən milyardlar xərclənir və onlara heç bir hüquqi əsası olmayan türk vətəndaşlığı da vəd edilir?
Əlbəttə ki, dünyanın türkə düşman olan güc mərkəzləri, adamları, toplumları, özlərinə rəqib sanıb, çağın inkişaf səviyyəsindən geridə saxlamaq üçün, bizi, dolayısıyla, bütün mümkün vasitələrlə dinçiliyə,  cəhalətə, radikalizmə, bir-birimizlə boğuşmağa çəkər,  sürükləyər, təhrik edərlər. Bu, elə binai qədimdən belə olub və yəqin ki, dünya kamilləşənədək belə də qalacaq. Çünki, yalnız toplumu içdən geriliyə calamaqla - onu daim zəif salıb,  asılı, yalnız xammal, ucuz işçi qüvvəsi mənbəyi olaraq, özünə mal bazarı, möhtac halında saxlamaq olar. Bütün bu sadalananlara ürcah olmamaqdan ötrü isə biz, öncə ən üstün egitim (tədris),  bilim (elm), və təlim, tərbiyə ilə silahlanmalıyıq. Yalnız, bu yolla özümüzü qoruya biləcək zora sahib ola bilərik.   Yoxsa, bütün çağlarda, rəqiblərimizdən azı yüz il geri qalacağıq...
Böyük filosof şairimiz Hüseyn Cavid bu mövzuda demişdir:
Türana qılıncdan daha kəskin, ulu qüvvət,
 Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”
Biz, yalnız, ən üstün yaşam nümunələri ilə öz soydaşlarımızın marağını çəkən mümkün  – Turan  Birliyi  formasını yarada bilərik, başqa yollar xəyaldır.
Yazının daha rahat, ətraflı qavranması üçün müdriklərin fikirlərini diqqətinizə təqdim edirəm (sunuram):
“Müselman ülkelerinde demokrasi ve layiklik olmasına izin verməyiz. Egitim sisteminin ve ülke idaresinin din temelleri üzerinde kurulması gerekyor. Başlarındakı çobanı ele keçirince, ülkeyi biz yönetiriz, Bu doğrultuda tedbirler almaq zorundayiz.”(Richard Nixon, ABD Başbakanlarından,FB-da,”Vatanseverin sesi” yayımladığı şəkil.),
Türkleri savaşarak, asker ve silah kullanarak asla yenemezsiniz. Türklerin sadece din adamlarını ele keçirip, onları kullanın.! Onlar zaten devleti yıkarlar.!” (Uinston Churchil, İngilterenin keçmiş Baş Bakanı, FB-da Dilber Hesenbeylnin yayımladığı şekil.)
“Biz  Türkler: - 600 lerde Çini, 1071de Bizansı, 1453 te Haçları, 1915 te Avrupayı, 1922 de yedi devleti yendik. Ama 2016 da cehaleti yenemedik.” (FB-da,Müjdat Gezen.)
Əfəndim, çünki,  biz, Atatürk dövrü istisna, millət olaraq, bu günədək elmə, üstün tərbiyəyə yox... dindarlığa önəm verdik və nə qədər ki, din cəhalətinə gömülürük...başqa cür olmayacağıq, beləcə, gerilikdə, dağıntıda çabalayacağıq... 
Əzizlərim, indi görün, böyük Mustafa Kamal Atatürk bu haqda  nə deyib: -“Cehalet yenilmesi gereken en büyük düşmandır.”, “Unutmayın ki, en büyük savaş, cehalete ve gerilige karşı yapılan savaştır.”
Hələlik, yetərmi?... Qalanını da özünüz axtarıb tapın, lütfən. Bütün bunlarla belə...Nə qədər ki, Günəş var-hər şey aydınlığa doğru gedir.

Məmmədxan  Əzizxanlı,
hüquqşünas, Bakı, 15 çillə (şubat, fevral) 2017-ci il.

Sözardı: Bu yazını xarici dillərə çevirib Avropaya ötürmək, hamımızın faydasına olardı.