"TƏRƏFLƏR RUSİYANIN İKİ VARİANTINI RƏDD EDİB..." - Beynəlxalq Böhran Qrupunun Qarabağ hesabatı

Baxış sayı:
318

Beynəlxalq Böhran Qrupu (“İnternational Crisis Group”) Azərbaycanla Ermənistan arasında ötən il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatmış müharibədən sonra Qarabağa dair özünün ilk geniş hesabatını dərc edib. Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri, ekspertləri ilə müsahibələr əsasında hazırlanmış hesabatda bir sıra təkliflər də irəli sürülür. Bunlardan ən vacibi Rusiya sülhməramlı kontingentinin mandatının təsdiq edilməsidir.

Belə ki, üçtərəfli bəyanatda sülhməramlıların vəzifəsi barədə cəmi üç cümlə yer alır, onların mandatı detallı şəkildə təsvir olunmur və Rusiya hərbçiləri yerlərdə həll etməli olduqları bir çox vəzifələrlə qarşılaşıblar. Onlar müşahidə postları qurmağa başlayıblar, eyni zamanda qaçqınların avtobuslarını müşayiət ediblər, üstəlik, dağılmış infrastrukturun bərpası ilə məşğul olublar.

“Sual yaranır ki, sülhməramlılar bundan sonra da zamanın necə keçməsindən asılı olaraq müxtəlif işləri görəcəklər? Onlar nəinki hərbi eskalasiyanın qarşısını alacaqlar, eyni zamanda növbəti beş ildə itmiş inəkləri də axtaracaqlar? Nə qədər xoş niyyətlə olsa da sülhməramlılar hər şeylə məşğul ola bilməz”, - təşkilatın ekspertləri vurğulayırlar.

Hesabatda qeyd olunur ki, sülhməramlılarla yanaşı regiona Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupu da gəlib və rusiyalı mütəxəssislərin ümumi sayı 4 min nəfərə yaxındır. Lakin formal mandatın olmaması müşahidəçiləri onların növbəti mümkün eskalasiya zamanı necə hərəkət edəcəklərinə dair təxminlər yürütməyə məcbur edir.

 

 

Beynəlxalq Böhran Qrupu qeyd edir ki, Moskva sülhməramlılar üçün daha aydın, konkret mandat formalaşdırmaq üzərində işləyir. Lakin indiyədək hazırlanmış iki variantı tərəflər rədd ediblər. Moskva isə bu səylərdən əl çəkməyə hazırlaşmır, amma tələsmək də istəmir. Yəni Rusiyanın yanaşması belədir.

Hesabatdan da göründüyü kimi, əsas olaraq Rusiya sülhməramlı kontingentinin mandatı gündəmə gətirilir. Sənəddə ən ilginc məqam budur ki, Rusiyanın bununla bağlı iki variantını tərəflər rədd edib. Amma söhbətin hansı variantdan getdiyi açıqlanmır, çünki nə rəsmi Bakı, nə İrəvan bu barədə açıqlama verməyiblər. Rusiyanın hələ də israr etdiyi variant nədir ki, hətta İrəvan da bundan imtina edir?

Sülhməramlıların mandatı məsələsi Azərbaycanda maraqları olan bəzi Qərbi dövlətlərini də narahat edir. Bu məqsədlə ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin qoşunlarını  bölgəyə göndərmək təklifi gündəmə gətirilib.  Hətta ABŞ dövlət katibin müavininin Bakıya son səfərində belə bir təkliflə çıxış etdiyi barədə də iddialar vardı. 

Beləliklə, sülhməramlılar mövzusu getdikcə beynəlxalq müzakirə səhnəsinə çıxmağa başlayıb. Aydındır ki, Rusiya bölgədəki sülhməramlılar missiyasını kimlərləsə bölüşməyək istəməyəcək. Buna görə də sülhməramlılara yüksək beynəlxalq status almağa çalışır. Ancaq görünür, Bakı Rusiyanın təklif etdiyi var iantları qəbul etmir.