Tramp İranla nüvə sazişini pozmağa hazırlaşır

ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını pozmaq üçün yeni üsullar axtarır.
 
İndiyə qədər Trampın təhlükəsizlik üzrə köməkçiləri Birləşmiş Ştatların İranla nüvə razılaşmasından çıxması üçün heç bir variant tapa bilməyiblər. Bundan məyus olan Tramp sazişi pozmaq üçün ciddi bəhanə axtarışındadır.
“The Nyu York Times” nəşri yazır ki, Amerika rəsmiləri artıq müttəfiq ölkələrə İranla razılaşmadan imtina etməyə hazır olmaq haqda xəbərdarlıq edib.
Diplomatik mənbələrin məlumatına görə, ABŞ Vyanada xarici inspektorlarla İranın nüvə tədqiqatlarının aparıldığı ehtimal edilən hərbi obyektlərinə giriş imkanlarını araşdırır. Vaşinqtonun bu addımı Obama dövründə bağlanan razılaşmalardan imtinaya əsas yaratmaq məqsədi daşıyır. Belə ki, İran hərbi obyektlərə girişə qadağa qoysa, ABŞ bu bəhanəni tapacaq. Çox güman ki, bu, belə də olacaq.
Nəşr yazır ki, Trampın razılaşmadan imtina etmək üçün kifayət qədər əsası var. Xüsusilə Senatda respublikaçılar üstünlük təşkil edir və bu, razılaşmanın ratifikasiyasına mane olmaq üçün yaxşı imkandır.
İki rəsmi şəxsin sözlərinə görə, Tramp komandasının ona sazişdən imtina etmək variantları təqdim edəcəyini gözləyirdi. Lakin bu, baş vermədi.
“Biz çox ətraflı tədqiqatlar aparırıq”, - deyə Tramp “The Wall Street Jorunal” nəşrinə müsahibəsində bildirib.
Bəzi ekspertlər hesab edir ki, ABŞ-ın razılaşmadan imtina etməsi özünü bu məsələdə təcrid vəziyyətinə salması ilə nəticələnə bilər.
“Lakin görünür, Tramp qərarında israrlıdır və İrana müdaxilə, eləcə də bu ölkəni təcrid etmək üçün bütün variantlardan istifadə edəcək”, - deyə nəşr vurğulayır.