Tikinti şirkətinin rəhbəri verginin adı ilə pul yığır – ŞİKAYƏT

Azərbaycanda vətəndaşların ən çox şikayət etdiyi sahələrdən biri də tikinti şirkətləridir. Təsadüfi deyil ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov da əhalinin şikayətləri arasında bu sahədən olan narazılıqların üstünlük təşkil etdiyini bildirib.
Onun sözlərinə görə, Prezident Administrasiyasına daxil olan şikayətlərin də bir çoxunda bəzi tikinti şirkətlərinin fəaliyyətindən, ləğv olunmuş idarə və müəssisələrin işçilərinin əməkhaqlarını ala bilməməsindən, bəzi şirkətlərin və dələduz şəxslərin vətəndaşları aldadaraq vəsaitlərini ələ keçirməsindən, ayrı-ayrı mənzil-tikinti kooperativlərinin tikinti aparılan ərazidə təhlükəsizliyi təmin etməməsindən, binaları müqavilədə göstərilən müddətdə başa çatdırmayaraq yarımçıq saxlamasından, sakinləri dövlət komissiyasının qəbul etmədiyi evlərdə məskunlaşdırmasından, pulu ödənilmiş mənzillərin ümumiyyətlə verilməməsindən və ya başqalarına satılmasından narazılıq bildirilir.
S.İsmayılov qeyd edib ki, bu mövzuda kollektiv şikayətlər daha çox olub: “Bəzi şirkətlərlə bağlı cinayət işləri başlanaraq onların rəhbərləri həbs edilsə də, bu sahədə nöqsanlar hələ tam aradan qaldırılmayıb”.
Paytaxt sakinlərinin narazılıq etdiyi şirkətlərdən biri də “İmperial-AS MTK”-dır . Nizami rayonu Qara Qarayev metrostansiyasının yaxınlığında yaşayış binaları inşa edən bu tikinti şirkəti ilə bağlı vaxtaşırı mətbuatda şikayətlərə rast gəlmək olur.
Hətta bir neçə il əvvəl “İmperial-AS MTK” tərəfindən metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasının özülü qoyulan zaman qəzalı vəziyyətə düşən 2 binanın sakinlərinə vəd etdiyi kompensasiyanı vermədiyindən əhali etirazlara çıxmışdı.
Müvafiq dövlət qurumlarının müdaxiləsindən sonra bu problem həll olunsa da, tikinti şirkətinin fəaliyyətindən narazılıqlar azalmır.
Bu yaxınlarda şirkətin adı, qiymətləri qaldırmasıl ilə bağlı yenidən gündəmə gəlmişdi. Şirkət manatın devalvasiyasından sonra Nizami rayonu Qara Qarayev metrostansiyasının yaxınlığında Tofiq Abbasov küçəsi 24/42 məhəlləsi, bina 4E -də olan mənzil sahiblərindən əlavə pul tələb edib. Dolların məzənnəsi qalxandan sonra ölkədə tikinti materiallarının qiymətinin də artığını bildirən şirkət, binanı tikib başa çatdırmaq üçün vətəndaşlardan müqavilədə göstərildiyindən artıq vəsait tələb edib.
Binadan mənzil alanların əksəriyyəti bundan imtina etdiyindən, şirkətin binanın tikintisini dayandırdığı, nə vaxt istifadəyə verəcəyinin bilinmədiyi də verilən məlumatlar sırasındadır.
Bu üzdən binadakı mənzillərini satmaq istəyən vətəndaşlara isə şirkət başqa problemlər yaradır. Şirkətin Qara Qarayev metrostansiyasının yaxınlığında tikdiyi binadan 67 kv.m. mənzil sahəsi alan Vüqar Məmmədovun dediyinə görə, “İmperial-AS MTK”nın rəhbərliyi qanunsuz yollarla mənzil sahiblərindən pul yığır.
Belə ki, “İmperial AS” MTK-nın rəhbəri Arif Mustafayev ondan binadan aldığı mənzili başqasına satmaq üçün 2500 manat pul tələb edib: “Müəyyən maliyyə çətinliyim olduğundan mənzilimi satmaq istəyirəm. Bunun üçün şirkətdən müqaviləni mənzili satdığım şəxsin adına keçirməyi xahiş etdim. MTK-nın rəhbəri Arif Mustafayev isə bunu üçün məndən 2500 manat vəsait tələb etdi. Bildirdi ki, bunun 2000 manatını vergiyə verəcək, 500-ü də şirkətə çatacaq.
Mən çek tələb etdikdə isə, bundan imtina etdi. Dedi ki, ortada rəsmi alqı-satqı olmadığından, bu vəsaiti qeyri-rəsmi olaraq vergiyə ödəyir. Ona görə də çek verə bilməz”.
V.Məmmədovun sözlərinə görə, bu qanunsuzluqlara etiraz etdikdə isə Arif Mustafayev mənzili satmaq üçün lazım olan maliyyə arayışını verməkdən imtina edib: “Bildirdi ki, evin “kupçasını” nə vaxt alarsan, o zaman satarsan. Evin “kupçasını” almaq üçün binanın tam hazır olub, dövlət tərəfindən təhvil alınması lazımdır. Binanı isə nə vaxt tam hazır olacağı məlum deyil.”
V.Məmmədovun sözlərinə görə, “İmperial AS” MTK-nın tikdiyi binalarda mənzil alıb sonradan satan vətəndaşlardan vergiyə vermək adı ilə indiyədək külli miqdada pul yığılıb. Bu pulun Arif Mustafayevin cibinə getdiyi, yoxsa həqiqətən də vergi əməkdaşlarına verildiyinə isə, Vergilər Nazirliyi aydınlıq gətirməlidir.
V.Məmmədov həmçinin bildirdi ki, “İmperial AS” MTK-da mənzil sahiblərindən sayğac qoyulması adı ilə də külli miqdarda pul yığılır: “Belə ki, qaz, su və işıq sayğaclarının qoyulması adı ilə hər bir mənzil sahibindən 2500 manat vəsait alınır. Bu vəsait də Arif Mustafayev tərəfindən yığılır. Sanki bu adam 2500-dən başqa rəqəm tanımr. Adını da qoyur ki, bu vəsaiti müvafiq dövlət qurumları arasında bölüşdürür. Ancaq 100-150 manatlıq sayğaclar üçün niyə 2500 manat yığılmasına aydınlıq gətirmir.”
V.Məmmədov müvafiq dövlət qurumlarını, o cümlədən hüquq-mühafizə orqanlarını “İmperial AS” MTK-da baş verən özbaşınalıqlara son qoymaq üçün hərəkətə keçməyə çağırdı.
Qeyd edək ki, “İmperial AS” MTK-nın rəhbəri Arif Mustafayevin mənzilini satan vətəndaşlardan vergiyə vermək adı ilə 2500 manat tələb etməsi ilə bağlı əmlak bazarında fəaliyyət göstərən ekspetlərlə də danışdıq.

Onların sözlərinə görə, 2016-cı il, yanvarın 1-dən etibarən Azərbaycanda ev satışından vergi tutulması qaydaları dəyişib. Belə ki, bu ildən evin neçəyə satılmasının vergi hesablanmasına aidiyyatı yoxdur. Vergi satılan evin sahəsinə görə tutulur.
Yeni dəyişikliyə görə, kimsə öz evində azı 5 il yaşayıbsa, o, həmin evi satanda gəlir vergisindən azad olunacaq. Qalan hallarda evi satan gərək gəlir vergisi də versin. Vergilərin yeni hesablanması qaydalarında göstərilir ki, mənzilin hər kv.m-ə görə 15 manat vergi hesablanır. Ancaq bu məbləğ baza rəqəmi sayılır. Yəni Bakının zonaları və regionlar üzrə fərqli hesablama var.
Nazirlər Kabinetinin qərarı ilə verginin tutulması məqsədilə Bakı şəhərinin ərazisi şərti olaraq 12 zonaya bölünüb. Bu zonalar paytaxtın mərkəzindən tutmuş ən ucqar nöqtələrinə qədər bütün ərazini əhatə edir. Hər bir zona üzrə ayrıca əmsal var və vergi hesablananda bu əmsallardan istifadə olunacaq. Vergi üzrə əmsallar 0,7-dən 1,5-dək dəyişir. Şəhərin mərkəzi hissələrinə aid əmsallar daha böyükdür.
Məsələn, Bakının mərkəzində – 1-ci zonada əmlak satılarkən onun 1 m2-dən tutulan vergini hesablamaq üçün 15 manat baza rəqəmi 1,5 əmsalına vurulacaq. Nəticədə hər m2-ə görə 22,5 manat vergi ödəniləcək. 2-ci zonada bu rəqəm hər m2-ə görə 21 manat olacaq və s.
Bakının kənarlarında isə əksinə, verginin dərəcəsi azalacaq. Mənzilin 1 m2-i üçün vergi hesablananda 15 manat məbləğ 0,7 əmsalına vurulacaq. Yəni hər kvadratmetrdən tutulan vergi 10,5 manat təşkil edəcək.
Ekspertlərin sözlərinə görə, Nizami rayonu Qara Qarayev metrostansiyasının ətrafı 6-cı zonaya düşür ki, burda mənzilin 1 m2-i üçün vergi 15 manatdan hesablanır. Yəni, 67 kv, m.-lik mənzil üçün təxminən 1000 manat vergi alına bilər. Bu da yalnız o halda ki, məzil notariusda rəsmi qaydada alqı-satqı olunsun.
“İmperial AS” MTK-nın rəhbəri Arif Mustafayevin vətəndaşlardan vergiyə vermək adı ilə 2500 manat tələb etməsi isə tamamilə qanunsuzdur, hətta cinayətdir. Elə sayğaclar üçün 2500 manat tələb olunması da. Odur ki, bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması vacibdir.
Sonda onu da qeyd edək ki, mediada “İmperial AS” MTK-nın rəhbəri Arif Mustafayevin adı bir sıra qaranlıq işlərdə da hallanıb. Onun ölkədən kənara böyük məbləğdə “qara pul” çıxardığına dair iddialar var. Bunların nə qədər doğru olduğunu deyə bilməsək də, Arif Mustafayevin vətəndaşlardan müxtəlif adlarla qeyri-qanuni vəsait topladığına dair konkret şikayətlər var.
Bu şikayətlərlə bağlı “İmperial AS” MTK-nın və onun rəhbəri Arif Mustafayevin də mövqeyini işıqlandırmağa hazırıq(AZPOLİTİKA.İNFO).