Ter-Petrosyan Paşinyanı “ümummilli bəla” adlandırdı - “QOY NƏ İSTƏYİR DESİN, ONSUZ DA...”

Baxış sayı:
1178

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı “ümummilli bəla” adlandırıb. Erməni KİV-ləri xəbər verir ki, Ter-Petrosyan bu qiymətləndirməni Paşinyanın son açıqlamalarına cavab olaraq verib.

Paşinyan bildirmişdi ki, Qarabağda müharibə gedəndə həqiqətən eks-prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan Moskvaya, Putinlə görüşə getmək istəyirdi. Amma onların “xüsusi nümayəndə” statusunda Putinlə görüşməsi şərti irəli sürüldüyü üçün buna razı olmayıb.

Buna cavab olaraq Ter-Petrosyan özünün mətbuat katibi Arman Musinyan vasitəsilə Paşinyanı “ümummilli bəla” adlandırıb. Bildirib ki, nə deməyindən asılı olmayaraq onun özünə bəraət qazandırmaq şansı yoxdur və erməni xalqı heç vaxt onu bağışlamayacaq.

“Prezident Ter-Petrosyan milləti məhvə aparan bu “ümummilli bəla”nın xəstə təxəyyüllərini şərh etməyi mənasız sayır. Qoy nə istəyir desin. İstənilən halda özünə bəraət qazandırmaq şansı yoxdur. Erməni xalqı heç vaxt onu bağışlamayacaq”,-Musinyan Facebook-da yazıb.

Qeyd edək ki, 2000-ci illərdə Paşinyan Ter-Petrosyanın yaxın tərəfdaşlarından biri idi və onu özünün müəllimi adlandırırdı./Virtualaz.org