Söyüş üstündə kafedə tanımadığı şəxsi öldürən Turxanın cinayət işi

Baxış sayı:
9598

Bakıda söyüş üstündə qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1992-ci il təvəllüdlü İsmayılov Turxan İlham oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qətl hadisəsi bu il sentyabr ayının 3-də paytaxtın Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 8 ünvanında baş verib.

Qeyd edilən ünvanda yerləşən kafedə Saatlı rayon sakini, 43 yaşlı Əflan İsgəndərov qarın nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən Gürcüstan vətəndaşı Turxan İsmayılov hadisədən bir gün sonra 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxs deyib ki, Əflan İsgəndərov onun yanında telefonla danışarkən söyüş söyüb. Bu, Turxan İsmayılovun qəzəbinə səbəb olub.

Tərəflər arasında başlayan mübahisə ölümlə nəticələnib.

İstintaq orqanı tərəfindən Turxan İsmayılov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.