ŞOK İDDİA – Rövnəq Abdullayev vəzifədən qovulub, noyabrın 4-də təhvil-təslim olacaq...

Baxış sayı:
1214

“Cüdo Federasiyasının rəhbəri postuna SOCAR prezidentinin yerinə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təyin olunub”

Xeyli müddətdir ki, ölkənin sayılıb-seçilən idmançıları, o cümlədən məşqçiləri tərəfindən Azərbaycan Cüdo Federasiyası ilə bağlı səsləndirilən ittihamların ardı-arası kəsilmir. Məsələn, bugünlərdə verdiyi açıqlamasında federasiyanı ağ yuyub, qara sərən Azərbaycan cüdo millisinin üzvü Elmar Qasımov rəhbərlik tərəfindən maaşlarının, mükafatlarının kəsildiyini iddia edib: "Kimin maaşını istəyirlər kəsirlər. Bəhanə gətirirlər ki, məşqə gecikmisən. 2017-ci ildə dünya çempionatında yer tutanda da eyni şeyi etmişdilər. Mükafatlarımızı 18 min manat az vermişdilər. Adamın həvəsi qalmır bu cür hadisələrdən sonra. Olimpiya ikincisi, dünya və Avropa çempionatlarının mükafatçısıyam, amma 800 manat maaş alıram, bu da ancaq yol pulu edir. Deyə bilmərəm ki, maaşı kəsməklə hamıya haqsızlıq edirlər, amma haqsızlığa uğrayan çox adam var. Rəhbərlik də ürəyi nə istəyir onu edir".

Görünən odur ki, həm bu tip narazılıqlar, həm də kişilərdən ibarət cüdo millimizin Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuz çıxışı Azərbaycan Cüdo Federasiyasının rəhbərliyində kadr dəyişikliyinin aparılmasını üçün zəmin yaradıb. Belə ki, Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, 2015-ci ilin sentyabrından Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsini icra edən Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev federasiyada yaşanan ciddi yeyinti və digər neqativ hallar səbəbindən tutduğu postdan kənarlaşdırılıb. Bu barədə Hurriyyet.az-ı bilgiləndirən mənbə iddia edir ki, Rövnəq Abdullayevlə birlikdə onun Azərbaycan Cüdo Federasiyasının rəhbər vəzifələrinə yerləşdirdiyi şəxslər də qovulub. Mənbə qeyd edib ki, Rövnəq Abdullayevin yerinə, yəni federasiya prezidenti postuna rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təyin olunub.

Məlumatda o da deyilir ki, bugünlərdə, daha doğrusu noyabrın 4-də təhvil-təslim reallaşacaq. Onu da nəzərinizə çatdıraq ki, Cüdo Federasiyası ilə birlikdə, boks, taekvondo və güləş federasiyaları da Rəşad Nəbiyevə verilib: "Böyük ehtimalla, təhvil-təslim prosesindən sonra Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasında ciddi kadr dəyişikliklərinə start verəcək. Bu isə o deməkdir ki, federasiya Rövnəq Abdullayevin dəstəsindən təmizləncək"./Hurriyyet.az