Şəmkirdə məhkəmə zalından qaçan şəxsdən XƏBƏR VAR

Baxış sayı:
379

Şəmkirdə quldurluq və adam öldürməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Unikal.org xəbər verir ki, Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eşqin Murtuzov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının 5 ilini qapalı rejimli həbsxanada, qalan hissəsini isə ciddi rejimdə cəzaçəkmə müəssisində çəkməsi qərara alınıb.
İttihama görə, hadisə 2017-ci il yanvarın 17-də axşam saatlarında Şəmkirin Seyfəli kəndində baş verib.
Kənd sakini E,Murtuzov Gəncədə əyləşdiyi taksinin sürücüsü, 59 yaşlı Namiq Babayevə yolda hücum edib, onu kəsici alətlə yaralayıb.
Daha sonra E.Murtuzov sürücünün mobil telefonun və nağd pulunu ələ keçirib, avtomobili isə həmkəndlisinə satıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən sürücü N.Babayev üç gün sonra dünyasını dəyişib.
Qeyd edək ki, bu cinayət işi üzrə ibtidai istintaq araşdırılan zaman E.Murtuzov Şəmkir Rayon Məhkəməsinin zalının pəncərəsindən çıxaraq qaçıb. O, Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
E.Murtuzov Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərbə vurmaqla quldurluq törətmək) maddələri ilə ittiham olunub.