ƏSGƏRƏ MƏKTUB - Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

Baxış sayı:
1789

Salam, əsgər! Günün aydın olsun! Qazi ATAnın uğrunda canını verdiyi, qarşılığında qazamatla ödülləndiyi Vətənə xidmət necə keçir? Heç sıxılma ki, Qazi ATAn qazamatda aclıq çəkir. Sən Vətənin keşiyini çək, Qazi ATA da əminliklə aclığını çəkə bilsin! Şair demiş, məhbəs də Vətəndir, Vətəni -məhbəsi qoru, oğul!
100 il qabaq 25 oktyabr 1920-ci ildə Krımın Alupka obasında doğulan türk-tatar balası Əhmədxan Sultan təkbaşına 30, qrup halında 19 faşist döyüş uçağını məhv edib, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, 3 dəfə Lenin, 5 dəfə Qırmızı Bayraq ordeni olmaqla toplam 12 orden,  Stalin mükafatı adını qazanıb, doğma obasında şərəfinə abidəsi ucaldılıb. İkiqat Sovet İttifaqı Qəhrəmanı 2-ci Dünya savaşından geri dönəndə isə yurdunda özünün abidəsinin qalması,  elininin-obasının sürgün edildiyini, qardaşının QULAQ ölüm düşərgəsində dünyadan köçdüyü faktı ilə üzləşib. Fikir ver, əsgər, ikiqat Sovet İttifaqı Qəhrəmanının eli, obası, ailəsi “sovetə xəyanət “ ittihamı ilə elliklə sürgün edilib! Bunun yanında Qazi ATAnın qazamatla ödüllənməsi nədir ki? Bir ayrıntı var ki, böyük şairimiz Bəxtiyar Vahabzadə Əhmədxan Sultan haqqında bu nadanlığa əsər yazıb, indi Qazi Tofiq Yaqublu haqqında “yazan” , işverən hakimlərdir, şair yoxdur bu nadanlığı qələmə alsın! Sən xidmətində ol, oğul, Vətəni qoru! Vətən qazilərə qazamat olsa da, qoru, sev Vətəni-qazamatı!

Söz vaxtına çəkər, deyiblər, oğul! 28 il öncənin bu çağında milli öndərin iqtidar olması ilə Qarabağın ən yüksək zirvəsini yəhərimiz etmişdik, Xankəndinin bir addımlığında idik. Belə bir döyüş ruhu qarşısında noyabrda Bakıda YAP(AlAQ) meydana gəlib, “Milli İstiqlal” partizanları da ona qoşulub, ruhumuzu yerə vurdu. Odu-budu, hələ də özümüzə gələ bilmirik. Atan da, digər döyüşçülər kimi bir-birimizə söz vermişdik ki, sağ qalan - qazi olan şəhid olanın uşaqlarına dəstək olsun. Demişdik ki, uşaqlarımıza “yetim” deyilən gün qəbrimizin başdaşına da qazi dostlarımız güllə çaxsın! Nə yazıq, indi QAZİ  arxadaş(lar)ımızın özünə belə dəstək ola bilmirik. Yata-yata vicdanımızı da dincə qoymuşuq, elə bil. Vicdan buna nə deyər, ATA QAZİ QAZAMATDA, OĞUL ƏSGƏR CƏBHƏDƏ!
İgid əsgər, möhkəm dur! Atanın gözü, ümidi sənədir! Sən QAZİ -ŞƏHİD oğlusan, atanın canını verdiyi, VƏTƏN etdiyi TORPAĞI qoru! O VƏTƏN ELƏ ATANIN ÖZÜDÜR, ATANI QORU!
Məğrur BƏDƏLSOY