ŞEYX, BU DƏFƏ DƏ İRANA VƏKİLLİK ETDİ! – Və Ərdoğanın müşavirindən “sübut” tələb etdi...

Baxış sayı:
502

“Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikrinə görə haqlı olaraq kəskin tənqidlərə məruz qalan Şeyxülislam Allahşükür Paşazadə ona yönələn ittihamlara cavab verib.

“AzPolitika.info” xəbər verir ki, A.Paşazadə mətbuata açıqlamasında guya fikirlərinin təhrif olunduğunu bildirib. Belə ki, “Gununsesi.info”-ya danışan şeyxülislam “Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər” deyə bildirib. Ancaq qeyd etməliyik ki, şeyxin çıxışının videosu var və söylədiklərinin guya təhrif olunduğu barədə deyilənlər yumşaq desək, həqiqətə uyğun deyil.

A.Paşazadə bu dəfə də İranın müdafiəçisi, sanki bu ölkənin Azərbaycandakı vəkili kimi danışıb. O, İranın Ermənistana silah yardımı və Qarabağın hələ də separatçıların və sülhməramlıların nəzarətində olan ərzilərə müxtəlif təyinatlı yüklər ötürdüyünə dair suala açıq hiddətlə cavab verib. 

Paşazadə ilk olaraq, Rəcəb Tayyib Ərdoğanın müşavirinin ittihamlarına cavab olaraq deyib: “Deyir ki, İran Ermənistana raket göndərir. Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışdım. Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı?”

 

Göründüyü kimi, buraxdığı siyasi səhv, özünü müstəqil dövlətin rəsmən dini rəhbəri yox, başqa bir ölkənin dini liderinin təmsilçisi kimi aparması bir yana, hələ Azərbaycan üçün strateji müttəfiq, qardaş dövlət olan Türkiyənin Prezidentinin müşaviri Mücahit Küçükyılmazdan İranın ünvanına söylədiyi ittihama görə izahat da tələb edir. Hansı ki, hələlik hətta heç bir İran rəsmisi belə onun bu ittihamına görə Türkiyədən izahat tələb etməyib.

Hər halda, A.Paşazadə ən azından nəzərə almalıdır ki, söhbət Ərdoğanın müşavirindən gedir və bu ranqdakı dövlət rəsmisi sübut, fakt olmadan belə bir ittiham səsləndirməz. Əlbəttə ki, belə faktlar əsasən kəşfiyyat məlumatlarına əsaslanır və ölkələr arasındakı siyasi münasibətlər, diplomatik əlaqələr və s. nəzərə alınaraq, heç də hər zaman rəsmi qaydada üzə çıxarlaraq açıq şəkildə bəyan edilmir. Ancaq bu o demək deyil ki, həmin faktlar mövcud deyil. 

Şeyxin məntiqinə gəlincə, o zaman məsələn, İranın Yaxın Şərqdəki məlum silahlı birləşmələrə, təşkilatlara yardım etdiyi hər kəsə məlumdur, ancaq bunu sübut etmək asan deyil. Yaxud, Rusiya Ukraynanın az qala yarısını zəbt edib, lakin iddia edir ki, bunu Rusiya silahlı qüvvələri yox, Ukraynanın Donetsk və Luqanskdakı yerli “özünümüdafiə qüvvələri” edib. Və bununla bağlı ittihamlar irəli sürüləndə də sübut tələb edir. Eynilə də İranın Ermənistana dəstəyi bu cür “sübut” tələb edən hadisələr sırasındadır...

Daha sonra İranın yük maşınlarının Qarabağdakı görüntülərinə dair suala cavab verən Paşazadə deyib: “Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram. Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm, bunu hardan götürmüsən.”

Burada şeyx lap “gül vurub”.

Birincisi, maraqlıdır ki, “biz” deyəndə kim nəzərdə tutulur. Söhbət İran maşınlarından gedirsə, deməli məhkəməyə verən də İran tərəfi olmalıdır. Deməli, bu halda şeyxülislam İranın adından çıxış edərək, “biz” deyir...

İkincisi, “Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram” deyən şeyxə ölkə başçısının son müsahibəsindən bir hissəni təqdim edirik: “Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır.”

Burada söhbətin hansı xarici ölkənin maşınlarından getdiyini anlamaq üçün xüsusi biliklərə malik olmağa ehtiyac yoxdur. Yəqin ki, bunu şeyxülislam da gözəl anlayır. Lakin onun “missiyası” bunu etiraf etməyə imkan vermir...

Cəlal Məmmədov