Saxta əlillik qalmaqalı: Bir nazirlikdən başqa bir nazirliyə İTTİHAM - “Məsuliyyəti həkimlər daşıyır”

Baxış sayı:
12787

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 4-də jurnalistlərə verdiyi açıqlamada ünvanlı sosial yardımla bağlı monitorinqlərin davam etdiyini və edəcəyini bildirib.
Nazir qeyd edib ki, il ərzində 2500-ə qədər şəxsin saxta əlillik statusu ləğv edilib: "Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür".
Maraqlıdır, bu şəxslərə əlillik dərəcəsi verənlərə hansı cəza tətbiq edilir?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, yanlış əlillik təyinatlarına yol vermiş dövlət məmurlarından ilk olaraq dövlət büdcəsinə dəyən ziyanın geri qaytarılması tələb olunur:
“Buna yol vermiş məmurlar dövlət büdcəsinə dəyən ziyanı geri ödəyirlər. Söhbət təkcə məmurlardan getmir, digər aidiyyət şəxslər də bunu etməlidir. Bu proses hazırda da davam edir. Təbii ki, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir. Əsas məqsəd büdcəyə dəyən ziyanın aradan qaldırılması və yanlış əlillik təyinatlarının ləğvidir. Çünki əlillik sırf fiziki məhdudiyyəti olan şəxslərə verilməli və qanunvericiliyə uyğun təmin edilməlidir. Bu şəxslərə əlillik statusu verənlərin sayı onlarladır və hər biri qanunvericiliyə uyğun olaraq öz cəzasını alır. Bizdə o cür yanlışlığa yol verən işçilər işdən azad edilib və çox ciddi xəbərdarlıqla tədbirlər görülüb”.
Fazil Talıbov eyni zamanda diqqətə çatdırıb ki, saxta əlillik statusunun verilməsində əsas məsuliyyət daşımalı olan tərəf Səhiyyə Nazirliyidir, çünki əlillik statusu səhiyyə müəssisəsindən göndərilən sənəd əsasında verilir:
“Əlillik statusunun ləğvi zamanı daha əvvəl vətəndaşa bu statusun verilməsi üçün bildiriş göndərən səhiyyə müəssisəsi bu dəfə əlilliyinin ləğv edilməsi ilə bağlı məktub yazır. Ona görə də əslində əlillik statusu verən məsul şəxslərin sayı və cəzalandırılması ilə bağlı suala Səhiyyə Nazirliyinə verilməlidir. Bizə poliklinikadan müraciət daxil olur ki, bu şəxsin əlillik statusu ləğv edilsin. Nazirlik səhiyyədən verilən bu məlumatdan sonra əlilliyi ləğv edir. Əgər yanlış göndəriş olubsa, ona Səhiyyə Nazirliyi cavabdehdir. Yanlış əlillik təyinatı bildiriş əsasında həyata keçirilir və bu bildirişi göndərənlər Səhiyyə Nazirliyinin müəssisələridir. Burada məsuliyyəti həkimlər daşıyır. Yanlış bildiriş göndərən həkimlərə qarşı hansı tədbirlərin görüldüyü Səhiyyə Nazirliyi bilir”.//cebhe.info