SABİQ NAZİRİN ADAMINA QARŞI 451 MİNLİK İDDİA - Məhkəmə prosesi

Baxış sayı:
3013

Sabiq nazir Hüseynqulu Bağırovun adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onunla birlikdə daha 4 nəfər də müttəhimlər kürsüsünə çıxarılır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Təqsirləndirilən şəxslərdən biri nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənovdur.

Onunla birlikdə Departamentin baş mühasibi İlqar Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib. Yalnız İlqar Hacıyev həbsdədir.

Departamentin digər əməkdaşları- Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev də təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılır.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məhkəməyə təqdim etdiyi mülki iddiada anlaşılmazlıq var.

Belə ki, nazirliyin nümayəndəsi əvvəlcə mülki iddianı iki təqsirləndirilən şəxsə- Əkbər Həsənova və İlqar Hacıyevə qarşı qaldırdığını bildirib.

Lakin sonradan mülki iddianın təqsirləndirilən şəxslərin hamısına qarşı irəli sürülməsi ilə bağlı dəyişiklik edilib.

Bundan başqa mülki iddiada dəymiş zərər 603 min manat olaraq göstərilib. Lakin rəsmi ittihamda dəymiş zərər 451 min manatdır. Məhkəmə bildirib ki, mülki iddia rəsmi ittihamdan kənara çıxa bilməz.

Təqsirləndirilən şəxslərin vəkilləri mülki iddiaya etiraz ediblər. Bildiriblər ki, mülki iddia əsaslandırılmayıb və heç bir sübuta söykənmir.

"Mülki iddiada təqsirləndirilən şəxslərin hər birindən ayrı-ayrılıqda nə qədər tələb edildiyi göstərilməlidir. Həmçinin dəymiş zərər rəsmi sənədlərlə sübuta yetirilməlidir. Bu, "mülki iddia" xətrinə verilmiş mülki iddiadır"- deyə vəkillər bildirib.

Hakim nazirliyin nümayəndəsinə mülki iddiada dəqiqləşdirmə aparmaq üçün sonuncu dəfə vaxt verib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

Məhkəmədə məlum olub ki, iş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı 27 nəfər şəxs də var. Onlar nazirliyin əməkdaşlarıdır.

İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

Zərərçəkən 27 nəfər də məhz əmək müqaviləsi imzalamayan, maaşları karta köçürülərək məninsənilən şəxslərdir.

Qeyd edək ki, Əkbər Həsənov sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun 17 illik fəaliyyətində ən güvəndiyi şəxslərdən biri idi.

Muxtar Babayevin Ekologiya və Təbii Sərvətlər naziri təyin edildikdən sonra Əkbər Həsənovun əməllərinin üstü açıldı.

Xatırladaq ki, uzun illər nazirliyin Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənovun və baş mühasibi İlqar Hacıyevin adı Departamentin maliyyə yükünün "şişirdilməsində”, quruma tabeli stansiyalarda çoxsaylı "ölü can”ların saxlanmasında çəkilirdi.
 
Əkbər Həsənovun Bakı şəhərində, Ağdaş və Qəbələ rayonlarında xeyli sayda mülkləri, obyektləri və digər daşınmaz əmlakları mövcuddur. Əkbər Həsənov 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - müəyyən illərlə direktor və direktor müavini işləyib. /musavat.com