Sabiq nazir müavini könüllü kimi qeydiyyata düşdü - Cəbhəyə getmək üçün Prezidentə müraciət etdi

Baxış sayı:
1783

Uzun illərdən sonra Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək istiqamətində geniş miqyaslı hərbi əməliyyatlara başlaması cəmiyyət tərəfindən böyük sevinclə qarşılanıb. Orduya könüllü şəkildə getmək istəyənlərin sayı-hesabı yoxdur. 

Təbii ki, könüllü olaraq cəbhədə döyüşmək istəyənlər arasında hərbiçilər ön sırada gəlir. Artıq məlumat verdiyimiz kimi, ehtiyatda olan generallar və digər yüksək rütbəli zabitlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə döyüş əməliyyatlarında iştirak etmək üçün aktiv orduya göndərilməsi xahişi ilə müraciət ediblər.

Məlumata görə, ehtiyatda olan polkovnik, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov bir addım daha irəli gedərək, könüllü şəkildə cəbhəyə getmək üçün qeydiyyata düşüb.  

Qeyd edək ki, Mehman Səlimovun oğlu, ehtiyatda olan zabit Fərhad Səlimov da könüllü kimi cəbhəyə gedib. General Polad Həşimovun şəhid edilməsindən sonra cəbhəyə getmək üçün müraciət edən Fərhad Səlimov bu gün ön xəttdə düşmənlə vuruşur. 

Sabiq nazir müavini M.Səlimov isə dünən yaşadığı Yasamal rayonu üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə müraciət edərək, orduya könüllü yazılıb.

Polkovnik eyni zamanda Ali Baş Komandan İlham Əliyevə müraciət edərək Vətən Müharibəsində iştirak etməyə hazır olduğunu bildirib. 

“Cənab Prezident, uzun illərdən sonra Sizin komandanlığınızla  torpaqlarımızın işğaldan azad olunması istiqamətində başlayan hərbi əməliyyatlar ölkənin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Xalqın Sizin ətrafınzda birləşərək, Vətənimizin bütövlüyünü təmin edəcəyinə inamı tamdır. 

Cənab Ali Baş Komandan, mən də sovet hərbi məktəbini keçmiş, uzun illər Azərbaycann Müdafiə Nazirliyində müxtəlif vəzifəlrdə çalışmış, birinci Qarabağ müharibəsində cəbhədə döyülərdə iştirak etmiş bir zabit kimi Vətən müharibəsində iştirak etməyi arzulayıram.  

İnanıram ki, bilik və təcrübəmlə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlara az da olsa müəyyən töhvələr verə bilərəm. Hər bir vətəndaşımızın Vətənmizin müdafiəsinə qalxdığı bu günlərdə dövlətinə xidmət etməyə and içmiş zabit kimi kənarda qalmaq mənim üçün çətindir. Döyüşlərə qatılmaq, Sizin əsgəriniz kimi mənfur düşmənlə vuruşmaq istəyirəm! 

Ümid edirəm ki, mənim bu arzumu nəzərə alcaqsınız. 

Cənab Ali Baş Komandan Sizin əmrinizi gözləyirəm!", - deyə sabiq nazir müavini müraciətdə bildirilir./azpolitika