Rusiya vətəndaşlarının Avropaya girişinə qadağa qoyulur... - TƏKLİF

Baxış sayı:
1203

Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves Rusiya vətəndaşlarının Avropa Birliyi ölkələrinə daxil olmasının qadağan edilməsini təklif edib.

TASS xəbər verir ki, bu barədə siyasətçi özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, qadağa müvəqqəti xarakter daşımalıdır. Rusiyalılara verilmiş vizalar dondurulmalı, yalnız fövqəladə hallar istisna edilməlidir.

Eks-prezidentin sözlərinə görə, hazırda Rusiya öz davranışları ilə Avropanın təhlükəsizliyini təhdid edir.

Qeyd edək ki, Toomas Hendrik İlves 2006-2016-cı illərdə Estoniya prezidenti olub.

Xatırladaq ki, Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlvesin özünün adı 2018-ci ildə Rusiyaya girişi qadağan olunan siyasətçilər siyahısına salınmışdı. O vaxt bu barədə  KİV-ə verdiyi açıqlamasında  İlves demişdi ki, bu onu təəccübləndirmir, çünki ona Rusiyaya giriş qadağası hələ Sovet İttifaqı dövründə tətbiq olunmuşdu. Siyasətçi onu da əlavə etmişdi ki, Rusiyanın bir gün demokratik ölkə olacağına ümid edir: “Rusiyanın siyasi meylləri və məhdudiyyətləri arasında bir əlaqə var. Sovet dövründə mənə viza almaq qadağan edilmişdi. Totalitar dövlət dağılanda qadağa da yox oldu. Həmin vaxtlar bu qadağanın tətbiq edildiyi insanlar arasında Amerikanın məşhur senatoru Makkeyn və ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol da var idi. Hamımız Rusiyanın nə vaxtsa yenidən azad, demokratik bir dövlət olacağına ümid edirik. Bu, yalnız Rusiyanın qonşuları üçün deyil, öz vətəndaşları və həm də bütün azad dünya üçün arzu olunan bir perspektiv olardı”.