Rusiya və Çin arasında gizli sövdələşmə - "Starlink" peyklərini məhv etmək üçün ittifaq qurulur

Baxış sayı:
142

Rusiya və Çin kosmik silahlar, "Starlink" peyk şəbəkəsinə qarşı birgə mübarizə və ən yeni hərbi texnologiyaların mübadiləsi barədə gizli danışıqlar aparıb.

“AzPolitika” xəbər verir ki, bu sensasion məlumat "The Insider", "Der Spiegel" və "Le Monde" nəşrlərinin birgə araşdırmasında yer alıb.

Mənbələr 2023-cü ilin payızında Quançjouda keçirilən Üçüncü Çin-Rusiya Hərbi-Texniki Əməkdaşlıq Forumunda nümayiş etdirilən təqdimatlara və həmin ilin iyununda Moskvada imzalanmış ikitərəfli işçi protokola istinad edirlər. Sənədlərə əsasən, iki ölkə kosmik silahlar, peyklərin məhv edilməsi, hava və raketdən müdafiə sistemləri, hərbi aviasiya və qoşunların təchizatı sahəsində genişmiqyaslı əməkdaşlığı müzakirə ediblər.

Araşdırmada ən diqqətçəkən məqamlardan biri İlon Maska məxsus "Starlink" peyk şəbəkəsinin sıradan çıxarılması planıdır. Sənədlərə görə, Rusiya və Çin bu sistemlə mübarizə üçün mülki istifadəçilərin terminalları vasitəsilə kiberhücumlar təşkil etməyi və ucuz Çin qırıcı-peyk komplekslərindən istifadə etməklə "Starlink" aparatlarını kosmosda fiziki olaraq məhv etməyi planlaşdırıblar. Üstəlik, Çin tərəfi bu prosesə digər "maraqlı" dövlətləri də cəlb etməklə "Starlink”-ə qarşı qlobal texniki alyans" yaratmağı təklif edib.

Hazırda isə Rusiya ordusu Ukrayna dronlarının zərbələrinin qarşısını almaq məqsədilə cəbhədə güclü radioelektron mübarizə (REM) sistemlərindən istifadə edərək "Starlink"in fəaliyyətini pozmağa çalışır.

Moskvada imzalanmış gizli protokola əsasən, tərəflər ABŞ-ın hiperəsəs raketlərini, ballistik raketlərini və manevr edən döyüş başlıqlarını vurmaq imkanına malik alçaq hündürlüklü yeni hava və raketdən müdafiə (HHM/RMD) sistemlərinin birgə yaradılması barədə razılığa gəliblər.

Rusiya döyüş təcrübəsini verir, Çin isə süni intellekt texnologiyasını

Danışıqların digər mühüm bəndi iki ölkə arasında hərbi-texnoloji barterlə bağlıdır. Rusiya Ukrayna müharibəsində qazandığı real döyüş təcrübəsini Çinə ötürmək, bunun müqabilində isə Pekindən süni intellekt (Sİ) texnologiyaları və kütləvi istehsal resursları almaq barədə razılaşıb. Bu əməkdaşlığın məqsədi yeni nəsil avtonom "bomba qrupları" hazırlamaqdır.

Bu gizli sövdələşmənin ilk praktiki nəticələri artıq Ukrayna cəbhəsində görünür. Rusiyanın hazırda müharibədə aktiv istifadə etdiyi avtonom "V2U" pilotsuz uçuş aparatının bir çox mühüm komponentləri, xüsusilə də süni intellekt modulu məhz Çin tərəfindən tədarük edilir.

Rasim Əliyev