“Respublika Prokurorluğu son illər çox təhlükəli bir yol seçib” – SƏRDAR CƏLALOĞLU

“Azərbaycanda bir çox məmurlar özlərini Rusiya hakimiyyət orqanlarının əməkdaşları səviyyəsində dərk edirlər”
“Nəzarətsizlik şəraitində bir cinayətkar mühitin formalaşdırılmasına cəhd edirlər”
Azərbaycan ordusundakı casus şəbəkəsi ilə bağlı rəsmi açıqlama yayılandan sonra, bu mövzu mətbuatın gündəminə çevrildi. Paralel olaraq MTN generallarının məhkəməsində bir sıra agentlərin adlarının açıqlanması istər-istəməz medianı dövlət sirrinin açıqlanması məsələsinə daha həssas yanaşmağa vadar edirdi. Bu baxımdan da “Hürriyyət” olaraq hər iki mövzuda son dərəcədə ehtiyatlı davranmağı qərara aldıq və dövlət sirrini yayan KİV-lərə qarşı da prinsipial mövqe ortaya qoyduq. Amma, görünür, bütün bunlar yetərli deyilmiş...
Belə ki, ötən həftənin sonu “Hürriyyət” qəzeti və Hürriyyət.org saytı Baş Prokurorluğun xəbərdarlığına tuş gəldi. Həm də bizə aid olmayan, başqa saytlara istinadən verdiyimiz yazılara, eləcə də ADP sədri Sərdar Cəlaloğlunun və KXCP sədri Mirmahmud Mirəlioğlunun Hurriyyet.org-da dərc olunan müsahibəsinə görə. Odur ki, bu məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrənməyə çalışdıq.
- Sərdar bəy, ötən həftə Baş Prokurorluq tərəfindən “Hürriyyət” qəzetinə xəbərdarlıq olundu. Bizə irad tutulan yazılardan biri də Sizin qəzetimizə verdiyiniz müsahibədə ordu haqda səsləndirdiyiniz fikirlərdir. İlk olaraq bu məsələyə münasibətinizi bilmək istərdik...
- Əvvala, son vaxtlar ordu ətrafında baş verən hadisələr göstərir ki, ümumiyyətlə, dövlət həyatının aşkarlıq olmayan hissələrində dövlət üçün çox təhlükəli proseslər inkişaf edə bilər. Demokratiya da tələb edir ki, dövlət idarəetməsi şəffaf həyata keçirilsin, xalq onun idarə edənlərin fəaliyyəti üzərində nəzarət funksiyasına sahib olsun və hakimiyyət xalq qarşısında hesabatlı olsun. Bu baxımdan QHT-lərin, xüsusən mətbuatın, siyasi partiyaların hakimiyyətin idarə olunmasına nəzarət funksiyası vacibdir. Bu, təkcə demokratik deyil, ümumiyyətlə bütün cəmiyyətlər üçün xarakterikdir. O ölkələrdə ki aşkarlıq və şəffaflıq yoxdur, hakimiyyət hesabatlı deyil, orada korrupsiya, israfçılıq və dövlət əleyhinə cinayətlər çox nəhəng ölçülərdə inkişaf edir.
Respublika Prokurorluğu cinayətə qarşı mübarizə aparan bir təşkilatdır. Respublika Prokurorluğu ölkədəki cinayətkarlığın ifşa olunmasında iştirak edən qüvvələrlə əməkdaşlıq etmək, onlara özünün təşəkkürünü çatdırmaq əvəzinə, son illər çox təhlükəli bir yol seçib: cinayətkarlığa qarşı mübarizə aparan, cinayət faktlarını aşkar edən, cinayət faktları ətrafında jurnalist təhqiqatı aparan mətbuat işçilərini Respublika Prokurorluğuna çağırır, onlara hədə-qorxu gəlir, xəbərdarlıq edirlər. Bununla da faktiki olaraq nəzarətsizlik şəraitində bir cinayətkar mühitin formalaşdırılmasına cəhd edirlər. Bu Azərbaycan dövlətini uçuruma aparan, Azərbaycanın müstəqilliyi və suverenliyinin əldən getməsinə gətirib çıxaran bir hərəkətdir. Mən orduda xəyanət edənlərin fəaliyyəti ətrafında ictimai rəyi hazırlayan, o xəyanətlə bağlı əlavə faktlar aşkarlayıb KİV-lər vasitəsilə hakimiyyət nümayəndələrinə çatdıran insanların fəaliyyətinin məhdudlaşdırılmasını yumşaq desək, yanlış addım hesab edirəm. Çünki bu, əks tərəfin cinayətkarlığı daha asan, daha əlverişli bir şəraitdə inkişaf etdirməsinə şərait yaratmaqdır. Azərbaycan Cinayət Prosessual Məcəlləsində açıq şəkildə yazılıb ki, prokurorluq orqanları mətbuatda yayılan məlumatlar əsasında cinayət təhqiqatı başlatmalıdır. Maraqlıdır ki, Respublika Prokurorluğu bu günə qədər mətbuatda çap olunan heç bir cinayətlə bağlı təhqiqata başlamayıb, əksinə təhqiqatçıları məsuliyyətə cəlb edib. Sonra da məlum olub ki, elə həqiqətən də o deyilənlər vaxtında ortalığa çıxsaydı, vətənə, dövlətə vurulan çox böyük bir zərbənin qarşısını almaq olardı.
- Konkret bir fakt deyə bilərsiniz?
- Məsələn, təxminən 7-8 il bundan qabaq bir məhkəmə prosesində bu gün orduda ifşa olunan hallarla bağlı bir neçə əsgər ifadə verdi. Mən də həmin məhkəmə işində iştirak edirdim. Orada xüsusən də Tərtərdəki “qoluboylar çastı” deyilən hərbi hissə ilə bağlı faktlar açıqlanmışdı. Mən əvvəlcə elə başa düşdüm ki, bu deyilən yanlış informasiyadır. Sonra fasilə vaxtı çıxıb müəyyən adamlarla söhbət edəndə mənə məlum oldu ki, həqiqətən də belə bir hərbi hissə var və bunu da bilməyən yoxdur. Mən sonradan məhkəməyə və prokurorluğa müraciət etdim ki, bununla bağlı qərardad çıxarsınlar və həm Müdafiə Nazirliyinə, həm Hərbi Prokurorluğa, həm də Respublika Prokurorluğuna məlumat versinlər ki, orduda belə bir vəziyyət var. Təsəvvür edin ki, əgər hakimlər və prokurorlar məhkəmələrdə şahid ifadələri ilə meydana çıxan dövlətçiliyə zidd əməllərlə bağlı vaxtında tədbirlər görsəydi, 8 ildən sonra bu qədər ağır nəticələrə gətirib çıxaran hallar olmazdı.
İndi Respublika Prokurorluğundan soruşuram, 8 il bundan qabaq orduda aşkarlanan cinayətlərlə bağlı məhkəmədə ifadə verilməsinə baxmayaraq, həmin məhkəmədə hərbi prokuror və hərbi məhkəmələrin cinayət işi qaldırmaması, bu barədə yuxarı instansiyalara məlumat verməməsi ilə bağlı təhqiqat aparırlar, ya yox? Bu onu göstərir ki, Azərbaycanda hüquq mühafizə orqanlarının cinayətkarlığa münasibəti patoloji münasibətdir. Onlar qulaqlarına çatan ilk cinayət faktı əsasında cinayət işinə başlamaq, təhqiqat aparmaq, bu işi genişləndirmək, daha dərinə getmək əvəzinə, əslində cinayət faktlarını ört-basdır etmək, problemi daha da məhdud bir çərçivədə həll etmək yolu seçirlər və bir çox hallarda isə ümumiyyətlə aldıqları informasiyaya reaksiya vermirlər. Məsələn, mən bir neçə dəfə demişəm, qəzetlərdə Ziya Məmmədovun adam öldürtməsi ilə bağlı çoxsaylı faktlar aşkara çıxarılıb. Bu günə qədər Respublika Prokurorluğu Ziya Məmmədovun cinayətləri ilə bağlı heç bir cinayət işi qaldırmayıb. Və yaxud da banklarda olan yeyintilər, orduda və dövlətin digər strukturlarında olan cinayət faktları ilə bağlı mətbuatda yüzlərlə fakt açıqlanıb. Respublika Prokurorluğu, hüquq mühafizə orqanları bu faktları araşdırıb vaxtında tədbir görmək əvəzinə, bu faktları yayan, aşkarlayan insanlara qarşı kampaniya aparırlar. Bununla da, belə demək olar ki, cinayətkarlığı müdafiə edən bir orqana çevrilirlər.
Xüsusən, son vaxtlar mənim diqqətimi cəlb edən faktlardan biri israfçılıqdır. Ümumiyyətlə, dövlətdə iki cür qüsur olur: biri dövlət əmlakının oğurlanması, biri də israfçılıq. Qurani-Kərimdə oğurluq bir günah sayılır. Amma israfçılıq daha böyük günah hesab olunur. Çünki oğru oğurladığını aparıb, onunla hansısa zavod, fabrik tikə bilər. Amma israfçılıq o deməkdir ki, həmin vəsait havaya sovrulub. Son vaxtlar Azərbaycanda keçirilən idman oyunları Azərbaycan dövlət büdcəsinin israf edilməsinin çox bariz nümunələrindən biridir. Mənə elə gəlir ki, bu korrupsiyaya görə hakimiyyətin daha ciddi nöqsanlarından biridir. Yəni bu gün Azərbaycanda bir tərəfdən korrupsiya, bir tərəfdən də israfçılıq dövlət büdcəsini məhv edir.
- Qeyd etdiniz ki, bəzi hallarda cinayətkar deyil, yanlış olaraq həmin cinayət faktını ictimailəşdirən KİV-lər hədəfə alınır. Sizcə, o halda bu məsələnin arxasında xarici qüvvələrin rolu varmi?
- Biz bir şeyi etiraf etməliyik ki, Azərbaycan Rusiyanın təsir dairəsindədir. Amma bir çoxları bu təsir dairəsini Rusiyanın Azərbaycanı idarə etməsi kimi başa düşürlər. Bir çox məmurlar da Azərbaycanın Rusiyanın təsir dairəsində olmasını nəzərə alıb, özlərini Rusiyanın hakimiyyət orqanlarının əməkdaşları səviyyəsində dərk edirlər. Məsələn, Allahşükür Paşazadə deyir ki, “mən ölənə qədər Putinə sədaqətli olacam”. Əvvəla, Quranda deyilir ki, mömünlər mömünlərin, kafirlər kafirlərin dostudur. Quranda əmr edilir ki, siz heç vaxt xristian və yəhudilərə tabe olmayın, çünki, tabe olsanız, onlar dininizdən döndərənə qədər sizdən əl çəkməzlər. Allahşükür Paşazadənin - Azərbaycanda bir dini icmanın rəhbərinin, dini liderin ölənə qədər Putinə - xristian bir dövlətin başçısına sədaqətli olması nə deməkdir? Bu, Qurana da, Azərbaycanın vətəndaşlıq statusuna da ziddir. Çünki Azərbaycan vətəndaşı Azərbaycan dövlətinə, maksimum Azərbaycan prezidentinə sədaqətli ola bilər. Sən başqa bir ölkənin prezidentinə sədaqətli olsan, bu o deməkdir ki, bu ölkənin Azərbaycandakı casususan. Azərbaycanda bu cür açıq-aydın faktlar var. Yəni məmurlar ya Rusiyadan xüsusi ordenlər alırlar, hansı ki, o ordenlərə baxanda, görünür ki, Rusiya dövlətinin maraqlarına açıq xidmətinə görə bu ordeni veriblər, ya da özləri Rusiyaya xidmət etdiklərini açıq şəkildə ifadə edirlər. Məsələn, Allahşükür Paşazadə deyirsə ki, Putinə sədaqətliyəm, Arif Rəhimzadə də deyir ki, biz türk deyilik, ona görə də türklərlə ruslar, türklərlə ermənilər arsında olan münasibətdə biz yoxuq. Demək istəyir ki, biz Rusiyanın yanındayıq. Yəni Azərbaycan xalqının bir hissəsindən qopub özünü türk hesab etmir, rusun yanında durur, yerdə qalan, özünü türk hesab edən Azərbaycan xalqına qarşı düşmən olur. Bu bir prosesdir və Azərbaycanda çox dərin şəkildə inkişaf edib. Ona görə də, Respublika Prokurorluğunda olanlar, eləcə də Azərbaycanda Rusiyanın təsiri altında müstəqil Azərbaycan dövlətinin siyasətini aparanlar belə düşünür ki, bu siyasət Rusiyaya xidmət etməkdir...
- Bəs Rusiyanın təsiri altında olmaq nə deməkdir?
- Təsir o deməkdir ki, sən burda Rusiyanın əleyhinə hər hansı iş aparmayacaqsan. Təsir o demək deyil ki, sən Rusiyanın xeyrinə öz ölkəndə öz əleyhinə iş aparasan. Bir çoxları Azərbaycanın Rusiyanın təsiri altında olmasını Azərbaycanda oturub Rusiyanın xeyrinə və Azərbaycanın əleyhinə işləmək kimi başa düşürlər. Bu, Azərbaycanda əksər dövlət orqanlarının rəhbərlərinə, yəni hakimiyyətdə təmsil olunan böyük kadrların əksəriyyətinə aiddir. Onlar elə başa düşürlər ki, əgər Azərbaycan Rusiyanın təsir dairəsindədirsə, bu o deməkdir ki, onlar Azərbaycanın əleyhinə, Rusiyanın xeyrinə işləməlidir.
Bu gün biz bilirik ki, Amerikanın, eləcə də digər dövlətlərin təsir dairəsində olan ölkələr var. Bu dövlətlərin böyüklüyü-kiçikliyi, geopolitik maraqları, təbii siyasi sərhədlər və s. məsələlər var. Geopolitika ilə bağlı olan məsələlərdir. Bu, normal bir şeydir. Yəni dünyada bütün dövlətlər bir-birinin təsirindədir, Amerika da bütün dünya dövlətlərinin təsirindədir. Amma bu təsir heç bir ölkədə Azərbaycandakı kimi ifrat, çirkin və yanlış anlaşılmır. , Dediyim kimi, Azərbaycan məmurları, Azərbaycan hakimiyyətində təmsil olunanlar elə bilirlər ki, Rusiyanın təsir dairəsində olmaq rus dövlətinə xidmət etmək, Azərbaycan dövlətinə xəyanət etmək deməkdir. Ona görə də, o adamlar ki, “Rusiyanın təsir dairəsindəyik” təfəkkürü ilə yanlış olaraq düşünüb hərəkət edirlər, onlar Rusiyanın Azərbaycana qarşı düşmənçiliyini ört-basdır etməyə, Rusiyanın Azərbaycanda apardığı təxribatları gizlətməyə və s. çalışırlar.
(Ardı var)
Hurriyyet.org