REGİONDA BÖYÜK GƏRGİNLİK: SEPARATÇILARLA DÖYÜŞLƏR QIZIŞDI... - “Bayraktar”ların ardınca “Javelin” də cəbhəyə göndərildi / VİDEO

Baxış sayı:
846

Ukraynanın şərqində, Donetsk və Luqansk regionlarına nəzarət edən separatçılarla Ukrayna ordusu arasında döyüşlər qızışır. Virtualaz.org xəbər verir ki, ötən gün axşamdan başlayaraq Donetsk şəhərinin 20 kilometrliyində yerləşən strateji əhəmiyyətli Dokuçayevsk qəsəbəsi ətrafında şiddətli atışmalar gedir. Separatçılara yaxın mənbələr Ukrayna ordusunun bu qəsəbəni tutmaq üçün həmlələr etdiyini bildirir, əgər Dokuçayevsk şəhəri əldən getsə o zaman qondarma “Donetsk xalq respublikası” çökə bilər.

Keçmiş QRU polkovniki, Donbassda vaxtilə diversiya əməliyyatlarına başçılıq edənlərdən biri İqor Strelkov isə “Moskovskiy komsomolets” qəzetinə açıqlamasında deyib ki, Ukrayna ordusunun Dokuçayevsk qəsəbəsini götürmək üçün bütün şansları var. Çünki qəsəbə üç tərəfdən Ukrayna ordusunun əhatəsindədir və ümumiyyətlə cəbhənin bu istiqaməti separatçıların ən zəif nöqtəsidir. Onun sözlərinə görə, Ukrayna artilleriyası Dokuçayevsk ətrafında separatçıların mövqelərinə intensiv zərbələr endirir, bu rayonda ərazi düzənlikdir və separatçıların mövqelərini gizlətmək mümkün deyil.

Ukraynalı hərbi jurnalist Yuri Butusov isə özünün Facebook səhifəsində separatçıların Ukrayna ordusunun Novozvanovka rayonundakı mövqelərinə kütləvi artilleriya zərbələri endirdiyini əks etdirən görüntüləri yayıb. İtkilər haqda məlumat verilmir. Jurnalist bildirib ki, kontrbatareya mübarizəsi üçün bu rayonda “Bayraktar”lar lazımdır.

Xəbər verildiyi kimi, Donbassda vəziyyət bir neçə gün əvvəldən gərginləşməyə başlayıb. Tərəflər bir-birlərinin mövqelərinə artilleriyadan və tanklardan zərbələr endirirlər. Oktyabrın 26-da Ukrayna ordusu ilk dəfə separatçıların artilleriya mövqeyinə “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən zərbə endirib. Bunun ardınca Ukrayna ordusu təmas xəttinə doğru çoxsaylı zirehli texnika və artilleriya, reaktiv yaylım atəşi sistemləri cəmləşdirməyə başlayıb. Ukrayna ordusunun neytral ərazidə yerləşən Staromaryevsk kəndinə nəzarəti ələ keçirdikləri də bildirilir.

Ukraynanın Donbass üzrə dördtərəfli təmas qrupundakı sözçüsü, prezident Zelenskinin ofisinin ştatdankənar eksperti Aleksey Arestoviç isə özünün Facebook səhifəsində “Bayraktar”ların ardınca “Javelin” tank əleyhinə raketlərinin də cəbhəyə göndərildiyini açıqlayıb. Arestoviç bildirib ki, neçə ildir Rusiya Ukrayna ordusunun mövqelərinə qarşı dronlar tətbiq edirdi, indi Ukrayna “Bayraktar”la bir zərbə endirəndə hay-küy qaldırılıb.

“Bundan əlavə, cəbhəyə “Javelin” göndərildi, hansı ki, biz uzun müddətdir tətbiq etmirdik, Amerika tərəfi ilə razılaşmaya əsasən onları irimiqyaslı hərbi münaqişə zamanı tətbiq edə bilərdik. İndi isə “Javelin” özünü pis aparan texnikaya tərəf uçacaq. Ukraynanı hədələmək lazım deyil”,-o yazıb.

Bu arada Donbassda fəaliyyət göstərən ukraynalı könüllü Roman Donik “Bayraktar”ın oktyabrın 26-da endirdiyi zərbə zamanı separatçıların D-30 qaubitsası ilə yanaşı Rusiya ordusunun kadr zabitinin də öldürüldüyünü bildirib. 

“Bayraktar”ın zərbəsi haqda məhz o birinci açıqlamışdı. “Bayraktar TB2” Qranitniy qəsəbəsi ətrafında təkcə Rusiya topunu deyil, Rusiya Silahlı Qüvvələrinin kadr zabitini də məhv edib. O, Qranitniy ətrafında yerləşdirilmiş və Ukrayna ordusunun mövqelərini atəşə tutan artilleriya batareyasının komandiri idi”,-Roman Donik yazıb. Bundan əvvəl Rusiya mənbələri həmin zərbə zamanı canlı qüvvə itkisinin olmadığını bildirmişdi.

Qondarma “Donetsk xalq respublikası”nın başçısı Denis Puşilin isə ötən axşam “Rossiya 1” telekanalında Vladimir Solovyevin proqramında çıxışı zamanı Rusiyadan onlara köməyə minlərlə “könüllünün” gələcəyini bildirib. Puşilinin sözlərinə görə, onda məlumat var ki, Rusiyadan böyük sayda “könüllü” Donbassa getməyə və “xalq respublikası” uğrunda vuruşmağa hazırdır.

“Vəziyyət kəskinləşən kimi könüllülərdən kütləvi müraciətlər daxil olur”,-o bildirib.