Qaynanası və baldızları tərəfindən iki uşağı ilə küçəyə atıldı – MƏHKƏMƏ ONUN XEYRİNƏ QƏRAR VERDİ, LAKİN...

Şəki rayonu, Baş Göynük kəndində müvəqqəti yaşayan Məmmədova Günay Polad qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli şəxslərə müraciət edən müəllif Xəzər rayonu üzrə məhkəmə qərarlarının icra şöbəsi əməkdaşlarından narazıdır:
“Mən 12 noyabr 2011-ci ildə Məmmədov İlqar Gahangir oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşam. Və birgə nikahdan 09 noyabr 2011-ci ildə Məmmədov Yusif İlqar oğlu və 04 dekabr 2015-ci il tarixində isə Məmmədova Nərgiz İlqar qızı anadan olmuşlar. Mən ailə qurduqdan sonra əvvəlcə həyat yoldaşımın ata yurdu olan Şəkinin Baş Layısqı kəndindəki evinə bir müddət gəlin köçüb yaşamışam. 2012-ci il tarixində ərim əvvəlcə mənim adıma Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa_Xuna bağ sahəsində hərbi şəhərcikdə 300 (üç yüz) kv.m torpaq sahəsi alaraq 3 otaqdan ibarət bir mərtəbəli ev tikmişdir. Ərim yaxınlıqdakı tikinti idarəsində usta vəzifəsində işlədiyi müddətdə bu evi şəxsən tikib başa çatdırmış və 1 ildən sonra, yəni 2013-cü ilin yanvarından etibarən ailəmizlə Bakı şəhərinə köçüb əvvəlcə kirayədə, 2014-cü ildən isə bu evdə yaşamışıq. Ərim bu evin iki otağını hissə hissə təmir edərək normal vəziyyətə gətirmişdir.
10 mart 2016-cı ildə ərim İlqar qəfil ürək tutmasından dünyasını dəyişmişdir. Hüzür mərasimindən az sonra mərhum ərimin anası, atası və bacıları rayonda yaşadıqları kənddən bizim evə gəlib, mənə “köməklik” məqsədilə rayondan bu evə köçüb, bir müddət burada yaşamağa başlamışlar. Az keçməmiş bu ailə məni şərləməyə başladılar və təzyiqlər göstərdilər ki, sən 2 azyaşlı uşaqları da götür get rayondakı atan evinə və orada yaşa, bu evi oğlum İlqar tikmişdir, ona görə də bizim olmalıdır. Dedilər ki, oğlumuzun ölümündən sonra sənin bu evdə yaşamağının mənası yoxdur.
Bu kimi yersiz və mənasız basqılara demək olar ki, hər gün məruz qalırdım. Mən uşaqlarımın xatirinə bütün bu təhqir və təzyiqlərə dözməli olurdum. Nəhayət, başda qaynanam Məmmədova Rəna Novruz qızı, qızları Məmmədova Şəhla gahangir qızı və Cəfərova Aynurə Gahangir qızı birləşərək 26  fevral 2017-ci il tarixində - qışın soyuq vaxtında məni döyə-döyə evdən çıxarıb qovdular. 6 yaşlı oğlumu isə evin giriş qapısının kandarından baldızım vurub pilləkəndən saldı. Oğlumun burnu sındı, çoxlu qan itirdi. Mənə və ikiazyaşlı uşağıma qarşı törədilən bu vəhşiliyə tab gətirməyib qardaşımla bir müddət Binə qəsəbəsindəki kirayə evdə yaşamaq zorunda qaldıq. Son vaxtlarımızı isə atam Polad Mürşüdovun dəvətilə doğma yurdumuz olan Baş Göynükdəki ata evinə müvəqqəti sığındıq.
Lakin mənim qonşularım da, bizim ailəni tanıyanlar da yaxşı bilirlər ki, mərhum ərim İlqarın ailə üzvlərindən heç kəs bizim Qala qəsəbəsindəki evimizin tikilməsində 1 qəpiklik də köməkliyi olmamışdır. Əksinə, ərim İlqar ata və anasının yaşadığı rayona tez-tez əlinə düşən tikinti materiallarını da sürücü Raminlə göndərib, ordakı evi də təmir etmişdir. Qala qəsəbəsində yaşayan bacısının da evini özü təmənnasız təmir etmişdir. Lakin bu amansız ailənin məqsədi bu olmuşdur ki, məni uşaqlarla birlikdə evdən qovub əmlakı 3 sot torpaqla birlikdə satsınlar. Evin sənədi olmadığından onların bu planı baş tutmamışdır. Buna görə də məni evimdən uzaqlaşdırıb, evi tamamilə zəbt edib yaşayırlar. Halbuki bu adamlar Qala qəsəbində heç bir işlə məşğul olmurlar.
Uşaqlarımın atası İlqar 10 mart 2016-cı ildə vəfat etdikdən sonra dövlət yetim qalmış iki azyaşlı uşaq üçün 183 manat aylıq pensiya təyin etmişdir. Lakin nənələri olmuş Rəna Məmmədova mənə yalandan bildirmişdir ki, guya dövlətin verdiyi kartını uşağın adına banka depozit qoyublarmış. Mənə isə bildirmişlər ki, bu məbləğ 110 manatdır. Mən evdən döyülərək qovulduqdan sonra qardaşımla birlikdə yerli polisə şikayət etdik ki, heç olmasa sənədlərimiz və şəxsi əşyalarımızı evdən götürə bilək. Polis müdaxilə etsə də bizə sənədlərimizin hamısını vermədilər. Eləcə də uşaqlara ayrılmış dövlət təzminatı olan sosial kartı da.
Sonra mən bu ilin yayında pasport qeydiyyatında olduğum Şəki rayopnuna gedib öyrəndim ki, uşağın adına bankda heç bir hesab açılmayıb və heçnə qoymayıblar. Rayonda mənə bildirdilər ki, uşaqlara məxsus kartdan vəsaitlər hər ay Suraxanı rayonundan çıxarılıb istifadə edilibdir. O zaman bir daha anladım ki, qəddar ailə yetim qalmış nəvələrinin çörək pulunu bizdən icazəsiz 1 ildən çox müddətə mənimsəmişlər.
Mən yenidən əlaqədar təşkilata müraciət edərək kartın dondurulmasını xahiş etdim və əvəzedicisini aldım. Ərim İlqar vəfat etikdən sonra iş yoldaşları hüzür üçün ailəsinə köməklik məqsədilə topladıqları 1200 (min iki yüz ) manat vəsaiti də gətirib qaynanama verdilər. O isə uşaqlara çatası hüzür pulunu da mənimsədi.
Mən birgə nikah dövründə Qala qəsəbəsində ərimin min bir əziyyətlə inşa etdiyi üçotaqlı evdən döyülərək qovulduqdan sonra başa düşdüm ki, mənim adıma olan 300 kv.m torpaq sahəsi üzərində tikilmiş evdə uşaqlarımın payı var və mən bu haqqı tələb etməliyəm. Ona görə də “Evə köçürülmə və evdən kənar şəxslərin çıxarılması tələbi” ilə Xəzər rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etdim. Sədrlik edən hakim Əkrəm Qəhrəmanov iddiamı təmin etdi və bizim iki uşaqdan ibarət ailəmi 300 kv.m torpaq sahəsində yerləşən 3 otaqdan ibarət bir mərtəbəli yaşayış evinə köçürülməyimiz barədə 02 iyun 2017-ci il tarixli qətnamə qəbul etdi. Qətnamə qanuni qüvvəyə minərək icraata yönəldildi. Elə əsl korrupsiya da burada başladı. Belə ki, qətnamə icra olunması üçün Xəzər rayon İcra Şöbəsinə göndərildi. Lakin icraçılar mənə təzyiq etdilər ki, qanunun tələbinə görə İlqardan qalan ev iki hissəyə bölünməlidir ki, bir hissəsində qaynanan Rəna Məmmədova və yoldaşı qalmalıdır , bir hissədəd də sən iki uşaqla birlikdə yaşamalısan. Mənə sonradan izah etdilər ki, məhkəmə icra məmuru öz qulluq mövqeyindən süi-istifadə etməklə öz maraqlarını təmin etməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnmaəsini öz bildiyi kimi qarşı tərəfin xeyrinə dəyişərək icratı sənədləşdirmişdir. Yəni konkret desək icra məmuru Rəna Məmmədovadan rüşvət alaraq onun da maraqlarını qanunsuz olaraq təmin etmişdir. Bu halda isə bizim iki azyaşlı uşaqla köçüb Rəna Məmmədova ilə birlikdə yaşamağımız qeyri-mümkündür. Bilirəm ki, yenə də qızlarıilə birləşib məni də uşaqları da döyəcəklər.
Belə vəziyyətdə qərara almışam ki, icra məmurunun qanunazidd hərəkətlərindən şikayət verim. Məhkəmə qətnaməsi ədalətli qaydada icra olunsun, mən də rahat evimdə yaşayım, yetimlərin qayğısına qalım.
Odur ki, çoxhörmətli Prezidentdən mən  başsız və köməksiz vəziyyətdə qalmış ikiazyaşlı övladlarımın qorxusuz, təzyiqsiz ata evlərində yaşamaları üçün Xəzəzr rayon İcra Şöbəsinin rüşvətxor icra məmurunun öz bildiyi kimi təyin etdiyi bölgü qaydasının ləğv edilməsini, məhkəmə qətnaməsinin tələbi əsasında icra olunması barədə yenidən icraata verilməsinə göstəriş verilməsini, mənim övladalarıma təyin edilmiş dövlət təzminatı olan aylıq 183 manatlıq  kartı oğurlayaraq 14 ayın  pulunu mənimsəmiş Rəna Məmmədovadan yetimlərin pulunun (cəmi 2562 manat ) alınıb geri bizə qaytarılmasının təmin edilməsini, ailəmin təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsini və sonda rüşvətxor icra məmurunun qanunazidd əməlinə görə cəzalandırılmasını Sizdən xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.