“QARŞINIZDAKI SİZİN DƏDƏNİZİN TÜRKİYƏSİ DEYİL...” - ABŞ mediasından Baydenə Ərdoğanla görüş öncəsi xəbərdarlıq

Baxış sayı:
524

Xəbər verildiyi kimi, iyunun 14-də Brüsseldə ABŞ Prezidenti Cozef Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq. Bu, iki liderin Cozef Bayden prezident seçildikdən sonra ilk görüşüdür.

Məşhur “The Wall Street Journal” həmin görüşün əhəmiyyətindən və Türkiyənin dünyadakı və regiondakı rolunun vacibliyindən bəhs edən “Qarşınızdakı sizin dədənizin Türkiyəsi deyil” başlıqlı məqalə dərc edib.

“The Wall Street Journal” Baydenin Ərdoğanla ikitərəfli görüş öncəsi Türkiyə ilə münasibətdə yeni bir düşüncə tərzi ortaya qoymalı olduğunu vurğulayıb. 

Buna səbəb kimi Türkiyənin istər regionda, istərsə də beynalxalq miqyasda artan nüfuzu göstərilir. Həmçinin, qeyd olunur ki, Türkiyə Rusiya kimi “qədim düşmən”dən artıq daha az təzyiq hiss edir, buna görə də Amerika ilə yaxınlaşmaya daha az ehtiyac duyur.

Ankara ilə müttəfiqliyi şərtləndirən yeganə amilin Rusiya olmadığını bildirən nəşr, bununla bağlı bir çox digər səbəbləri də qeyd edib: “İran iqtisadi sanksiyalar altındadır. Ərəb dünyası enişdədir. Liviya, İraq və Suriya getdikcə zəifləyir. Misir artıq ciddi regional güc kimi görünmür. Buraya ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunu getdikcə azaltdığını da əlavə etsək, Türkiyənin istər regionda, istərsə də qlobal səviyyədə necə cazibədar ölkə olduğunu görə bilərik.”

Yazıda münasibətlərdəki müəyyən soyuqluqlara baxmayaraq, Amerika ilə Türkiyənin ortaq maraqlarının mövcudluğu vurğulanıb: “Hər iki ölkə Liviya, Suriya və İraqda sülh və asayişin qorunmasını istəyir. Hər ikisi də İranın təsirinin cilovlanmasında maraqlıdır. Hər ikisi Yaxın Şərqdə, Qara dənizdə və Qafqazda Rusiyanın gücünü məhdudlaşdırmağa çalışır. Həm Ankara, həm də Vaşinqton Rusiya və Çinin Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi ölkələri öz imperiya sistemlərinə qatmaq cəhdlərinə müqavimət göstərir. Ağ Ev Türkiyə haqqında Vyetnam və Hindistan kimi tərəfdaşları haqqında düşündüyü kimi düşünməyə başlasa, siyasətçilər həm Ankaranın həqiqi geopolitik dəyərini qiymətləndirə, həm də ortaya çıxacaq gərginliyi daha ustalıqla idarə edə biləcəklər.

Cənab Baydenin cənab Ərdoğanla görüşdə işi köhnə ABŞ-Türkiyə ittifaqını xilas etmək deyil, yenisinin təməlini qoymaq olmaqlıdır”./azpolitika