​Putinin orden verdiyi azərbaycanlı iş adamı kimdir?

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bu günlərdə azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsinin sədri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovu “Dostluq” ordeni ilə təltif edib.
Rusiya prezidentinin sərəncamında ali dövlət mükafatının Ə.Rəhimova “əmək fəaliyyətindəki uğurlarına və çoxillik vicdanlı fəaliyyətinə görə” verildiyi qeyd olunub.
Bəs Putinin orden verdiyi azərbaycanlı iş adamı kimdir?
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Ə.Rəhimov əslən Saatlı rayonundandır.
Ə.Rəhimov Moskva vilayətində fəaliyyət göstərən “Günay” istehsalat-kommersiya şirkətinin direktoru vəzifəsində çalışır. 1959-cu ildə Saatlı rayonunda anadan olan Əlizaman Rəhimov 90-cı illərdə Rusiyaya köçərək Moskvada yaşayıb, bizneslə məşğul olub. Onun Rusiyada yaşayan azərbaycanlı miyarder Araz Ağalarovla birgə layihələri var. Ə.Rəhimov Saatlı rayonunda da hələ istifadə olunmayan ev və obyekt sahibidir. O, rayonda xeyriyyə tədbirlərinə də qatılır.