Putinə vurulan TÜRK “tokad”ı

Rus uçağının düşürülməsi bölgəyə nə vəd edir?
Rusiyanın xarizması cızıldı
Rusiya bombardmançısının vurulması nəinki regionun, həttə bütün dünyanın şəklini dəyişə biləcək qədər ciddi hadisədir. Çünki ortada dağıdıcı və başıpozuq bir dünya gücü var və bu güc müvəqqəti də olsa, artan nüfuzundan eyforiya vəziyyətində ola bilir. Məhz bu yalançı beynəlxalq rəyin verdiyi “qaz” regionda böyük bir savaşa yol aça bilər. Açmasa belə,Türkiyənin Rusiya bombardmançı təyyarəsini vurması regionda yeni geosiyasi vəziyyət yarada bilər. Ən azından region ölkələrinin hansı qütbdə yer alması və güclərin bu prosesə təsiri baxımından.
Son hadisənin Türkiyəni bu siyahıda önə çıxarması ilə bərabər, həm də hədəf halına gətirdiyi də artıq bir reallıqdır. Məhz bu baxımdan hadisədən sonra Putinin açıqlamasında ABŞ-la bu cür insidentlərin yaşanmaması üçün razılığa gəldiklərinə rəğmən, Türkiyənin müstəqil surətdə addım atması türkləri bu böyük prosesdə oyundan kənar vəziyyətdə görmək istəyənləri bir daha şaşırtmamış deyil. Bəlli oldu ki, Türkiyə artıq xarici güclər tərəfindən idarə olunan dövlət durumundan çoxdan çıxıb və bundan sonra türkləri gözardı etmək sadəcə mümkün olmayacaq. Çünki artıq Türkiyə bütün resursları ilə vazkeçilməz ölkə halına gəlib. Və bu gün bütün Avrasiyanın Türkiyəyə hansısa mənada ehtiyacı var...
Hətta Rusiya uçaqla bağlı təpkilərini ortaya qoyarkən belə, hələ də gəmilərini Türkiyə boğazlarından keçirərək Aralıq və Ağ dəniz limanlarına daşıya bilir. Ya bir də Türkiyə boğazları Rusiya gəmilərinin üzünə bağlasa, ruslar Suriyadakı bazalarına hərbi təhcizatı nə ilə daşıyacaq? Türkiyə ordusu rus qırıcısını vurmaqla sübut etdi ki, ən çətin anlarda boğazı bağlamaq da daxil ən kritik qərarlar qəbul edə bilər.
Rus uçağının düşürülməsi yeni mənəvi-psixoloji vəziyyət yaratdı
Rus təyyarəsinin düşürülməsinin arxasından Rusiyaya məxsus helikopterin də vurulması Suriya cəbhəsində yeni bir mənəvi-psixoloji vəziyyət yaratdı. “Məğlubedilməz rus ordusu”nun mifi dağıldı, beynəlxalq ictimai rəydəki sabun köpüyünə bənzər imici yerlə bir edildi, xarizmasının üstündən xətt çəkildi. Bu, həm də Putinə vurulan bir türk “tokad”ı idi. Artıq bundan sonra Suriyada döyüşən müxalif əsgərin hər gün bir qırıcı təyyarə, yaxud helikopter vurması adi hala çevrilsə, qətiyyən təəccüblənməyin. Çünki buz çatladı və istiqamət götürdü, bundan sonra bu prosesi 10 Rusiya ola dayandıra bilməz. Məhz bu baxımdan Türkiyənin rus qırıcısını düşürməsi hadisəsi Suriyada Əsəd rejiminə qarşı ayaqlanmalar başalayandan və İŞİD əleyhində gedən proseslərdə ABŞ koalisiyasının birgə görə bilmədiyi işi Türkiyə tək bir atışı ilə etdi. Artıq bundan sonra hər şeyin əskisi kimi olmayacağını demək olar.
Qarşıdurma güclənə bilər
Ancaq bu, o demək deyil ki, bundan sonra hər şey yaxşı olacaq və savaş bitəcək. Əksinə, bu olaydan sonra savaş, miqyasına görə, daha da böyüyə və NATO kimi dünya güc mərkəzinin müdaxiləsinə səbəb ola bilər. Amma bir şey bəllidir ki, artıq bundan sonra Rusiya dünyanın ağadayısı obrazında meydan sulaya bilməyəcək və münaqişələrin düyünü açılmağa doğru yön alacaq, terrora qarşı mübarizə real bir şəkil alacaq.
Doğrudur, bir müddət Rusiya və ABŞ koalisiyasında olan güclər qarşılıqlı olaraq əzələ nümayiş etdirəcəklər və qarşıdurma güclənəcək. Bunun örnəyi artıq var və Rusiyanın S-400 raketini Suriya sahillərində yerləşdirmə qərarı alması da bunu təsdiqləyir. Bu proses qarşılıqlı və davamlı olacaq, o vaxtadək ki, bunun heç bir işə yaramadığı bəlli olsun.
Rusiyanın belə bir qərar alması müəyyən şübhələrə də yol açmamış deyil. İlk ağla gələn şübhələrdən biri budur ki, rus təyarəsinə bilərəkdən yanlış bir uçuş trayektoriyası, istiqamət verilə bilər. Bu, həm Türkiyənin bir daha nəbzini yoxlamaq, həm də təxribata çəkməklə, nəticədə regiona S-400 raketlərini yerləşdirməyə zəmin yaratmaq üçün edilə bilər.
Əslində heç də fəna fikir deyil. O mənada ki, Rusiya başqa cür ən müasir havadan müdafiə sistemlərini Suriyaya gətirməkdə çətinlik çəkirdi. Çünki bunun üçün ciddi səbəblər ortada yox idi. Belə ki, nə İŞİD-də, nə də Əsəd rejiminə müxalif güclərdə rus qırıcı və bombardmançılarını vuracaq raketlər yoxdur. Ona görə də Rusiyanın birdən-birə bu addımı atması Rusiyanın terrorla mübarizədən çox başqa geosiyasi niyyətlərini aşkara çıxara bilərdi.
Rusiya təyyarəsinin vurulması yeni təhlükələrə yol açdı
Rusiya Ukraynanın Krım əyalətini işğal edəndən bəri ilk dəfədir ki, real təhlükə ilə qarşı-qarşıyadır və NATO ilə yumruqları toqquşdurmaq qədər təhlükəyə yaxındır. Bu isə Xəzərdən qanadlı raketlərlə əvvəlcə İran ərazisini, sonra da Suriyadakı dağları, daşları və mülki yaşayış məntəqələrini vurmağa bənzəməz. Bu, dünyada alternativi olmayan Avroatlantik məkanın tək hərbi gücüdür. Onunla qarşı durmaq Rusiyanın boyuna və qüdrətinə görə deyil. Ona görə də Rusiyanın Türkiyəyə, onun timsalında NATO-ya savaş açacağını düşünmək çətindir.
Artıq bu yöndə Türkiyənin müttəfiqləri ABŞ və NATO tərəfdən dəstəkləndiyi ortadadır. ABŞ prezidenti Obama Türkiyənin haqlı olduğunu bəyan edib və yaxın günlərdə Ərdoğanla görüşəcəyini deməklə bir daha Türkiyənin önəmini göstərib. Eyni zamanda Rusiyaya Əsəd rejiminə müxalif olan güclərə qarşı deyil, İŞİD-ə qarşı mübarizəyə fokuslanmağı məsləhət bilib və birgə əməkdaşlığın yeganə formulasının bundan keçdiyini nəzərə çatdırmağı vacib bilib.
NATO baş katibi Stoltenberq də Türkiyənin haqlı olduğunu vurğulamaqla bərabər, “Müttəfiq ölkələrdən aldığımız məlumatlar Türkiyənin daha haqlı olduğunu göstərir. Rusiyanın hücumlarına diqqət yetirsək, həmin bölgələrdə İŞİD-in olmadığını görərik” - deyə hadisəyə münasibətini də ortaya qoyub. Bununla da konkret olayda Rusiyanın günahkar olduğunu diqqətə çatdırmaqla yanaşı, həm də müttəfiqi Türkiyəyə dəstək olduqlarını nümayiş etdirib. Çünki Türkiyənin sərhədi həm də NATO-nun sərhədi sayılır.
Rusiya Türkiyədən qisasını almağa çalışacaq
Ancaq Türkiyədən qisas almaq üçün terror xarakterli partlayışların olacağını istisna etmək olmaz. Bu, Rusiya üçün çətinlik törətmir. Çünki Rusiya bütün dönəmlərdə PKK terror təşkilatıyla iç-içə olub. Onlara həm ideoloji, həm məkan, həm silah, həm də maliyyə cəhətdən dəstək verib.
Rusiya bu gün İŞİD-lə mübarizə apardığını bəyan etsə də, o qurumla müəyyən mənada bağlı olduğu heç kimə sirr deyil. O mənada ki, İŞİD rəhbərliyində təmsil olunan əsas hərbçilər Səddam Hüseyn ordusunun zabitləridir ki, onların da bilavasitə Rusiya ilə bağlılığı və əlaqələri mövcuddur. İŞİD-in rəhbərliyində bir də çeçen komandirlər təmsil olunur ki, onların da əksəriyyəti Rusiya xüsusi xidmət orqanlarıyla əlaqəli adamlardır. Ona görə də Türkiyəyə birbaşa olmasa da, vəkalətən bir savaş açıla və növbəti terror hadisələri baş verə bilər. Bu cür təhdidləri Rusiya rəhbərliyinin söylədikləri sətir aralarında da sezmək o qədər çətin deyil.
Buna paralel olaraq Rusiya bundan sonra Suriyanın şimalında olan PYD kürd güclərinə də dəstək verə bilər. O güclər ki, birbaşa Türkiyəyə düşmənçilik edirlər və PKK-nın Suriyadakı uzantısı sayılırlar. Və bu güclərə ABŞ da dəstək verir. Ona görə də irəlidə Türkiyənin bu yöndə siyasətində bunları nəzərə almaq zərurəti yaranacağını demək olar.
Ancaq bir şey aydındır ki, Rusiyanın Türkiyədə vəkalətən törədə biləcəyi təxribatlar miqyasından asılı olmayaraq Rusiyaya böyüklük gətirməyəcək. Və son günlər Rusiyanın Yaxın Şərq ölkələrini yanına çəkmək siyasəti və bu yöndə intensiv yürüdülən diplomatiyası boşuna əmək sərfindən başqa bir şey olmayacaq.
Rusiya cəlbediciliyini itirəcək
Artıq İraq öz hava məkanını Rusiyanın üzünə bağladığını bəyan edib. İordaniya və Misir kimi ölkələr də Suriya və İraqda hərbi-siyasi vəziyyət və qüvvələr nisbəti dəyişdikcə İraqdan fərqli davranmaya bilirlər. Bununla da Rusiyanın regionda cəlbediciliyini itirməsi qaçılmaz olacaq.
Çünki artıq Rusiyanın qarşısında duracaq güc və güclər peyda olmağa başladı. Dünənə qədər Rusiya meydanı boş görmüşdü deyə öz dağıdıcı gücüylə gözlənilməz addımlar atır və dünyanı yaratdığı prosesin arxasınca sürünməyə vadar edirdi. Ona görə ki, heç bir güc mərkəzi, istər Avropa Birliyi, istərsə də ABŞ Rusiyanı qarşısına almaq istəmirdi. Çünki bunun sonuclarını kəsdirə bilmirdi. Bu isə bir rus ordusu xofu yaradırdı. Və bundan sonra hər şey, Rusiyanın xarizması da daxil təyyarənin vurulması ilə bağlı alacağı qərardan asılı olacaq. Qərarın isə böyük savaşdan yana olacağını təsəvvür belə etmək çətindir. Bunun tək və yeganə səbəbi var. Rusiya dağıdıcı gücüylə caydırıcı olduğu sürəcə güclüydü. Artıq bu mif yox oldu, Rusiya caydırıcı güc olma illüziyasını itirdi. O qədər ki, hətta nəhəng rus təbliğat maşınına belə bu imici ayağa qaldırmaq üçün yaxın 10 il bəs etməyəcək.
ABŞ Rusiya-Türkiyə qarşıdurmasında maraqlıdır
Bu arada ABŞ-ın bu hadisənin içində olmaması ilə bağlı tələm-tələsik açıqlama verməsi də diqqətlərdən qaçmadı. Hətta bir Pentaqon rəsmisi “olay Türkiyə ilə Rusiya arasındadır və bu bizi ilgiləndirməz” deyə irəliyə gedən açıqlama da verdi. Ola bilsin ki, ABŞ bu hadisənin içində olmasın. Amma bu hadisənin Rusiyanın qalxan nüfuzunun fonunda ABŞ-ın işinə, maraqlarına yaramayacağını demək olmaz. Çünki məhz Rusiyanın qətiyyətli addımları müqabilində ABŞ-ın dünya lideri xarizması ayaqlar altında sürünürdü və bu da mərkəzdənqaçmanı tətikləyirdi. Ona görə də ABŞ-ın bu məsələdə və Rusiya prezidenti Putinin Obama ilə insidentlərin olmaması ilə bağlı anlaşmasında səmimi və narahat olduğunu demək olmaz.
Eyni zamanda Türkiyə-Rusiya yaxınlaşmasının da ABŞ-ı ciddi narahat etmədiyini demək olmaz. Əksinə, ABŞ birbaşa bu münasibətlərin korlanmasında maraqlıdır və bu prosesi stimullaşdırdığını da düşünə bilərik.
Eyni zamanda ABŞ-ın Türkiyəni Suriya və İŞİD prosesində dominant güc statusunda görmək istəmədiyi də bəllidir. Türkiyənin Suriyanın şimalında Cerablus-Azez xəttində təhlükəsiz və uçuşa qapalı bir zonanın yaradılması təklifinin reallaşmasına imkan verməyən məhz ABŞ-dır. Doğrudur, bunu Rusiya və İran da istəmir. Ancaq ABŞ bu xəttə daha çox PYD kürd güclərinin nəzarət etməsini istəyir. Çünki kürdlərin şimalda yaratdığı 4 kanton bölgənin dənizə çıxış yolu məhz bu xəttən keçir. Kürdlərin dənizə koridor açması isə ABŞ-ın starateji planlarına daxildir və bunun reallaşması üçün daha münbit bir mühitin yaranmasını gözləyir.
Gerçək budur ki, ABŞ və Rusiya Türkiyəni prosesdə tərəf kimi deyil, daha çox savaş məkanı olaraq görmək istəyirlər. Ancaq bu istəklərə rəğmən Türkiyə şaşırdıcı bir güc olaraq bütün güclərin ehtiyacı olduğu cazibə qüvvəsinə çevrilməyə davam edir.
Bu gün Avropa miqrantlar qarşısında aciz durumdaykən Türkiyəyə möhtac olduğunu etiraf edir. ABŞ Yaxın Şərqdə gedən proseslər və İŞİD-lə mübarizədə Türkiyəsiz keçinə bilməyəcəyini anladığı üçün kürd dövlətinin yaranması kimi geostrateji planlarını bir müddət də təxirə salmaq məcburiyyətində qalıb. Rusiya da Avropa bazarı üçün Türkiyənin vazkeçilməz bir ölkə olduğunu bilir və ona görə də onunla daha mötədil davranmağa çalışır. Və bu siyahı ucu açıq bir siyahıdır və bura istənilən əhəmiyyətli ölkənin adını yazmaq olar.
Rusiya Türkiyəni şantaj edə bilər
Bu arada Rusiya prezidenti Putinin hadisədən dərhal sonra dediyi bir fikri də gözardı etmək olmaz. Putin hadisədən dolayı Türkiyə ilə münasibətlərə ciddi xələl gələcəyini deməklə bərabər, Türkiyəni İŞİD-dən ucuz neft almaqda ittiham etməyi də unutmadı. Bu fikir elə-belə ortalığa atılmayıb. Daha çox təhdidedici xarakterli olmaqla yanaşı, özündə müəyyən hüquqi məsuliyyət də daşıyır. Görünür, bununla bağlı konkret sübutlar da Rusiyanın əlində var və istənilən zaman bunu Beynəlxalq Arbitraj Məhkəməsində Türkiyə əleyhində istifadə edə bilər. Və bu fikrin söylənməsi də göstərir ki, Rusiya Türkiyəyə hərbi savaş açmaq deyil, daha çox bu tipli şantajlarla Ankaranı yerində oturtmaq istəyəcək.
Türkiyənin dünyanın hər yerində öz soydaşlarını qorumaq haqqı var
Bu arada Rusiyada ictimai fikir birmənalı Türkiyə əleyhində deyil, fərqli fikirlər də mövcuddur. Rusiyanın ən tanınmış jurnalistlərindən Maksim Şevçenko bu barədə görün nə deyir: “Necə ki, Rusiyanın xaricdə yaşayan rusları müdafiə etmək hüququ var, eləcə də Türkiyənin xaricdəki türkləri qoruma haqqı var! Türkmənlərin yaşadığı bölgədə IŞİD yoxdur, bizim təyyarələrin orda nə işi vardı?”.
Əslində, Şevçenkonun vurğuladığı fikir çox əhəmiyyətli bir məqamdır. Artıq bundan sonra tədricən təyyarənin vurulmasının zəruri və hüquqiliyini sübut etməkdən çox türklərin hüquqlarının və təhlükəsizliyinin qorunmasına fokuslanmaq lazımdır. Çünki bu, Rusiyanın indiyədək oynadığı tək “ideoloji məkandır” və Türkiyənin də rusları “öz silahları” ilə vurması gərəkir. Yəni dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir rus Rusiya üçün nə qədər önəmlidirsə, hər bir türk də Türkiyə üçün dəyərlidir. Və türkləri qorumaq da Türkiyəyə düşər. Məhz bu fikri beynəlxalq ictimai fikirdə legitimləşdirmək lazımdır ki, Türkiyənin Suriyada türkmən soydaşlarını qorumaq və təhlükəsiz bölgə yaratmaq imkanları açılsın.
Buna paralel olaraq Rusiyanın Suriyanın iç savaşında nə işinin olduğunu da sorğulamaq və beynəlxalq ictimai rəyə təqdim etmək lazımdır. Suriyada bütün savaşan tərəflər müsəlmanlardır və bu məsələ Suriyanın daxili işidir. Rusiya Əsəd rejiminin dəvətinə rəğmən çağırılmamış və arzuolunmaz bir qonaqdır regionda. Və heç bir legitim status daşımır Suriyada. Çünki Əsəd özü legitim deyil, sadəcə münaqişə tərəflərindən biridir. Əgər Əsəd 10 faizlik ələvilərlə legitimsə, onda böyük əksəriyyəti öz çətiri altında saxlayan müxalif güclər və 2 milyondan çox suriyalıya qucaq açan və barındıran Türkiyə də legitimdir. Ona görə də Türkiyə bundan sonra geri çəkilmək deyil, daha dinamik bir siyasət yürütmək məcburiyyətindədir. Çünki rus təyyarəsinin vurulması Türkiyənin gələcək qədərini müəyyənləşdirəcək hadisədir və hər şey onun seçiminə bağlıdır. Yəni Türkiyə seçimiylə öndə də ola bilər, yedək də...
Natiq Miri, "Hürriyyət"