PKK-nın 3.5 milyardlıq narkotiki məhv edildi - TERROR TƏŞKİLATI 350 TON HEROİN ƏLDƏ EDƏ BİLƏRDİ...

Baxış sayı:
998

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin cənub-şərqindəki Bingöl əyalətində 15 milyon 217 min ədəd narkotik bitki-kannabis ələ keçirib və məhv edib. Bu haqda Türkiyə KİV-ləri yazır. Həmin miqdarda kannabis təxminən 350 ton heroin əldə etməyə imkan verir. Bu qədər heroinin bazar dəyəri isə 3.5 milyard TL (təxminən yarım milyard dollar) qiymətləndirilir. Bildirilir ki, narkotik bitki PKK terrorçuları tərəfindən əkilib becərilib. Narkotik maddələrin ticarəti PKK-nın əsas maliyyə qaynağı hesab edilir.

Nazirliyin yaydığı məlumatda deyilir ki, Jandarma Baş Komandanlığı PKK-nın silahlı ünsürlərini zərərsizləşdirməklə yanaşı onun ən böyük gəlir mənbələrindən olan narkotik ticarətini də əngəlləmək üçün əməliyyatlara davam edir. Sonuncu əməliyyatı Bingöl vilayət Jandarma Komandanlığı həyata keçirib, jandarma əməkdaşları vilayətin Genç rayonunun Yolaçtı kəndinin ətrafında PKK-nın kannabis tarlalarını aşkarlayıb. Əməliyyatda 230 personal iştirak edib.

Əməliyyatın gedişində habelə toz şəklində olan 290 kiloqram heroin, narkotik tarlalarını suvarmaq üçün 70 min metrə uzunluğunda borulardan ibarət damcı suvarma  sistemi, 4 min metr ümumi suvarma borusu da aşkar edilib. 1 nəfər saxlanılıb, 13 nəfər isə axtarılır.