PAŞİNYAN BRÜSSELDƏN QAYIDAN KİMİ ARUTYUNYANI NİYƏ YANINA ÇAĞIRDI? – Qondarma qurumun “istintaq komitəsi” I Qarabağ Savaşında itkin düşən 6 min hərbçimiz haqda hesabat hazırlayır?

Baxış sayı:
453

Brüssel görüşünün yeni qərarlar qəbul edilməsi baxımından elə də zəngin olmayacağı deyilsə də, əslində, tamamilə fərqli nəticə ortaya çıxdı. Ən əsası isə, bu görüş Azərbaycanın haqlı mövqeyinin bir daha beynəlxalq arenaya çatdırılması baxımından faydalı oldu.

Qafqaz.media-nın xəbər verdiyi kimi, Brüsseldə keçirilən üçtərəfli görüşdən qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinə qədəm basan kimi, “ayağının tozu ilə" separatçıların lideri Araik Arutunyanı hüzuruna çağırdı. Bu görüş haqda heç bir rəsmi açıqlama verilməsə də, müzakirə mövzusu bəlli idi. Belə ki, Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə əldə olunan yeni anlaşma (erməni mediasi gizli anlaşma olduğunu iddia edir – red.) haqda A.Arutyanı bilgiləndirib və lazımı tədbirlər görülməsi üçün göstərişlər verib.

Şübhəsiz, Brüssel görüşünün ardınca Arutunyanın Paşinyanla söhbətə çağırılması "Artsax romantizminə dalmış" ermənilərin ayılması baxımından faydalı oldu. Hər halda, erməni mediasında Brüssel görüşünün erməni tərəfi üçün tam uğursuz olduğu bildirilir, çünki görüşün sonunda Avropa Birliyinin səsləndirilən bəyanatında keçmiş “Dağlıq Qarabağ” qurumu haqda bir kəlimə belə yoxdur. Artıq ermənilərin özünə də bəlli oldu ki, çox ümid etdikləri AB üçün də "Artsax" terminindən tutmuş "Artsax" münaqişəsi, "Artsax"ın işğaldan azad edilməsi və ya ən azından status məsələsi bitdi. Böyük ehtimalla "Artsax macərası"nın bitdiyi, ona nöqtə qoyulması məhz Şarl Mişel olmadan keçirilən Paşinyan-Əliyev görüşməsində təsdiqləndi. Ölkəyə qayıdan kimi də Paşinyan başında formal olaraq Arutunyanın durduğu Xankəndində lövbər salmış qruplaşmaya dair vəziyyətin onlar üçün yaxşılığa doğru yox, pisə doğru dəyişəcəyini anlatmaq üçün onu təcili çağırdı.

Eyni zamanda, dekabrın 17-də Arayik Arutyunyanın Ermənistanın İstintaq Komitəsinin sədri Argişti Kyaramyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi haqda da məlumat verilir. Söhbətin mövzusu kimi "qondarma qurumun"un İstintaq Komitəsinin sədri İqor Qriqoryanın iştirak etdiyi görüşdə əməkdaşlığın müxtəlif sahələrinin inkişafı və genişləndirilməsi, Ermənistanla müvafiq strukturları arasında təcrübə mübadiləsi, o cümlədən kadrların hazırlanması və ixtisasının artırılması məsələlərinin müzakirə edilməsi təqdim olunsa da, çox güman ki, bu görüşün də səbəbi Azərbaycanın 30 il əvvəlki Qarabağ müharibəsi nəticəsində itkin düşənlərin (6 min nəfərdən çox – red.) və əsirlərin sonrakı taleyi ilə bağlı məlumatların təqdim edilməsidir.

Daha bir məqam. Artıq Xankəndi və ətrafındakı ərazilərdə işlədilən mobil rabitənin Ermənistan xəttindən qoparılması baş verir ki, bunu da bölgədə mobil rabitənin ancaq Azərbaycanın icazə verdiyi tərzdə tənzimlənməyə başlanacağının siqnalı kimi qəbul etmək olar. Belə də olmalıdır.