​PARLAMENTİN BURAXILMASINA DİRƏNİŞ, YOXSA...? - "Hazırda MM buraxıla bilməz"

Baxış sayı:
8425

Muxalifet.az hakim Yeni Azərbaycan Partiyasının dünən Milli Məclisdə təmsil olunan deputatlarını geri çağırması və parlamentin buraxılması ilə bağlı Prezidentə müraciəti ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin axar.az-a müsahibəsini təqdim edir: - Fərhad müəllim, parlamentin buraxılması dünəndən müzakirə olunur. Parlament hansı hallarda buraxıla bilər və bu, qanunvericilikdə necə nəzərdə tutulub? - Parlamenti ancaq Prezident buraxa bilər. Bizim Konstitusiyada parlamentin öz-özünü buraxması nəzərdə tutulmayıb. Onu da deyim ki, hazırda parlamentin buraxılması üçün heç bir konstitusion əsas yoxdur. 2016-cı ilin referendumunda Konstitusiyaya 98-1 maddəsi əlavə olunub. Orada da göstərilib ki, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, göndərilən qanun qəbul edilmədikdə, müzakirəyə çıxarılmadıqda və sair səbəblərdən Prezident Milli Məclisi buraxa bilər. Ancaq indiki halda Milli Məclisin buraxılması üçün bu əsaslar yoxdur. Belə ki, bütün qanun layihələri təsdiq olunur, vaxtlı-vaxtında imzalanması üçün göndərilir, Baş nazirə etimadsızlıq olmayıb, MB-nin İdarə Heyətinin bütün üzvləri təsdiq olunub. - Ancaq hakim partiya YAP deputatlarını geri çəkir və bu, fərqli situasiya yaradır… - Doğrudur, YAP-ın öz deputatlarını geri çəkməsi ilə Milli Məclisin işi iflic olur və yetərsay alınmır, demək, qanunların qəbulu da mümkünsüzləşir ki, bu da Konstitusiyanın 94 və 95-ci maddələrinin pozuntusu olduğundan, Prezidentə Milli Məclisi buraxmaq üçün qanuni əsas verir. - Bəs parlament buraxılacağı təqdirdə növbədənkənar seçkilərə qədər Milli Məclissiz prosesin davam etməsi mümkündürmü? - Bəli, parlament buraxılacağı təqdirdə keçiriləcək növbədənkənar seçkilərə qədər ölkə Milli Məclissiz qalacaq. Prezident sərəncam verib parlamenti buraxsa, neçə aydan sonra parlament seçkiləri olacaq, bununla bağlı heç yerdə heç nə yazılmayıb. Ancaq Seçki Məcəlləsinin 145-ci maddəsində yazılıb ki, 109-cu maddənin 1-ci bəndinə uyğun olaraq yeni çağırış parlament seçkiləri gününü Prezident təyin edir. Yəni ancaq Prezident müəyyən edəcək ki, parlament seçkiləri nə vaxt keçirilsin. - Milli Məslisin olmaması hər hansı narahatlıq yarada bilərmi? - Mövcud olan prosedura görə, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edilənə qədər ölkə parlamentsiz qalır. Ancaq burada elə də faciəli bir şey yoxdur. Ölkə 5-6 ay da parlamentsiz qala bilər. Çünki lazım olan əksər qərarlar qəbul edilib, müzakirəyə çıxarılıb. Yəni ola bilər ki, 1 il müddətinə də növbədənkənar parlament seçkisi keçirilməsin. Ölkə bundan heç nə itirmir. - YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Milli Məclisin hazırkı tərkibi yeni parlament seçkilərinədək fəaliyyət göstərəcək. Prezident parlamenti buraxacağı təqdirdə bu mümkündürmü? - Siyavuş Novruzovun məntiqi qanunazidd deyil, əslində, hüquqi baxımdan parlament buraxılsa belə, yeni parlamentə qədər köhnə parlamentin fəaliyyəti mümkündür. Ancaq bizim Konstitusiyamızda bu öz əksini tapmayıb. Hesab edirəm ki, burda boşluq var. Bu, elə bir məsələdir ki, mütləq şəkildə Konstitusiyada əksini tapmalı idi. - Bəs parlament buraxılacağı təqdirdə növbəti seçkiyə qədər fəaliyyətini davam etdirən Milli Məslisin üzvlərinin toxunulmazlığı, əmək haqqı məsələsi necə olur? - Əgər Milli Məclisin buraxılması ilə bağlı Prezident sərəncam versə və parlamentin köhnə tərkibinin yeni seçkilərə qədər fəaliyyət göstərməsini istəsə, onda deputatların toxunulmazlığı da davam edəcək. Çünki deputat qanunvericilik daxilində öz fəaliyyətini davam etdirir. Əmək haqları məsələsi də bizim Konstitusiyada qeyd edilməyib. Ancaq parlament işini davam etdirəcəksə, yəqin ki, əmək haqlarını da alacaqlar. - Bir məsələni də aydınlaşdırmağınız lazımdır. Milli Məclisin buraxılma proseduru necə həyata keçəcək? - YAP deputatları Prezidentə müraciət edə bilər ki, bizi buraxın. Amma bu, parlamentin buraxılmasına əsas vermir. Daha doğrusu, Konstitusiyada belə bir şey yazılmayıb. Bunun yolu odur ki, YAP deputatları MM-in işində iştirak etmir, istefa verirlər, MM iclaslarını yetərsay olmadığı üçün keçirə və qanun qəbul edə bilmir və ona görə də Prezident parlamenti buraxır.