Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi dövlət başçısına müraciət edib

Baxış sayı:
2764

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı Qobustan Həbsxanasındakı ağır vəziyyətlə bağlı prezident İlham Əliyevə müraciət göndərib.
 
QAT Mətbuat Xidmətinin məlumatına görə, müraciətdə Qobustan həbsxanasında cəza çəkən məhbusların həyatının təhlükə altında olması, həbsxanasının rəisi Aftandil Ağayevin məhbus və onların yaxınlarına yaratdığı ciddi problemlər, dözülməz saxlanma şəraiti göstərilib.
“23 il ömürlük cəza çəkən məhbusun anasının verdiyi məlumata görə, Qobustan həbsxanasında 1998-ci ildən bu günə kimi təyin olunan heç bir rəis bu dərəcədə çəkinmədən rüşvətxorluğa, kobud qanun pozuntularına yol verməyib. Ömürlük cəza çəkən məhbusların saxlanma şəraiti bu dərəcədə dözülməz olmayıb. Həbsxana rəisi Aftandil Ağayev həbsxananı öz qəddar, qeyri-insani və öz qanunları ilə tənzimləyərək şəxsi mülkiyyətinə çevirib. Ağayevin rəis təyin olduğu müddətdə səbəbi olmadan qapalı həbsxanada məhz imkansız məhbuslara əl qandalı tətbiq edilməsi, qəbuluna gətirdiyi məhbusu 5 saata qədər, qolları ağrılı vəziyyətdə arxaya qandallayaraq, bəzən də qəbul otağının qarşısında olan dəmir boruya bərkidərək, yayda qızmar günəş altında, qışda şaxtada saxlamaqla məhbusa verdiyi iztirablara ad qoymaq mümkün deyil. Cüzi səbəbdən cəza tətbiq etdiyi məhbusu əvvəl kluba apararaq, şəxsən iştirakı ilə amansızlıqla döydürüb qollarını arxadan çarpayıya qandallayaraq, uzun müddət karsda saxlayaraq və daha çox şəxsi işgəncə vermə növlərinin tətbiqi məhbusun islah olunmaya yox, ölüm hökmü icrasına gətiriləcəyini hesab etmək olar. Son zamanlar ölən məhbusların sayına nəzər salsaq, ölüm hökmünün işgəncələrlə icra olunduğu anlamına gəlmək olar”, müraciətdə deyilir.
Müraciətdə həmçinin qeyd olunur ki, həbsxanada məhbusların dövlət başçısına, baş prokurora, ombudsmana, əlaqədar nazirlik və idarə rəhbərlərinə, məhkəmələrə, vəkil və rəsmi nümayəndəsinə müraciətinə senzura tətbiq edilir, hüquqlarını müdafiə edən məhbuslar cəzalandırılır.
Mürciətdə məhbuslara pul müqabiində yaxınları ilə görüş verilməsi, normadan artıq ərzağın pul alınaraq buraxılması, kameraların məhbusların vəsaiti hesabına təmir edilməsi, keyfiyyətsiz qida və çoxsaylı digər halların olması iddia edilir.
“Möhtərəm prezident, bu gün ən ağır şəraitdə ömürlük cəza çəkən məhbusların faciəli saxlanma şəraiti və hazırda həbsxana rəisi tərəfindən qəsdən məhbuslara yaradılmış qarşıdurma son həddə çatıb. Bu onların həyatına real təhlükədir. Həbsxananı növbəti dəfə gəlir mənbəyinə çevirən Ağayevin cinayət xarakterli hərəkətlərinə münasibət bildirməyinizi və araşdırılaraq, bu təhlükənin qarşısının alınmasına göstəriş verməyinizi xahiş edirik”, sənəddə qeyd edilir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə müraciətdə yazılnaların həqiqətə uyğun olmadığını bildiriblər.
“Müraciətdə yazılanlar həqiqətə uyğun deyil. Qobustan Həbsxanasında hər şey tam nəzarət altındadır. Hər hansı rüşvət faktı qeydə alınmayıb və belə faktın olması ilə bağlı hər hansı şikayət də daxil olmayıb. Qobusrtan həbsxanasında çox ağır məhbus kontingenti, saxlama rejimini dəfələrlə pozanlar, çox çətin islah olunan insanlar saxlanılır. Buna baxmayaraq məhbuslar qanunvericiliyə uyğun olaraq həbsxananın daxili qaydalarına uyğun saxlanılır. Hər hansı məhbusun işgəncəyə, qeyri-insani rəftara məruz qalmasından söhbət gedə bilməz. Təbii ki, həbsxananın daixli nizam-intizam qaydalarını pozan məhbuslar və işçilər qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılır. Yeməklər normaya uyğun verilir və hazırlandığı yerdə gigiyenik-sanitar qaydalara tam riayət olunur. Məhkumların saxlanma kameralarında sanitar-gigiyenik normalara riayət olunur”, ictimaiyyətlə əlqaələr şöbəsinin əməkdaşı Amerikanın Səsinə bildirib.